Modern.az

“Prezident Administrasiyasından da zəng edənlər oldu ki, filan mollanı attestasiyadan keçirin”

“Prezident Administrasiyasından da zəng edənlər oldu ki, filan mollanı attestasiyadan keçirin”

29 Noyabr 2010, 14:10

“Məni sovet dövründə döyüblər, işgəncələr veriblər, inancımdan dönməmişəm, indi gedim İslama xəyanət edim”-deyə attestasiyaya rəhbərlik edən QMİ nümayəndəsi rüşvət alması barədə deylənləri böhtan sayır


Cənub rayonlarında fəaliyyət göstərən mollaların cəmi 40 faizi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) apardığı  attestasiyadan keçə bilib. Bu barədə Modern.az-a QMİ-nin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə deyib. 

Onun sözlərinə görə, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar rayonlarında fəaliyyət göstərən mollaların 80 faizi attestasiyada iştirak edib. Lakin QMİ-nin imtahanlarına qorxaraq gəlməyənlər də olub.

 Attestasiyadan uğurla keçən mollalara 2011-ci ilin yanvar ayında xüsusi vəsiqələr veriləcək. Hazırda bu vəsiqələrin formaları hazırlanır. Mollaların hamısına eyni vəsiqə verilməyəcək. Axundlara ayrı, cənazə işlərinə baxanlara ayrı, Quran oxuyanlara isə başqa vəsiqə veriləcək.

Haçı Mirəziz bildirib ki, QMİ-nin attestasiyaları gələn ilin yanvarından etibarən digər rayonlarda da davam edəcək.  Yanvar ayında Bakı şəhərində, Bakıətrafı kəndlərdə, Quba, Xaçmaz, Şəki, Zaqatalada da bu proses aparılacaq. Daha sonra attestasiya Naxçıvanda keçriləcək.
“Attestasiya ölkənin bütün rayonlarında aparılacaq. İmtahandan keçə bilməyən ruhanilər barədə həmin rayonun icra başçısına məlumat veriləcək. İcra Hakimiyyətinə deyiləcək ki, bu şəxslər ruhani fəaliyyəti göstərə bilməzlər. İcra Hakimiyyəti həmin şəxsləri ruhanilik fəaliyyətindən kənarlaşdıracaq”-deyə o, vurğulayıb. 

M. Seyidzadə keçirilən attestasiya ilə bağlı bir sıra narazıların guya, proses zaman məsələnin rüşvətlə həll edilməsi ilə bağlı dedikləri məlumatların ona da çatdığını bildirib. Onun sözlərinə görə, belə artıq - əskik sözləri danışan adamlar attestasiya prosesindən keçə bilməyənlərdir.

“Dinə görə, rüşvət alan da, ruşvət verən də hər ikisi cəhənnəm əhlidi. O cür ifadələri işlədənlər İslamın, dinin  düşmənləridi.  Bütün imtahan prosesi komissya üzvlərinin iştirakl ilə kamera ilə çəkilib. Etiraz edənlərə biz elə yerindəcə çəkilmiş lenti təkrar göstərdik və nəyə görə imtahandan kəsildiyini deyirdik. İmtahandan keçənlər də pul verdiklərini deyə bilməzlər. Attestasiya prosesinə mən rəhbərlik etmişəm. Gərək pulu da mən alım. Əgər hər kimin kişiliyi çatırsa, gəlib mənim üzümə desin ki, pul verib”-deyə QMİ rəsmisi bildirib.

Onun sözlərinə görə, Masallı rayonundan olan bəzi mollalar attestasiya ilə bağlı belə yalan ifadələr işlədiblər. Hacı Mirəziz deyib ki, Masallının Öncəkələ kəndində 70 yaşından yuxarı bir kişi ölü götürür, kəbin kəsirmiş... Attestasiya imtahanında məlum olub ki, bu adamın dili heç hərflərə yatmır, ərəb dilində har hansı bir ifadəni tələffüz edə bilmir.

“Həmin adamın qohumları da, kəndin ağsaqqaları da mənə dedilər ki, bu kişi neçə ildi ölü götürür, indi ona qarşı belə münasibət ayıb olar. Komissiya üzvləri kənd ağsaqallarına bildirdi ki, bu şəxs bu işləri görə bilməz. Bu adam  ağsaqqaldı, seyiddi, hər kimdisə, bu dini işləri bacara bilmir, bu həmin vəzifədən xaric olunmalıdı”.

Hacının sözlərinə görə, komisiya üzvlərinin qəti mövqeyini görən kənd ağsaqalları bildiriblər ki, ona molla statusu verilməsə, kənddə problem yaranacaq. Belə ki, buna qədər ölüsünü götürmüş adamlar onu daşqalaq edə bilərlər.  Komissiya isə rəsmən bildirib ki, bu şəxs nə iş görübsə, özü bilər öz Allahı ilə.  
“Siz bu neçə vaxtı bilmirdiniz ki, öz ölünüzü kimə götüzdürürsünüz”-deyə komissiya üzvləri heç də xoş olmayan sualla kənd əhlinə müraciət ediblər.  

Ən maraqlısı attestasiyadan keçə bilməyən mollalar üçün müxtəlif yerlərdən edilən xahiş zəngləri olub.

Hacı Mirəziz bildirir ki, imtahandan keçə bilməyən adamlar üçün  çox yerlərdən onlara zəng vurdurublar.

“Hətta Prezident Administrasiyasından zəng edənlər oldu ki, filan adamı attestasiyadan keçirin. Mən həmin adama da qətiyyətlə dedim ki, mənə, Mirəziz Seyidzadəyə dunyanın bütün mal-dövlətini versələr də, İslamın ziddinə hərəkət eləmərəm. Məni sovet dövründə dini inancıma görə vurublar,döyüblər, işgəncələr veriblər. Mən öz həqiqi yolumdan əl çəkməmişəm. İnidi şükür Allaha, gözəl hökümətimiz yaranıb, indi gedim İslama xəyanət edim. Mənimlə işləyən adamın məndən gizli bir iş görməsi də mümkün olan bir şey deyil”-deyə QMİ-nin Atestasiya Komisisyasının rəhbəri deyib.

Hacı Mirəzizin sözlərinə görə, əgər kim attestasiyadan narazıdırsa, QMİ-yə müraciət edə bilər. Komissiya onu yenidən imtahan edəcək. 
“Bizdə əvvələr sürücülər, mühasiblər yaşa dolandan sonra mollalıq edirdilər. Keçirdiyimiz atestasiyada iştrak edənlərin dini bilik səviyyəsi hansı həddədirsə, onlara o səviyyədə vəsiqə veriləcək. Bizə lazım olan səviyyədə olmayan adamların üstündən xətt çəkdik”-deyən Hacı Mirəziz bildidb ki, imtahan prosesinin birinci mərhələsindən keçə bilməyən bir sıra şəxslərə hazırlaşmaq və yenidən imtahan vermələri üçün 3 ay, bəzilərinə hətta 6 ay vaxt verilib.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi