
Bu gün jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı həbs edilən Elşən İsmayılov, Camal Məmmədov və Samir Mustafayev son söz deyiblər.
Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, təqsirləndirlən Camal Məmmədov çıxışnda bildirib ki, bu iş düzgün aparılmayıb:
“Mən hansı ədalətdən danışa bilərəm? Həkimlərin barəsində bu qədər fakt olsa da, heç biri araşdırılmayıb. Biz xuliqanlıq etmişik, amma ölüm həkimlərin ucbatından baş verib. İttihamda yazılıb ki, biz əlbir olmuşuq. Biz Bin Laden deyilik ki, əlbir olub cinayət törədək. Cənab hakim, mənə etdiyim cinayətə görə cəza verin. Sizdən haqq-ədalət gözləyirəm”.
S.Mustafayev də qətldə özünü təqsirkar görmədiyini qeyd edib. Ortada videogörüntülərin olduğunu deyən təqsirləndirilən şəxsin sözlərinə görə, burada oturanları tanımır:
“Mənim günahım yoxdur. İttihamda yazılıb ki, əlbir olmuşuq. Mən Rasimə əl verib onu yerdən qaldırmışam. Mənim cinayətdə rolum nə olubsa, onu görməmək üçün kor olmaq lazımdır. Bizim ifadələrimiz ittiham aktında yazılmayıb. Əgər Pərviz zəng edib Elşəngilə çayxananın yerini göstərməyimi xahiş etməsəydi, mən burada olmazdım”.
Digər təqsirləndirilən Elşən İsmayılov isə ifadəsində Rasimi öldürmək fikrinin olmadığını bildirib: “Əgər belə bir fikrim olsaydı, tək öldürərdim. Mən xuliqanlıq etmişəm, bu uşaqların heç bir rolu olmayıb. Bu işdə Samir və Arifin günahı yoxdur. Bizə verilən maddə ağırdır. İttihamla razı deyiləm, özümü qismən təqsirli bilirəm. Cinayət bilmədən olub. Düzgün qərar verilməsini istəyirəm”.
Məhkəmə sabah saat 10:30 qədər təxirə salınıb.
Xatırladaq ki, ann.tv-nin əməkdaşı Rasim Əliyev facebookda futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə 8 avqust, 2015-ci ildə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ertəsi gün orada vəfat edib.
Bununla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs-qətimkan tədbiri seçilib.
O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə səbəb olmuş futbolçu, “Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun barəsindəki cinayət işi digər təqsirləndirilən şəxslərin işindən ayrılıb.