Modern.az

İsa Qəmbər: “Heydər Əliyev məndən soruşdu ki...”

İsa Qəmbər: “Heydər Əliyev məndən soruşdu ki...”

Ölkə

11 Dekabr 2011, 23:17

12 dekabr tarixi mərhum prezident Heydər Əliyevin vəfatı günüdür. Bununla əlaqədar mərhum dövlət başçısı bir sıra məqamlarla xatırlanır. Mərhum prezident özünün gözlənilməz jestləri ilə medianı təəccübləndirməyi bacarırıdı. Bu jestlərdən birinə ictimaiyyət 2002-ci ilin isti yay günlərində şahid oldu.

Müsavat başqanı: “Heydər Əliyevin bizim stola yaxınlaşması mənim üçün gözlənilməz oldu”

Heydər Əliyevin prezidentliyi zamanında da iqtidarın ölkənin siyasi müxalifəti ilə münasibətləri birmənalı deyildi. Mərhum prezident özünün gözlənilməz jestləri ilə medianı təəccübləndirməyi bacarırıdı. Bu jestlərdən birinə ictimaiyyət 2002-ci ilin isti yay günlərində şahid oldu.
Fransanın istiqlaliyyət günü ilə bağlı bu ölkənin Bakıdakı səfirliyində təşkil etdiyi rəsmi mərasimə Heydər Əliyev də qatılmışdı. Zalda isə qonaqlar çox idi. Azərbaycanın bütün siyasi elitası bu tədbirə dəvətli idi. O cümlədən müxalifət partiyaları. Müsavat başqanı İsa Qəmbər və AMİP sədri Etibar Məmmədovun qatıldığı bu mərasimdə baş verən hadisə sonradan medianın isti yay boyu  müzakirə edəcəyi ən maraqlı mövzulardan oldu...

Rəsmi törəndən sonra verilən ziyafət zamanı prezident Heydər Əliyev gözlənilmədən əlində boşqab İsa Qəmbərin və Etibar Məmmədovun dayandığı stola yaxınlaşır. Gözlənilməz görüşdən bir qədər karıxdığı hiss edilən müxalifətçilərlə qısa söhbətə başlayan Heydər Əliyev onlara ləziz yeməklərdən dadmağı təklif edib. 
 

Müsavat başqanı İsa Qəmbər o zaman verdiyi müsahibələrində Fransa səfirliyində baş verən həmin əhvalat haqda bəhs eib.

“Yeni Müsavat” qəzetinin ötən illərdəki buraxılışlarından birinə verdiyi müsahibədə Müsavat başqanı bu görüşün onun üçün “gözlənilməz” olduğunu deyib.  İsa Qəmbər bildirib ki, Heydər Əliyev ilk növbədə yerli və beynəlxalq ictimaiyyətə nümayiş etdirmək istəyirdi ki, müxalifətlə söhbət edə bilər. “Müxalifətlə dialoq üçün o, müəyyən mənada psixoloji baryeri aradan götürdü”.

Modern.az saytı Müsavat başqanının ötən zamanlarda həmin görüş barədə söylədiklərini bir daha xatırladır.

İsa Qəmbər: “Onun masamıza yaxınlaşmağı gözlənilməz idi. Çünki bu tipli tədbirlərdə o, sonadək iştirak etmir. Adətən çıxış etdikdən 3-5 dəqiqə sonra məclisi tərk edir. Çalışır ki, bizimlə üz-üzə gəlməsin. Bu dəfə isə həm bir qədər ləngidi, həm də adətinə uyğun hərəkət eləmədi”.

İsa Qəmbər prezidentlə olan dialoqun təfərrüatlarını da danışıb.

“Heydər Əliyev bizdən soruşdu ki, neyniyirsiniz? Cavab verdik ki, istirahət edirik. Yenə soruşdu ki, sonra neyləyəcəksiniz? Cavab verdim ki, sabahdan müxalifətçiliyimizi davam etdirəcəyik. Dedi yox, istirahət eləmirsiz, elə hər gün müxalifətdəsiniz. Bu gün də qəzetiniz çıxır. İzah elədim ki, “Yeni Müsavat” müstəqil qəzetdir. Amma deyəsən, Heydər Əliyev qəzetin müstəqil olduğunu qəbul eləmək istəmədi”.

Bu görüşün ictimai rezonansını şərh edən İsa Qəmbər deyib ki, xarici səfirliklərin təşkil etdiyi toplantılar bir çox hallarda eyni zalda baş verir.

“Belə tədbirlərin birində dövlət başçısı bizim masaya yaxınlaşıbsa, görünür, bu təmasdan narahat olan bir para şəxslərin fikrincə, mükalimə mütləq dava ilə bitməliydi. Sözün açığı, bunu gözləyənlər də vardı və bəziləri hətta narahat idi ki, birdən dövlət başçısı ilə maxalifət liderləri arasında söhbət kəskin xarakter ala bilər. Ancaq Heydər Əliyevin söhbəti kəskinləşdirmək fikri yox idi və söylədiyi ən ciddi fikir “müxalifətçilik müxalifətçilik kimi olmalıdır” oldu”.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?