Modern.az

“Ölməyə mütləq Azərbaycana gələcəm, məzarımı belə, hazırlatmışam” - MÜSAHİBƏ

“Ölməyə mütləq Azərbaycana gələcəm, məzarımı belə, hazırlatmışam” - MÜSAHİBƏ

20 Fevral 2016, 11:52

Cavanşir Quliyev: “Mən heç vaxt düşüncə tərzimi, dünyagörüşümü,  mövqeyimi, dostlarımı, telefon nömrələrimi dəyişmirəm”


Bu gün Azərbaycandan kənardan yaşayıb-yaradan onlarla tanınmış elm, mədəniyyət , incəsənət xadimlərimiz var. Onlardan biri 2005-ci ildən bəri Şimali Kipr Türk Cümhuriyyətində ya.ayan, hazırda Yaxın Doğu Universitetinin professoru, tanınmış bəstəkar Cavanşir Quliyevdir.

Cavanşir Quliyev Modern.az saytına müsahibə evrib, onunla söhbəti təqdim edirik:

- Cavanşir müəllim, artıq 11 ildir ki, həyat və yaradıcılığınızı ölkədən kənarda davam etdirisiniz. Bəlkə bir daha Azərbaycanı tərk etməyinizin səbəblərinə qayıdaq...

- Bu addımı atmağımda bir neçə səbəb toplanıb əsas səbəbi təşkil etdi. Kiprdən gələn cazibədar təklif, Bakıdakı gərgin həyat tərzim ucbatından yaradıcılığımın zərər çəkməsi, görüşəndə “dostum” deyərək xitab edən insanların mənə qarşı qərəzli mövqeyi, cəmiyyətin musiqi zövqünün dəyişməsi və bir neçə başqa səbəb.. Amma, açığı, mənim Azərbaycandan getməyim uzunmüddətli ezamiyyətə oxşayır. Mən qışda bir ay yarım, yayda isə üç ay yarım Bakıda oluram.

Şimali Kiprdə universitet müəllimi olduğum üçün qışda da, yayda da tətillər olur, mən də vətənə, Bakıya gedib-gəlirəm.. Bundan əlavə, bir bəstəkar olaraq Bakıda hərdən bir işlərim də olur. Yəni filmlərə, tamaşalara musiqi bəstələyirəm, müğənnilərlə ara-sıra mahnılar işləyirəm. Baxın, sizə müsahibə belə, verirəm. Bu görüntü Azərbaycandan köçmüş adamın görüntüsünə heç bənzəyirmi? Bənzəmir, məncə...

-Hər halda bu illər ərzində Azərbaycandakı vəziyyəti, prosesləri izləyirsiniz. Kənardan Azərbaycan necə görünür? Yaşadığınız ölkədə Azərbaycanın adı gələndə insanlar öncə nə düşünürlər?

-Kənardan baxanda Azərbaycan heç görünmür də, bizilərinə nədənsə, elə gəlir ki, bütün dünya elə bizi müzakirə edir, bizlə maraqlanır. Bakılılar demişkən “ələ dögül”. Azərbaycan mövzusu buradakı yerli mətbuatda yalnız fors-major durumlarda işıqlandırılır. Məsələn, Bakıda bir uca bina yandı, yanğında filan qədər adam öldü, Bakıda bir universitetə silahlı basqın oldu, filan qədər adam öldü, Qarabağda döyüşlər baş verdi, hər iki tərəf itki verdi, Azərbaycanın pul vahidinin məzənnəsini düşdü, Bakıda filan nümayişi polis, güc istifadə edərək, dağıtdı və digər bu tipli xəbərlər...

Yaşadığım ölkədə, yəni, Şimali Kipr Türk Cümhuriyyətində insanlar Azərbaycan dedikdə, təbii, insanlar öncə nefti xatırlayırlar, sonra mütləq bizi sevdiklərini deyirlər. Bizə bir cəm olaraq hörmət etdiklərini və dərdlərimizə şərik olduqlarını bildirirlər.

- Sizin kimi yaradıcı insan üçün hazırki Şimali Kipr mühiti daha yaxşıdır, yoxsa Azərbaycan?

- Azərbaycandan getdikdən sonra yaradıcılığımda əsaslı canlanma oldu. Vətəndə vaxtsızlıq və əsəb sistemimin daim “zədəli” vəziyyətdə olması səbəbindən heç cür yaza bilmədiyim, xalqımızın yaranış tarixini əks etdirən 3 pərdəli “OĞUZNAMƏ” tarixi baletini 1 ilin içində, yəni 2006-cı ildə yazdıb bitirdim. Sonra ara vermədən, 2007-ci ildə  “DASTAN” adlanan və Üzeyir bəyin (Üzeyir Hacıbəyli) xatirəsinə həsr etdiyim 4-cü SİMFONİYA-nı yazdım. 2010-cu ildə isə ardından istedadlı şair Alla Axundovanın librettosu əsasında iki hissəli “TUFAN və yaxud NUHUN GƏMİSİ” (2010) baletini yazdım. Populyar türk yazıçısı Tuncer Cücenoğlunun librettosu əsasında isə 2015-ci ildə “KIZILIRMAK”, bir sıra kamera əsərlərini, mahnıları yazdım. Bəli, 9 ilə üç balet yazdım.

Bakıdakı həyat tərzim bu qədər iri həcmli əsərləri qısa müddətdə, yəni 9 ilə bəstələməyə imkan verməzdi. Əsərlərin yazılma tarixinə diqqət yetirdikdə, yəqin sizin içinizdə belə bir sual da doğa bilər. Bəs neçə illər bundan öncə yazılan bu əsərləri niyə bizim tamaşaçılar bu günə qədər görmədilər, eşitmədilər, dinləmədilər? Məncə bu sualı Sizlər musiqi təbliğatını aparan idarələrə verməlisiniz. Çünki bu sizin haqqınızdır və vəzifənizdir. Yəni,  Azərbaycan Bəstəkarlar İttifaqının 40 illik üzvü olan, vaxtilə İttifaqın İdarə Heyyətində təmsil olunan, seksiya rəhbəri olmuş, dövlətin fəxri adlarını daşıyan bir bəstəkarın bu qədər əsərləri nədən illərlə işıq üzü görmür? Nəzərinizə çatdırım ki, dəfələrlə mətbuatda, telekanallarda, qəzetlərdə, internet resurslarında bu əsərlərin mövcudluğu barədə informasiya vermişəm, arxivimdə isbatı da var, yəni, “xəbərimiz yoxdur” deyə bilməzlər.

Bir musiqi təbliğatçısı olaraq, daim araşdırmalar aparmaq onların vəzifə borcudur. Harda, kim tərəfindən nələr bəstələndiyini, türklər demişkən, anında öyrənməlidirlər. Hə, bir də, soruşa bilərsiniz ki, bəs niyə siz özünüz müraciət etmədiniz? Bir dəfə etdim, heç bir şey çıxmadı, daha müraciət etmirəm, anladım ki, səbəbini üzümə deyə bilmirlər, amma istəmirlər. Heç əsərləri dinləmək belə istəmədilər. Bəlkə keyfiyyətsiz musiqilərdir? Demək istəyirəm ki, ifa etməmələrinin səbəbi musiqinin keyfiyyətindən qaynaqlanmır.

O ki, qaldı mənim düşdüyüm mühitə, burda musiqi həyatı çox zəif və bəsitdir, demək olar ki, yoxdur. Bir də ki, buranın musiqi mühitinə daxil olmaq mənim planlarıma uyğun deyildi. Mən yaradıcılıq planlarmı həyata keçirmək üçün münasib bir yer axtarırdım, onu da burda tapdım. İndiki kommunikasiya  dövründə insanın durduğu coğrafi nöqtənin heç bir önəmi qalmayıb, həqiqi və ciddi yaradıcılıq üçün coğrafiyanın heç bir əhəmiyyəti yoxdur. Oxucular sənət tarixindən bilirlər ki, bir çox sənət adamı yaradıcılıq üçün sakit bir yerə çəkilərdi, tənhalaşardı. Bu, başdakı dağınıq fikirləri toplamağa, lazımsız şeylərlə əlləşməməyə imkan verirdi. Məndə də elə oldu. Şimali Kipr sənət baxımından çox sakit, hüzurlu, lakin yaradıcılıq üçün çox rahat bir yerdir. Mən dostlarıma zarafatyanı deyirəm ki, Kipr elə bir yerdir ki, orda heç vaxt heç nə baş vermir, necə deyərlər, Allahın unutduğu bir yerdir. Bu baxımdan Şimali Kipr Türk Cühmuriyyətində yaradıcılıq üçün ideal şərait var. Nəticə isə budur. Mənim üçün ən səmərəlisi burda , Şimali Kiprdə yazıb, Bakıda və digər böyük musiqi cəmiyyətlərində əsərlərimi səsləndirməkdir. Birincisi həyata keçdi, ikincisi isə qismən, yəni İstanbulda, Ankarada, Antalyada, Adanada, Konyada, Əskişəhərdə, Avropada, Kanadada, ABŞ-da səslənir, Azərbaycanda isə yox. Əsərlərimin isə hamısını eyni dərəcədə sevirəm, övladlarının əyri burunlusunu da, karını da korunu da valideynlər eyni dərəcədə sevər.



- Azərbaycanda olmadığınız müddət ərzində burada qoyub getdiklərinizdən daha çox nə dəyişib? Yəni nələr indi görmək istədiyiniz kimi deyil?

- Ən çox dəyişən Azərbaycan cəmiyyətidir. Təəssüf ki, yaxşı tərəfə dəyişməyib. Musiqi zövqü bərbad haldadır. O vəziyyətə gəlib çatıb ki, bu cəmiyyət artıq öz klassik musiqimizi belə, dinləmək iqtidarında deyil ,nəinki dünya klassikasını. Qara Qarayev, Fikrət Əmirov, Müslüm Maqomayev, Cövdət Hacıyev, Soltan Hacıbəyov və digər klassiklərimiz dinlənilmir, təbliğ olunmur. Azərbaycan Dövlət Radiosundan başqa hansı radio kanalı bu bəstəkarların ciddi klassikasını təbliğ edir? Axı insanlar son zaman vaxtlarının kifayət qədər böyük hissəsini avtomobillərin içində radio dinləməklə keçirirlər. Bu isə zövqləri formalaşdırmaq üçün çox gözəl bir imkandır. Təbliğat isə nə edir? Ruhsuz, bayağı, primitiv musiqiləri səsləndirir və beləcə insanları zövqsüzləşdirir. Nəticədə, bir zamanlar Qara Qarayevin, Fikrət Əmirovun, Bethovenin, Çaykovskinin, Priokofyevin və digər dahilərin musiqiləri ilə “yatıb-qalxan” cəmiyyət bu gün “üç badam, bir qoz” tərzində qoşulmuş (bəstələnmiş deyə bilmərəm) mənasız məzmunlu “ibtidai-icma” musiqilərini və heç bir sənət dəyəri olmayan meyxananı (yazıq Füzuli!), dilimizi korlayan repləri dinləyir. Mənim arzumsa başqa idi....

Müstəqilliyin verdiyi imkanlardan istifadə edərək, dünya mədəniyyətinin ən keyfiyyətli nümunələri əsasında doğma mədəniyyətin daha da sürətli inkişafını təmin etmək, Sovet qandallarından qurtularaq dünya musiqisi adlanan böyük axına qoşulmaq, ona qovuşmaq, onun bir parçası olmaq mənim arzularım idi...

- Cavanşir müəllim, Azərbaycanın indiki incəsənət, mədəniyyət və şou aləmini necə qiymətləndirirsiniz? Yəni yeni yaranan mahnıların, bəstələrin səviyyəsi sizi bir bəstəkar kimi qane edirmi?

- Əslində, bu sualı mən sizə vermək istəyərdim, çünki mahnılar sizlər üçün yaranır, qiymətini də sizlər, yəni, siz dinləyicilər verməlisiniz. Mənim mövqeyim tərəfli ola bilər, kiməsə qeyri-obyektiv, qərəzli görünə bilər. Amma, madam ki ,soruşursunuz, deyim. Məncə, yeni yaranan mahnılar, əsasən indiki Azərbaycan cəmiyyətinə bənzəyir. Boz rəngdə, istedadsız, cəsarətsiz, üslubsuz, tapıntısız, yolunu sapmış, gələcəyini görməyən, dünya sənətində baş verənlərdən bixəbər, amma özündən və “yaratdıqlarından” xeyli razı! “Dədə Qorqud”dakı Təpəgözün mütəmadi yemək istədiyi kimi, mükafatlar, evlər, ordenlər, fəxri adlar və digər imtiyazlar istəyən, tələb edən indiki “sənət” və “sənətkarlar”.... Mən bugünkü Azərbaycan incəsənətini və mədəniyyətini belə görürəm və qiymətləndirirəm.

- Şimali Kiprdə olduğunuz bu illər ərzində Azərbaycandan hansısa müğənnilərlə əməkdaşlığınız davam edir? Yəni bəstə üçün sizə müraciət edənlər olubmu?

-Təbii ki, bu illər ərzində Azərbaycandakı bəzi müğənnilərlə müəyyən əlaqələrim oldu. Aygün Kazımova üçün “Gülə-gülə” adlanan bir mahnı yazdım. Aygün onu Yaşıl Teatrdakı konsertində oxudu. İlahə Fəda, Fədayə Laçın və bir neçə gənc müğənni ilə də müəyyən musiqi əməkdaşlığımız oldu. Məndən yeni mahnı istəyən başqa müğənnilər də oldu, amma onlara anlatdım ki, hal-hazırda vaxtımın böyük hissəsini iri həcmlı əsərlər üzərindəki işə sərf edirəm. “Dədə Qorqud” baletlərini yazmağa hazırlaşıram, özümü ona “kökləmişəm”, baletləri bitirəndən sonra, təbii ki, əməkdaşlıq edərik.

- Siz dillər əzbəri olan "Əsgər marşı" mahnısının bəstəkarısınız. Sizcə bu gün yaranan hərbi vətənpərvərlik bəstələrinin səviyyəsi hansı durumdadır?

- Sözün düzü, bu gün yaranan vətənpərvərlik əsərlərinin hamısını dinləmək imkanım olmadı, amma qulağıma dəyənlər məni “dəbərtmədi”, həyəcanlandırmadı, heyrətləndirmədi. Peşə baxımından bəziləri normal səviyyədə olmasına baxmayaraq, içlərindəki ruh zəifdir. Axı vətənpərvərlik hissi sevgi kimidir, süni olmur, yalançı olmur, ya həqiqi olur, ya da ki heç olmur. Onu zorla yaratmaq olmaz, necə deyərlər, onu dükandan ala bilməzsən. Əslində, vətənpərvərlik əsəri hər bir yaradıcı üçün vətən sevgisinin bir testidir. Kimin nə qədər vətəni sevdiyi əsərlərində açıqca üzə çıxır. Bax, məhz bu xassə, zənnimcə, vətənpərvərlik əsərlərinin keyfiyyətini təyin edir. Əslində, struktur və quruluş olaraq vətənpərvərlik əsərləri kifayət qədər sadə, hətta bəsit də ola bilər. Lakin içindəki ruh nəhəng ölçüdə olmalıdır ki, dinləyicini də “dəbərdə” biləsən. 

- Bəs gənclərin indiki hərbi vətənpərvərlik ruhunu necə qiymətləndirirsiniz?

- Vətənpərvərlik ruhlu gənclərimiz var, bu məni sevindirir. Lakin bu vətənpərvərlik gənclərin bir qismində plakatçılıq tərzindədir, göstərməlikdir, teatral vətənpərvərlikdir. Bu da məni narahat edir. Çünki əsl vətən sevgisi gurultulu olmaz, vətəni və ananı sakitcə sevərlər, bu haqda bütün dünyaya qışqırmazlar. Bax, bu cür gənclər vətən üçün səmimi çalışacaqlar, lazım gəlsə isə düşünmədən canlarını vətənə fəda edəcəklər. Mübariz İbrahimov kimi! Bu cür gənclərimiz var. Çox deyil, amma var.

Şimali Kiprdə 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Mən bura gələndən sonra milli bayramlarımızın daha maraqlı və zəngin keçməsi üçün tələbələrimizə hər cür yardımı etməyə çalışırdım. Novruz bayramı, Respublika günü, Dünya  Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Bakıdan müğənnilər və başqa musiqiçiləri bura dəvət edirdim ki, tələbələr üçün bayramlar daha şən keçsin, qəribçiliyi unutsunlar. Onlar da doyunca əylənirdilər, milli bayrağımıza bükülərək səhnəyə qalxıb rəqs edirdilər, dediyim kimi, göstərməlik şüarlar deyirdilər. Qısası, vətənə olan sevgilərini qışqıraraq, bağıraraq izhar edirdilər və xoşbəxt idilər.

 Lakin bir hadisədən sonra bu işə son verdim. 2014-cü il dekabr ayının 26-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə universitetimizin salonunda Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin həyatını və vətən mücadiləsini əks etdirən 3 saatlıq sənədli filmin nümayişi olacaqdı. Bütün tələbələrə xəbər verilmişdi. Yeri gəlmişkən, deyim ki, bu film nədənsə Azərbaycan teleməkanında özünə hələ də yer tapmır. Hələ bizdə bu həcmdə, bu qədər tarixi sənədlərlə, Rəsulzadənin mücadilə dostları ilə müsahibələrlə dolu başqa bir film çəkilməyib. Filmin müəllifi və rejissoru tanınmış Azərbaycan kino xadimi, Əskişəhər Universitəsinin professoru Zaur Məhərrəmovdur. Həmin gün mən dərindən məyus oldum... Tədbirə, salona 5-6 tələbə gəlmişdi. Anladım ki, bu gənclərin əksəriyyətinin vətən sevgisi bayrağımızı əlinə alıb səhnədə “tərəkəmə”ni rəqs eləməsidir. Əllərində tutduqları bayrağın yaradıcısına 3 saat vaxt ayırmaq belə istəmədilər. Çox üzüldüm...



- Siz Azərbaycanda da pedaqoji fəaliyyətlə məşğul olmusunuz. Bu gün dərs dediyiniz Yaxın Doğu Universitetindəki
ali təhsil mühiti, müəllim-tələbə münasibətləri və ümumi olaraq əsas hiss etdiyiniz fərqlər hansılardır?

- Əslində fərqlər çoxdur. Burada universitetə pul verirlər ki, oxusunlar, bizdə isə pul verirlər ki, oxumasınlar. Burada tələbə müəllimi boş görəndə, onunla əlavə çalışmaq istəyir, bizdə tələbə dərsdən qaçır. Burada rüşvətin nə olduğunu tələbə bilmir, bizdə isə “sinifkomlar” tələbələrdən pul toplayaraq, müəllimlə alver edirlər. Burada tələbə ilə müəllim dostdurlar, amma dərsdə və imtahanda dostluq bitir, bizdə isə tələbə ilə müəllim az qala düşməndirlər, amma imtahanda rüşvət onları dostlaşdırır. Burada rəhbərlik heç vaxt müəllimə kimisə “tapşırmır”, bizdə isə “tapşırıq”sız heç kim imtahandan keçə bilmir. Burada müəllimi yetərsiz hesab edən tələbələr onu işdən azad etdirə bilirlər, bizdə rəhbərlik heç vaxt tələbələrin istəyi ilə müəllimi işdən çıxartmaz. Burada hər ilin sonunda tələbələr də gizli olaraq müəllimlərə qiymət verirlər, bununla rəhbərlik vəziyyətə nəzarət edir, bizdə isə qiyməti yalnız müəllim verir, müəllimi isə qiymətləndirən yoxdur. Bunlar sadəcə indi ağlıma gələn fərqlərdir, inanın ki, fərqlər sadaladıqlarımdan daha çoxdur.

Rəhbərlik – müəllim – tələbə münasibətləri, məncə burada ideala yaxındır. Ömrüm boyu belə universitədə işləmək istəmişəm, Allah da bunu mənə bunu nəsib etdi.  İndi burada çox rahatam.

- Cavanşir müəllim, siz hər zaman bəzi həmkarlarınızdan fərqli olaraq, nəyi necə varsa, elə də demisiniz. Yəni yalandan kimisə, nəyisə tərifləməmisiniz, lazım olan məqamlara tənqidi münasibət bildirmiş, bir insan, vətəndaş kimi öz yanaşmanızı və düşüncələrinizi ortaya qoymusunuz. Bəs bu gün də həmin mövqeyinizdə qalırsınıznmı?

- Mən heç vaxt düşüncə tərzimi, dünyagörüşümü, ətrafımda baş verənlərə münasibətimi, mövqeyimi, dostlarımı, telefon nömrələrimi dəyişmirəm. Bütün ömrümü belə yaşadım və bundan sonra da belə də yaşayacağam. Bu yaşımda vicdanımı dəyişsəm, özümə nifrət edərəm.

- Nəı vaxt Vətənə qayıdıb həyat və yaradıcılığınızı Azərbaycanda davam etdirməyi düşünürsünüzmü?

- Bizim ölkədə deyirlər ki, sənətə və sənətkara dövlət qayğısı var. Bax, nə vaxt mən bu qayğını doğrudan da hiss etsəm (mən də bir miskin Azərbaycan musiqiçisiyəm, elə deyilmi?) və bunun seçkilərdə dəstək üçün rüşvət olduğunu yox, həqiqətən sənət sevgisindən doğan qayğı olduğunu görsəm, buna əmin olsam, durduğum yerdən birbaşa hava limanına qaçıb, necə deyərlər, ayaqyalın, başıaçıq vətənə dönərəm.

Bu, nə qədər tez olsa, mənim Azərbaycanda da yaradıcılığımı davam etdirmə şansım yüksək olacaq. Yox, əgər olmazsa, onda ölməyə mütləq Azərbaycana gələcəm, məzarımı belə indidən hazırlatmışam. İnsan, məncə, doğulduğu yerdə də ölməlidir.


























Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?