
İkinci Dünya Müharibəsi zamanı Rusiyanın Smolensk şəhəri ətrafında döyüşlərdə həlak olmuş və indiyədək itkin düşmüş hesab edilən, yenicə aşkarlanmış kütləvi qəbiristanlıqda basdırılmış azərbaycanlılardan daha birinin yaxın qohumu tapılıb. Bu barədə Modern.az-a Respublika Veteranlar Təşkilatının Veteranların sosial müdafiəsi şöbəsinin müdiri Kamal Əliyev deyib. O qeyd edib ki, aprelin 22-dən sonra aparılacaq qazıntı işlərində hansı azərbaycanlının orda basdırıldığı məlum olacaq.
“Siyahılar açıqlanıb. Amma orada dəfn olunanlarla eynidirmi həmin siyahı? Müharibə vaxt döyüşçülərə medalyon verirdilər, patrondan hazırlanmış medalyonda döyüşçülərin bütün məlumatları, adı, soyadı, haradan, neçənci ildə çağırıldığı, hansı republikanın vətəndaşı olması qeyd edilib. O patron nə itirdi, nə islanırdı, nə də xarab olurdu, döyüşçünün boynunda hər zaman asılı qalırdı”.
Polkovnikin sözlərinə görə, döyüşlərdə həlak olmuş Süleymanov Əhmədin 1ardaşı oğlu onlarla əlaqə saxlayıb.
“O, Bakının Qaradağ rayonundan çağırılıb, qardaşı oğlu mənimlə əlaqə yaradıb. Smolensk şəhəri ətrafında döyüşlərdə həlak olmuş və indiyədək itkin düşmüş hesab edilən azərbaycanlılar haqqında televiziya vasitəsilə məlumat yayıldı. Onların qohum-əqrəbalarından sağ qalan varsa, çox gümanki məlumat əldə ediblər. Bununla hesab edin ki, axtarışlar başlayıb. Bir müddət əgər xəbər çıxmazsa həmin rayonların təşkilatlarına, icra hakimiyyətlərinə məktublar göndərəcəyik. Qazıntılar başlasın, məlumat dəqiq olsun. Bu gün arxiv sənədində azərbaycanlıların adını hallandırırlar, sabah axtarıb heç nə tapmasalar insanlara nə deyəcəyik. Ona görə qazıntı işləri başlasın, tam siyahı dəqiqləşsin. Sonra bu işin üzərinə ciddi düşək”.
İkinci Dünya Müharibəsi zamanı Smolensk ətrafında döyüşlərdə həlak olan və yenicə aşkarlanmış kütləvi qəbiristanlıqda basdırılmış bəzi azərbaycanlıların siyahısı:
Sultanov Ağasuvar Xankişi oğlu, 1911, Əli Bayramlı şəhəri
İsayev Əşir Kərim oğlu, 1913, Nuxa (Şəki)
Əliyev Şükür, 1909, Əli Bayramlı
Səfərov Məhəmməd Əli oğlu, 1908, Tərtər
Süleymanov Əhməd, 1907
Astanov Səməd, 1917, Tovuz rayonu
Mayılov Qurbani Xudaş oğlu 1915, Yardımlı
Mitayev Orucəli Orucəli oğlu 1907, Əli Bayramlı
Məmmədov Süleyman Müslüm oğlu, 1908, Tovuz
Abiyev Həbibi Qadjamoviç, 1913, Qusar
Səfərov Əliqulu ,1909, Əli Bayramlı
İzbəyov İbad, 1920
Mustafayev Əli, 1914, Salyan rayonu
Cabbarov Salah Abdul oğlu, 1920, Zəngilan rayonu
Quliyev Ələkbər, 1905, Ağdam rayonu
Bəşirov Asən, 1909, Əli Bayramlı
Qədimov Qalib, Musa oğlu, 1915, Nuxa (Şəki)
Ağəmmədov Həsən Haqverdi oğlu, 1916, Qax
Quliyev Süleyman Məzi oğlu, 1902
Quliyev Sərhəd, Əli Bayramlı
Vəliyev Mehralı Ağabala oğlu, 1905, Nuxa (Şəki).
Aytən ZƏHRA