Türkiyə prezidentinin Bakıya planlaşdırılan səfəri təxirə salınsa da, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası baş tutacaq. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakıda keçirilməsi planlaşdırılan toplantı Ankarada reallaşdırılacaq. Bu məqsədlə Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfər edəcəyi gözlənilir. İki ölkə prezidentinin zirvə görüşü də Türkiyədə baş tutacaq.
Türkiyənin rəsmi “Anadolu” agentliyinin məlumatına görə, toplantının Ankarada keçirilməsi təşəbbüsü Azərbaycan prezidentindən gəlib.
Agentlik Türkiyə Prezident Administrasiyasındakı mənbəyə istinadən Ərdoğanın bu jestə və terrorla mübarizədəki həmrəyliyinə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etdiyini yazıb.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı. Həmin səfər zamanı Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçirilməli idi.
Modern.az