Modern.az

Bir məqalənin mühacir taleyi

Bir məqalənin mühacir taleyi

Təhsil

29 Fevral 2016, 12:50

Abid TAHİRLİ

Ceyhun Hacıbəyli-125

“Aya, biz Azərbaycan türklərinin seretelliləri və çavçavadzeləri olmayıbdırmı? Bizim milli şairlərimiz ərseyi-dünyaya gəlməyibdirmi? Aya, bizlər belə möhtərəm şəxslərin vücudundan məhrummu qalmışıq? Bu suallara cavab verib deyə bilərik ki, bizim də çox böyük, müqtədir və xoştəb milli şairlərimiz olubdur və lakin mütəəssüf onların qədir və qiyməti nə öz vaxtlarında və nə bu halda bilinməyibdir”. Şübhəsiz ki,  görkəmli ədəbiyyatşünas alim, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firudin bəy Köçərlinin bu xitabı və iradı dövrün bütün maarifçilərini, o cümlədən  Ceyhun Hacıbəylini də dərindən  düşündürür və qayğılandırırdı.  Təsadüfi deyil ki, hələ yaradıcılığının ilk dövrlərindən qələmini müxtəlif mövzularda sınayan Ceyhun bəy ədəbiyyat tariximizlə də  bağlı bir araşdırmaya  ( bundan əvvəl isə mətbuat tariximizlə bağlı məqalə yazmışdır) uğurla imza atmışdır. “Kaspi” qəzetinin  1911-ci il  147-ci  nömrəsində XIX əsr Azərbaycan qadın  şairləri- Ağa Bəyim Ağa, Aşıq Pəri, Gövhər Ağa, Fatma xanım (Qiyaminə), Xurşid Banu Natəvan, Fatma Bikə və  Banı xanımın  həyat və yaradıcılığından bəhs edən “Azərbaycanın gülləri” adlı məqaləsi diqqəti xüsusi ilə çəkir. Bu gün də aktuallığını və əhəmiyyətini itirməyən bu yazının qəribə taleyi olmuşdur...

“Azərbaycanın gülləri” adlı məqalədə Ceyhun bəy göstərir ki, Azərbaycan poeziya dünyasında heç də kişi həmkarlarından geri qalmayan, əksinə incə, incə,  kövrək duyğuları vəsf etməkdə bəzən onları  üstələyən qadın şairlərin yaradıcılığı mühüm yer tutur. Bu qəbildən olan şairlərdən biri Qarabağın hökmdarı Rusiya imperiyasının təbəəliyini qəbul etmiş  İbrahim  xanın qızı, tanınmış dövlət xadimi , şair Əbülfət xan Tutinin  bacısı Ağa Bəyim Ağadır. Ağa Bəyim Ağanın yaradıcılığının böyük hissəsi  XIX əsrin sonlarına  Azərbaycanın Rusiyaya birləşdirilməsindən əvvəlki dövrə təsadüf edir.  Odur ki, şairə əsərlərinin həmin vaxtlar daha çox populyar  olan fars dilində qələmə almışdır və şeirlərində fars təsiri hiss olunmaqdadır.

Ceyhun bəy yazır ki, ədəbiyyatımıza fars  poeziyasının təsiri dərinə işləməsə də, o az qala bizim günlərədək Zaqafqaziyanın böyük qismində özünü hiss etdirirdi. Artıq bu təsir tədricən itməkdədir. Belə ki, fars mədəniyyəti özü yerində saydığından, get-gedə kamilləşmədiyindən digər mədəniyyətlərə də əhəmiyyətli təsir göstərə bilmirdi. Doğrudur , bizim şairlər fars dilində yazmağı hünər sayırdı ,  lakin onların heç biri bu dildə  duyğularını  doğma türk dilində yazan Qüdsi-  Abbasqulu Ağa Bakıxanov, Vaqif , Vidadi, Zakir, Asi Allahi, Seyid  Əzim Şirvani , Bahar və s.  xalq şairləri  kimi  ifadə edə bilmirdi. Fars dilində şeirlər daha çox boyalı, bər-bəzəkli xarakter daşıyır. C. Hacıbəyli Ağa Bəyim Ağanın yaradıcılığından nümunələr gətirərək , heç şübhəsiz ki, öz tərcüməsində , onun əsərlərinin xalq ruhu və ənənələrinə  daha yaxın olduğunu vurğulayır.

Mahir mühərrir Ceyhun Hacıbəyli daha sonra xalq poeziyasının  parlaq nümayəndəsi Aşıq Pəri haqqında söz açır. Qeyri- adi gözəlliyə sahib olan bu kənd xanımının XIX əsrin 30-50-ci illərində Qarabağ ziyalıları arasında böyük nüfuzu olduğunu diqqətə çatdıran  müəllif t təəssüflə bildirir ki, onun tərcümeyi-halı barədə o qədər də çox məlumat qalmamışdır. Yalnız o məlumdur ki, Aşıq Pəri Araz yaxınlığındakı Maralyan kəndində dünyaya gəlmiş, gənc yaşlarında Şuşaya köçmüşdür.

Qısa müddətdə Şuşada  Aşıq Pəri həm istedadı, həm də gözəlliyi ilə çox sayda pərəstişkar qazanmışdır. Şairlər onun gözəlliyini vəsf edir, qoşmaları isə dillər əzbəri olur. Ceyhun Hacıbəyli şair Əsəd bəy Vəzirovun Aşıq Pəriyə həsr etdiyi  qəzəlindən nümunələr gətirərək fikrini əsaslandırır. Ceyhun bəy Aşıq Mirzəcanın erməni əsilli olmasına baxmayaraq  Qarabağda kifayət qədər tanındığını, türk dilində çox ustalıqla əsərlər qələmə aldığını və Aşıq Pəri ilə sıx münasibətdə olduğunu da  yazır.

Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhər Ağanı C. Hacıbəyli  xalq şairi və xeyriyyəçi kimi təqdim edir. Şuşada onun tikdirdiyi məscid binası bütün Qafqazın nadir memarlıq abidələrindəndir. Şairin şəxsi həyatı isə hüzn və kədərlə doludur: onu sevmədiyi insana ərə vermişlər və bu izdivacın doğurduğu qüssə  Gövhər Ağanın qəmli  sətirlərinə hopmuşdur.

XIX əsrin 60-70 ci illərində Qiyaminə təxəllüsü ilə yazıb –yaratmış və daha çox  Fati xanım kimi tanınan  Fatma xanımın da həyat və yaradıcılıq yoluna qısacı nəzər salan Ceyhun Hacıbəyli yazır ki, bu xanım  fitri istedadı ilə ad-san çıxarmışdır. Onun lirik şeirləri türk-tatar poeziyasının ən gözəl nümunələri sırasındadır. Özündən sonra xeyli əsər yadigar qoyan Fatma xanımın qəzəllərindən bir sitat gətirərək Ceyhun bəy şarin nə qədər incə ruhlu, təsirli, obrazlı qələmə sahib olduğunu qeyd edir.

İlk araşdırmaları ilə dövrünün ziyalılarının diqqətini çəkən    Ceyhun Hacıbəyli XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Xurşid Banu Natəvanın yaradıcılığından  daha ətraflı bəhs edir. Natəvanı “XIX əsrin ən istedadlə və  nüfuzlu xanımı”, “Qarabağın işıqlı siması” adlandıran Ceyhun bəy onun humanist, xeyirxah əməllərini təqdir edərək yazır ki, yüksək dağlıq ərazidə yerləşən Şuşaya bulaq suyu çəkdiməsi Natəvan xanıma daha böyük şöhrət və hörmət qazandırmışdır. Natəvan xanımın mürəkkəb  və kədərlə dolu həyat yolundan  söz açdıqdan  sonra  Ceyhun bəy onun poeziyasına müraciət edir.

Natəvan lirikasının mövzu və özünəxas məzyyətlərindən, şikayət və acılarla dolu qəzəllərindən örnək göstərərək fikir və mülahizələrini oxucularla bölüşür. Ceyhun Hacıbəyli daha sonra “Azərbaycanın görkəmli şairi, Quba xanı Fətəlin xanın qızı, Şeyx Əli Xanın bacısı “ kimi təqdim etdiyi Fatma Bikə xanımın həyat və yaradıcılıq yoluna nəzər salır. Bikə xanım əvvəl Şirvan xanına ərə gedir , ikinci dəfə Dərbənd xanı ilə ailə həyatı qurur. Quba xanlığı ilə Dərbənd xanlığı arasında döyüş gedərkən Bikə xanıma xəbər verirlər ki, qardaşı Şeyx  Əli Xan onun ərini- Dərbənd xanını  məğlub edib. Bikə xanım bu xəbərdən sarsılır və çaparı qovur: - Sən bu xəbərin əksini gətirsəydin , səni mükafatlandırardım. Ceyhun Hacıbəyli öz tərcüməsində Bikə xanımın Dağıstanı , “şairin köksünə sığmayan dağları “ tərənnüm edən şeirini təqdim edir. Qubanın başqa bir qadın sənətkarını- Banu xanımı oxucularına tanıdan Ceyhun bəy  onun daha çox dini mövzuda yazdığını, xüsusi ilə Məhəmməd peyğəmbərə şerirlər ithaf etdiyini , onların nəinki doğulub boya başa çatdığı Çarıq kəndində , ətraflarda da  dillər əzbəri olduğunu qeyd edir.

Ceyhun Hacıbəyli məqaləsini maraqlı, həm çox ibrətamiz cümlələrlə yekunlaşdırır.

O, müsəlman-türk şairləri haqqında məqaləni öz müşahidələri əsasında , eyni zamanda Məhəmməd Əli Müştəhidzadənin “ötən il Konstantinopolda” ( 1910 –cu ildə İstanbulda- T.A,) “Riyazül –aşiqin” adı ilə nəşr etdirdiyi kitabdan istifadə etməklə qələmə aldığını qədirbilənliklə qeyd edir və yazını belə bitirir: ” Ümid edirəm ki, doğma ədəbiyyatımıza dəyər verənlər zəhmət çəkib qadın şairlərimizin həyat və yaradıcılığı ilə oxucuları daha yaxından tanış edəcək və bununla da doğma ədəbiyyatımıza böyük xidmət göstərmiş olacaqlar.  Bu yazının sonrakı taleyi barədə danışmazdan əvvəl məqalə haqqında deyilənləri yekunlaşdıraraq bu qənaətə gəlirik ki: -Azərbaycanın ədəbi- mədəni, mətbu, ictimai- siyasi həyatında  canlanma yarandığı bir  dövrdə -XX əsrin əvvəllərində ədəbi irsimizə işıq salan  bu qəbildən olan yazılara böyük ehtiyac vardı və bu məzmunda qələmə alınan tədqiqat və təbliğat materialları, bir sıra qüsurları olsa belə,   mühüm əhəmiyyət kəsb edirdi; -məqalənin rus dilində yazılması və “Kaspi” kimi populyar və nüfuzlu qəzetdə dərc edilməsi milli  ədəbiyyata,  xüsusi ilə onun gözəl nümunələrini yaratmış qadınlarımızın  istedad və zəkasına  xor baxan yerli və yabançı “ziyalılara” tutarlı cavab idi; - qadın şairlərimizin yaradıcılıq qabiliyyətini nümayiş etdirən bu yazı , həm də həyata yenicə qədəm qoyan qadın  təhsilinə tərəddüdlə , ehtiyatla yanaşan qızlara bir çağırış, görk, örnək idi; - bu yazı eyni zamanda cəmiyyətdə  ətalət, cəhalət və mövhumat toxumu səpənlərə, qadın hüquqlarını tanımayanlara qarşı bir mübarizə formasıdır.

İstər mühacirətdə, istərsə də ona qədər dövrdə  ədəbiyyat tarixi, şair və yazıçıların, mədəniyyət xadimlərinin  həyat və fəaliyyəti  Ceyhun Hacıbəyli yaradıcılığında mühüm yer tutur.

O, Həsən bəy Zərdabi, İsmayıl Qaspiralı,  Haşım bəy Vəzirov, Hüseyn Ərəblinski, Əhməd Cavad, Abbasqulu Ağa Bakıxanov, Əbülqasım  Firdovsi,  Hafiz Şirazi kimi qələm və kəlam sahibləri haqqında , eləcə də folklor və Şərq musiqisi , Bakı və Bərdə şəhərlərinin tarixi, Babək və Qədim Arran dövləti , Dərbənd və Dağıstanın tarixi  barədə Azərbaycan, rus və fransız dillərində məqalələr yazmışdır. Haqqında yuxarıda bəhs etdiyimiz  mövzuya- qadın şairlərimizlə bağlı yazıya  isə Ceyhun Hacıbəyli mühacirətdə ikən  az qala 50 il sonra 1950- ci illərin sonlarında  təkrar müraciət etmişdir. Bu dəfə müəllif onu rus dilində qələmə almışdır ( Azərbaycanın qadın şairləri. ARDƏİA, fond №649, siyahı №1, saxlama vahidi 19). Ehtimal edirik  ki,  bu yazının fransız variantı da var. Məqalənin mətbu orqanda dərc edilib –edilməməsi də hələlik məlum deyil.

Çox güman ki, yazı mühacir nəşrlərin birində verilmişdir. Ümid edirik ki, tezliklə bu məqamlara da aydınlıq gətiriləcəkdir. Məqalənin ilk dəfə  yazılmasını şərtləndirən amillərə biz yuxarıda toxunmuşduq, bəs  Ceyhun bəyi bu mövzuya növbəti dəfə qayıtmağa nə vadar etmişdir?  Məlumdur ki,  C. Hacıbəylinin mühacirət dövrü yaradıcılığının əsasını sovet rejimi və kommunist ideologiyasına qarşı mübarizə, Azərbaycanın istiqlalı uğrunda  mücadilə mövzusu tutur. Ceyhun Hacıbəyli XIX əsr qadın şairlərinindən söz açanda da, oxucunu məhz bu problem ətrafında düşünməyə   məharətlə istiqamətləndirir. Aşıq Pəri barədə yazanda göstərir ki, sovet termini ilə desək, Aşıq Pəri “ sosial mənşəyinə görə proletar sinfinə mənsubdur  və buna baxmayaraq, həm gözəlliyi , həm çağlayan istedadı ilə dövründə çox populyar olmuşdur”.

Bu onu deməyə əsas verir ki, bolşevik təbliğatının iddia etdiyi kimi,  Azərbaycan qadını XIX əsrdə analfabetik ( özünü ifadə etməyi bacarmayan- T. A) olmamış və heç  də tərəqqiyə  sovet dövründə  sıfırdan başlamamışdır. Ceyhun Hacıbəyliyə görə,  sovet ideoloqları və  təbliğatçıları  milli tarixə, milli ədəbiyyata münasibətdə  özlərinin  analfabetizmə xas keyfiyyətlərini nümayiş etdirir.

“Azərbaycanın qadın şairləri “ adlı məqalədə Ceyhun Hacıbəyli göstərir ki,  sovet tənqidçiləri  Ağa Bəyim Ağa  və Gövhər Ağa barədə yazanda bu sənətkarları “gəm, qüssə və hüzn  şairləri” adlandır və onların şəxsi kədərlərinə ictimai don geyindirirlər.

Müəllif yazıda XIX əsr  Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən  Natəvan barədə  “ poeziyanın bolşevik həvəskarların” kifayət qədər geniş bəhs etdiyini, Bakıda onun büstünün qoyulduğunu, ona kitablar həsr olunduğunu da nəzərə  çatdırır və  Natəvana bu diqqətin göstərilməsini  onun əsərlərində “sinfi çaların” olmadığı ilə əsaslandırmağa çalışır və yazır: “ Çox güman ki, Natəvan şəxsiyyətini ona pərəstiş dərəcəsində  tərənnüm etməklə sovet ədəbi dairəsi çağdaş Azərbaycan ədəbiyyatında  40 ildir ki,  boş qalan qadın poeziyasının yerini doldurmaq istəyir. Amma o  gələcəkmi, onun yerini dolduran olacaqmı? Hələlik məlum deyil.” Əlbəttə, Ceyhun Hacıbəylinin  bir sıra müddəaları  ilə  mübahisəyə girişmək, yaxud onlarla razılaşmamaq olar.

Lakin nəzərə almaq lazımdır ki, Ceyhun bəy bu yazını qürbətdə-  “dəmir pərdə”nin o tayında - Azərbaycan ədəbiyyatına dair məxəzlərin olmadığı bir yerdə qələmə almışdır və onun əsas məqsədi diqqəti  sovet təbliğat vasitələrinin  sənətə partiyalı və qərəzli münasibət bəslədiyinə yönəltməkdir. İstedadlı  publisist Ceyhun Hacıbəylinin XIX əsr Azərbaycan qadın şairlərini tanıtmaq məramı ilə  1911-ci ildə qələmə aldığı    və  az qala 50 il sonra  həmin niyyətlə , eyni zamanda sovet təbliğatçılarının Azərbaycan qadınlarının  mədəni tərəqqisi ilə bağlı əsassız  iddia və mülahizələrini tənqid etmək məqsədi ilə  təkrar müraciət etdiyi məqalə  bu gün də aktuallığını itirməmişdir.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?