Yeni Əyricə avtomobil yolunun 2-ci km-də Tərtər çayı üzərində metal körpü əsaslı təmirdən sonra istifadəyə verilib. Modern.az xəbər verir ki, körpünün açılışında Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Zahid Oruc, “Azəryol” ASC-nin sədri Saleh Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Əyricə və Yeni Əyricə kəndlərinin sakinləri. Vidadi İsayev dünyada baş verən qlobal böhrana baxmayaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün ölkədə olduğu kimi Bərdədə də geniş tikinti, abadlıq və quruculuq işləri aparıldığını, yeni tikilib istifadəyə verilmiş körpünün bunun canlı timsalı olduğunu diqqətə çatdırdı, sakinləri bu əlamətdar hadisə münasibəti ilə təbrik edib.
“Əsaslı təmir edilmiş körpünün eni 4 metr, uzunluğu 36 metr, yanaşma ilə birlikdə uzunluğu 40 metr, yük götürmə qabliyyəti 50-60 tona hesablanıb. Körpünün dayaqlarını sel sularından qorunması üçün suötürücü qurğu tikilib, tikintidə 15 ton metal və 150 kub metr betondan istifadə olunub. Körpünün tikintisi ilə əlaqədar yolun 1 km hissəsi asfaltlanıb, yolda 50 ədəd nişan və 300 ədəd siqnal dirəyi basdırılıb. Körpüdən 6 min nəfərdən çox ətraf kəndlərin sakinləri də istifadə edəcəklər”.
“Azəryol” ASC-nin sədri Saleh Məmmədov, Milli Məclisin deputatı Zahid Oruc, kənd sakinləri Zahir Əhmədov, Məhərrəm Vahidov və Rafiq Məmmədov çıxış edərək sakinlərə göstərilən qayğıya görə Azərbaycan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
