
2014-cü ildən başlayaraq qlobal əmtəə bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi və əsas ticarət tərəfdaşları olan ölkələrdə devalvasiya dalğaları Azərbaycanda da milli valyutanın ucuzlaşması gözləntilərini gücləndirdi və dollarlaşmanın yüksəlməsinə səbəb olub. Faktiki olaraq manat 2015-ci ildə 2 dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında təxminən 98 faiz ucuzlaşdı. Xarici valyutaya tələbin kəskin artması valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində özünü büruzə verdi.
Yaranmış iqtisadi çətinlik şəraitində Prezident İlham Əliyev vətəndaşların həyat və şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atdı ki, əmək pensiyalarının baza hissəsinin artırılması da bu qəbildən oldu. Modern.az saytı xatırladır ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, 2015-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi istehlak qiymətlərinin dəyişməsinə uyğun indeksləşdirilərək 1,4 faizlik artım tətbiq olunub.Əmək pensiyalarının orta aylıq məbləği 2015-ci ilin əvvəlinə nisbətən 1,5 faiz artaraq 176 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196,1 manat təşkil edib. 2016-cı ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 176,03 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196,08 manat təşkil edib.
İlkin məlumatlara əsasən, 1 yanvar 2016-cı il tarixə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 295 900 nəfərdir.
Ölkə üzrə əmək pensiyaçılarının sayı 2015-ci ilin əvvəlinə 1 290 900 nəfər olub və yanvar-dekabr aylarında 5 min nəfər və ya 0,4 faiz artaraq, 1 yanvar 2016-cı il tarixinə 1 295 900 nəfər təşkil edib. Pensiyaçıların yaşayış səviyyəsinin yüksəldilməsi üçün digər ölkələrin sosial sığorta və pensiya orqanları ilə qarşılıqlı məlumat mübadiləsinin səmərəli təşkili şəraitində 2015-ci il 28 noyabrda Minsk şəhərində “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Belrus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığorta sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb. Sığorta-pensiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi üçün Beynəlxalq Sosial Təminat Assosiasiyası və müxtəlif ölkələrin sığorta-pensiya qurumları ilə ikitərəfli münasibətlər çərçivəsində xaricə ezamiyyət səfərləri və birgə seminarların mütəmadi olaraq təşkili davam etdirilib.
Pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən “Mərkəzi Çağrı Sistemi” vasitəsilə həyata keçirilməsi, habelə “ASAN xidmət” mərkəzlərində əmək pensiyalarının təyinatı xidmətinin təşkili işi daha da genişləndirilib.
Əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün hər hansı bir problem yoxdur
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” 16 yanvar 2016-ci il tarixli sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Sərəncamın icrası ilə bağlı Dövlət Sosial Müdafiə Fondu tərəfindən Azərbaycanın Milli qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin artırılaraq yenidən hesablanması təmin edilib.
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sosial proqramlar vaxtında reallaşdırılır, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilir.
Fond sədri deyib ki, Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının baza hissəsinin artırılmasına dair sərəncamı təxminən 1 milyon 223 min pensiyaçıya şamil olunub. Bu artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyaya aid pensiyaçıların sayı 73 min nəfərdir. Onların pensiyaları isə "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq fərqli qaydada artırılır.
DSMF sədri deyib ki, pensiyanın baza hissəsini 100 faiz alanların (1 milyon 169 min nəfər) pensiyasının artımı 10 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çoxdur. Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar ((I qrup gözdən əlillər istisna olmaqla) 17 min nəfər)) üzrə artım 13 manat, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar üzrə ((I qrup gözdən əlillər) 8700 nəfər)) isə 21 manat təşkil edir.
Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 20 manat artırılaraq 220 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 18 manat 50 qəpik artırılaraq 203 manat 50 qəpiyə çatdırılıb. Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların pensiyasının baza hissəsi 11 manat olub. Böyük Vətən Müharibəsi (BVM) iştirakçılarının pensiyasının baza hissəsi 19 manat, I qrup BVM əlillərininki 25 manat, II qrup BVM əlillərininki 21 manat, III qrup BVM əlillərininki isə 19 manat artırılıb.
E.Mehdiyev qeyd edib ki, əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün hər hansı bir problem yoxdur və bu məqsədlərə ilin sonuna kimi təxminən 140 milyon manat əlavə vəsait yönəldiləcək.
Dürüstləşdirilmiş büdcə maliyyə dayanıqlığını daha da artıracaq
Dünyada gedən iqtisadi böhran, eləcə də birjalarda neftin qiymətinin 4 dəfə aşağı düşməsi Azərbaycan hökumətini təyin olunmuş dövlət büdcəsinə yenidən baxmağa vadar etdi. Elə buna görə də, dürüstləşdirilmiş büdcədə neftin 1 barelinin 25 dollardan hesablanması qərara alındı.
Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsinin qəbulu ölkəmizin sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının daha da artırılmasına əlavə imkan yaradıb. «Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bazar iqtisadiyyatının tələblərinə uyğun reallaşdırılan islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurlu icrasının nəticəsidir ki, hazırkı şəraitdə ölkəmizdə bütün sosial proqramlar vaxtında reallaşdırılır, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilir». Bunu Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsinin müzakirəsi zamanı Fondun sədri Elman Mehdiyev öz çıxışında diqqətə çatdırıb.
Dürüstləşdirilmiş büdcə layihəsində Fondun gəlir və xərclərinin 3307,4 milyon manat proqnozlaşdırıldığını qeyd edən E.Mehdiyev bildirib ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228,8 milyon manat və ya 7,4 faiz çoxdur. Dövlət Sosial Müdafiə Fondunun sədri məlumat verib ki, gəlirlərin gözlənilən artımının 82,8 milyon manatı və ya 36,2 faizi məcburi dövlət sosial sığorta haqları, 146 milyon manatı və ya 63,8 faizi dövlət büdcəsindən ayırmalar (transfert) hesabına təmin ediləcək. «2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3239 milyon manat nəzərdə tutulur, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,6 faiz və ya 227,8 milyon manat çoxdur».
E.Mehdiyev onu da bildirib ki, əmək pensiyalarının ödənişi xərcləri 3136,1 milyon manat olmaqla, 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,3 faiz və ya 212,5 milyon manat artımla proqnozlaşdırılır.
Xərc artımında yaşa görə əmək pensiyasının baza hissəsinin 110 manat təyin edilməsi ilə bağlı olaraq, bütün növ əmək pensiyalarının baza hissəsinin və baza hissəsinə əlavələrin yenidən hesablanması, müəyyən kateqoriyadan olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarındakı artıma müvafiq qulluq stajına görə əmək pensiyalarına əlavələrin artırılması, eləcə də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi xərclərinin dürüstləşdirilməsi nəzərə alınıb. Layihədə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin bütün növləri üzrə də artım nəzərdə tutulub. Müavinətlərin ödənişi xərcləri 102, milyon manat olmaqla, 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 17,5 faiz və ya 15,3 milyon manat artımla nəzərdə tutulub.
Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərində 0,9 milyon manat və ya 4,5 faiz artım nəzərdə tutulub, bu istiqamət üzrə xərclər 20,1 milyon manat ilkin məbləğə qarşı 21,0 milyon manat həcmində proqnozlaşdırılıb.
Pensiya təminatının yaxşılaşdırılması daim gündəmdədir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına bütün çətinliklərə baxmayaraq pensiyaçıların həyat və yaşayışlarının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb:
“Manatın 2015-ci ildə baş verən devalvasiyasını nəzərə alanda müəyyən çətinliklərin yaşandığı mütləq qeyd olunmalıdır. Amma bildiyiniz kimi hər dəfə dövlət büdcəsinin müzakirəsi zamanı və düzəlişlər ediləndə cənab Prezidentin verdiyi tövsiyə və qərarlar sosial müavinət, sosial yardım, əmək haqları, pensiyaları saxlamaq və ya artırmaqdan ibarət olub. 2015-ci ilin 21 dekabr devalvasiyasından sonra bütün bunlar, o cümlədən pensiyaların baza hissəsi 10 faiz artırılıb. Təbiidir ki, bu, pensiyaçıların bütün problemlərini olmasa da, müəyyən hissəsini həll etməyə kömək olub. Mən hesab edirəm ki, imkan daxilində, pensiya yaşında olan insanların təminatı məsələsi gündəmdən çıxarılmamamlıdır”. Deputat dünya bazarlarında neftin qiymətində artımlar qeydə alınacağı təqdirdə, dövlət büdcəsinə əlavə vəsait toplanacağını və bunun sayəsində əmək pensiyalarının yenidən artırılmasının gündəmə gələ biləcəyini istisna etməyib.
Pensiya artımına sevinən kəndli
1939-cu il təvəllüdlü Ağstafa rayon Tatlı kənd sakini Maya Əsgərova Modern.az saytına pensiyaların baza hissəsinin 10 faiz artımına çox sevindiyini deyib: “Dollar bahalaşandan sonra dolanışıq çətinləşmişdi. Yaşlı adamlarıq, çörəyimiz torpaqdan çıxır. Tez-tez həkimə getməli, hansısa dərmanları almalı oluruq. Elə pensiyanın artımı aylıq dərmanlarımın müəyyən hissəsinə bəs edir. Yaşlı insanların, kəndlilərin vəziyyətinin nisbətən yaxşılaşmasında bu artım müsbət rol oynadı. Ümid edirəm ki, pensiyalar bir az da artacaq”.
Daha çox ödəniş, daha çox pensiya
İqtisadçı-alim Vüqar Bayramov Modern.az saytına deyib ki, Azərbaycanda mövcud pensiya konsepsiyasının əsas məqsədi pensiya təminatının gücləndirilməsi, eyni zamanda pensiya ödənişlərinin sosial sığorta məbləğlərinə uyğunlaşdırılmasından ibarətdir:
“Pensiya konsepsiyası artıq pensiya baza hissəsinin ləğv edilməsi, buna uyğun olaraq sosial yığımların 50 faiz deyil, 100 faiz həcmində pensiya yaşı tamam olan insanlara qaytarılmasıdır. Hal-hazırda yığımların 50 faizi ehtiyatda saxlanılır, digər 50 faizi isə cari xərclərin ödənilməsi üçün istifadə olunur. Praktik olaraq yeni pensiya konsepsiyası imkan verəcək ki, vətəndaşların yığımları 100 faiz onun hesabına toplansın. Pensiya yaşı tamam olduqda həmin pensiyanın ödənişlərdə yer almaq imkanı olsun. Bu da daha çox ödəniş edənin daha çox pensiya almasına şərait yaradacaq. Eyni zamanda mövcud pensiya konsepsiyasında könüllü sosial yığımların da həyata keçirilməsi nəzərdə tutulub.
Vətəndaş icbari sosial yığımlarla yanaşı könüllü sosial yığımlardan da istifadə etdikdə pensiya yaşına çatanda ondan yararlana biləcək.
Pensiya konsepsiyasında inkişaf etmiş ölkələrdə, eləcə də Amerikada olduğu kimi pensiya yığımları ilə bağlı minimumun müəyyənləşdirilməsi və minimum ödənişlərdən sonra vətəndaşa öz pensiya yaşını müəyyənləşdirmək hüququnun verilməsini təklif edirik. Xüsusən inkişaf etmiş ölkələrdə, bəzi hallarda neft sektorunda çalışan işçi kifayət qədər sosial ödənişləri olduğu halda, bu ödənişlərdən yalnız pensiya yaşı tamam olduqdan sonra istifadə edə bilir. Elə bu səbəbdən də minimum yığım müəyyənləşdirilməlidir.
Minumum yığımdan artıq olan hissədən sonra vətəndaşa pensiya yaşının müəyyən edilməsi hüququ verilməlidir. 40 yaşına qədər sosial yığımlar həyata keçirilibsə, vətəndaşın 40 yaşından sonra pensiyaya çıxmaq hüququ olmalıdır. Minimum yığımlar pensiya yaşı üçün saxlanılmalı, digər artıq qalan hissəsi isə onun özünə qaytarılmalıdır”. Ekspert əmək pensiyalarının hesablanması zamanı müəyyən olunmuş iş stajı tələbini məqbul saymır:
“Hazırda əmək pensiyası hesablanan zaman 12 illik staj tələb olunur. Biz bunun dəyişdirilməsi tərəfdarıyıq. Çünki, bu tip meyarlar ilə görə deyil, ödənişlərin həcminə görə müəyyənləşməlidir. Belə olan təqdirdə ödənişin məbləğinə uyğun olaraq əmək pensiyası təklif olunmalıdır.
Əgər vətəndaş neft sektorunda çalışırsa, 3 il ərzində səhiyyə və ya digər sektorda çalışanlardan bir sıra hallarda onun 15 il ərzində etdiyi ödənişlərdən artıq ödəniş edir. Onun pensiyasına bağlı meyarlar ilə görə olduğu üçün əmək pensiyasından istifadə etmək hüququ olmur.
Məbləğlə bağlı minimumların müəyyənləşdirilməsi və ona uyğun pensiyaların təyin olunması vacibdir. Həmçinin özəl pensiya fondlarının inkişafı da mütləqdir.
Özəl Pensiya Fondları Sosial Müdafiə Fondunun büdcədən asılılığının aradan qaldırılması baxımından vacibdir. Həmin vəsaitləri qiymətli kağızlar və ya maliyyə bazarına yönəltməklə həm Özəl Pensiya Fonduna, həm də Sosial Müdafiə Fonduna gəlir əldə etmək imkanı verəcək. Bu da öz növbəsində büdcədən asılılığı aradan qaldırmağa şərait yaradacaq. Məsələn, vətəndaş aylıq 15 manat ödəməklə pensiya yaşı tamam olanda yalnız dövlətdən deyil, həm də özəl pensiya fondundan vəsait almaqla pensiya yaşında daha çox gəlir əldə etmək imkanı qazanacaq.
O baxımdan mövcud pensiya konsepsiyası vətəndaşların sosial ödənişlərini stimullaşdırsa da belə, qeyd etdiyim təkliflərin həyata keçirilməsini vacib sayıram.
Həm də digər vacib bir məqam, sosial ödənişlərin məbləği ilə bağlıdır. Azərbaycanda 22 faiz sosial ödəniş məhz işə götürən sahibkar tərəfindən ödənir. Bu da ona gətirib çıxarır ki, ya əmək haqqı ödənmir, ya əmək müqaviləsi bağlanmır. Vətəndaşın pensiya təminatında ciddi problemlər yaranır. Ona görə biz təklif edirik ki, sahibkarlarla müqavilələrin bağlanması üçün sosial ödəniş işçi ilə işəgötürən arasında bölüşdürülsün. Bu praktika Avropa ölkələrində tətbiq edilir. Bu, birmənalı şəkildə işəgötürənlərin əmək müqavilələri bağlamaqdan yayınmamasına gətirib çıxaracaq. Sahibkar əmək müqaviləsinin bağlanmasında maraqlı olacaq ki, bu da vətəndaşın dövlət büdcəsinə daha çox ödəniş etməsinə və sosial yığımlarının artmasına səbəb olacaq”.
Gülşən RAUFQIZI
Yazı Dövlət Sosial Müdafiə Fondunun “Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir” mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur