Modern.az

İlham Əliyev Davosda görüşlərə başlayıb

İlham Əliyev Davosda görüşlərə başlayıb

Təhsil

20 Yanvar 2016, 22:16

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas ilə görüşüb. Modern.az saytı xəbər verir ki,  Prezident İlham Əliyev Azərbaycan ilə “Lazard Avropa” şirkəti arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib.

Dövlətimizin başçısı bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.

“Cənub qaz dəhlizi” layihəsinin maliyyələşdirilməsi üzrə ölkəmizin maliyyə məsləhətçisi olan “Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas bildirib ki, Azərbaycan yüksək reytinqə malikdir.

O qeyd edib ki, Azərbaycanda aparılan islahatlar ölkənin imicinə yaxşı təsir edir və nəticədə əlavə maliyyə resurslarının cəlb olunması imkanlarını genişləndirir.  

Söhbət zamanı Azərbaycan ilə “Lazard Avropa” şirkətinin işgüzar münasibətləri müzakirə edilib, digər sahələrdə də potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan prezidenti İlham Əliyevin daha sonra Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb. Görüşdə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənilməsində Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub. Həmçinin Abşeron yarımadasının dayaz sulu hissəsində geoloji kəşfiyyat işlərinin aparılması sahəsində işlərin uğurla davam etdirildiyi vurğulanıb.

Azərbaycan prezidenti bu gün Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə də görüşüb. Görüşdə qeyd olunub ki,  “LUKOIL” şirkəti iyirmi ildən artıqdır Azərbaycanda uğurla fəaliyyət göstərir və etibarlı tərəfdaşdır. “LUKOIL” şirkəti uğurla icra edilən “Şahdəniz” layihəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “LUKOIL” arasındakı əməkdaşlıq artıq yeni sahələri əhatə edir.

Söhbət zamanı Azərbaycan ilə “LUKOIL” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?