“Bu bir reallıqdır ki, son 10 ildə Azərbaycanda medianın "oliqarx" adlandırdığı nazirlərin elitada sözünün çəkisi və proseslərə təsir imkanları onların rəhbərlik etdiyi qurumun rəsmi imkanlarında, büdcədən aldığı pulların həcmində də birbaşa özünü göstərir. Ən bariz nümunə Nəqliyyat Nazirliyidir”. Modern.az saytı xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib.
R.Ağayevin sözlərinə görə, bu nazirlik böyük neft pulları daxil olmağa başladığı son 10 ildə idarəetmə səhnəsinin tam mərkəzində olub: “Ən bahalı layihələr bu Nazirliyin adı ilə bağlı idi, ən böyük 2-3 büdcə sifarişçisindən biri idi. Nəqliyyat Nazirliyinin büdcədən aldığı investisiya layihələrinin dəyərinə baxın:
2007-ci il - 573 milyon manat
2008-ci il - 1.250 milyard manat
2009-cu il - 959 milyon manat
2010-cu il - 1.148 milyard manat
2011-ci il - 1.209 milyard manat
2012-ci il - 851 milyon manat
2013-cü il - 1.022 milyard manat
2014-cü il - 1.238 milyard manat
2015-ci il - 662 milyon manat
Bəs 2016-cı ildə? Heç nə qədər. Artıq investisiya layihələri bu quruma yox, "Azəryolservis" ASC-yə verilir.
Artıq Nəqliyyat Nazirliyi adlı qurum formal olaraq mövcuddur - çünki bizim idarəetmənin fəlsəfəsinə görə büdcədə izi olmayanın, siyasətdə də yeri yoxdu...
Yaxın zamanlarda Nəqliyyat Nazirliyi tamimilə ləğv edilsə, təəccüblənməyin...
Əslində indiki reallıqda ən doğru yol Rabitə və Nəqliyyat Nazirlyinin timsalında İnfrastruktur Nazirliyinin yaradılması olardı”.
Modern.az