Modern.az

Bakıda məscid yandıran PKK-çılara hökm oxundu

Bakıda məscid yandıran PKK-çılara hökm oxundu

7 Mart 2016, 12:27

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaraçuxur qəsəbəsindəki məscidə partladıcı maddə ataraq yandırmaqda təqsirləndirilən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Modern.az saytı xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən E. Ələkbərov 15 il azadlıqdan məhrum edilərkən, Namiq Nəsibov isə məcburi müalicəyə göndərilib.

Hökm oxunan zaman E. Ələkbərov sol qoluna ülgüclə xəsarət yetirib və o məhkəmə zalından çıxarılıb.

Qeyd edək ki, 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən «Cümə» məscidi yandırılıb. 

Hadisəni törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar. Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında PKK terror təşkilatının təşkil etdiyi döyüşlərdə iştirak edib.

Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə PKK terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamağa başlayıblar.

Namiq Nəsibov və Elnur Ələkbərov sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

Məlumat üçün bildirək ki, Namiq Nəsibov Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğludur.

Gülşən RAUFQIZI    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır