Modern.az

Xeyir

Xeyir

Təhsil

2 Aprel 2016, 09:15


 

Əmrah Fəqanoğlu

Payız günlərinin birində Əhmədağa yenicə aldığı «Jiquli»si ilə Bakıya getmək qərarına gəldi. Amma iş burasında idi ki, onun sürücülük vəsiqəsi yox idi. Belə bir vəsiqəyə malik olmadan sükan arxasında əyləşmək isə, necə deyərlər, ağılsızlıq olardı. Əhmədağa çox düşünüb-daşınandan sonra yaxın dostu İsmixanı xatırladı. İsmixan müəllim «Jiquli»sini artıq bir ay olardı ki, satmışdı. Ümumi rəyə görə, əla maşın sürmək qabiliyyəti vardı.

Əhmədağanın qənaətincə, belə bir adamın sürücülük vəsiqəsi olmamış deyildi. Bakıya getmək fikrini İsmixana bildirəndə o dərhal razılaşdı. Amma bircə şərtlə. O da həmin şərt idi ki, səfərə şənbə günü  yola düşsünlər…

Belə də etdilər. Şənbə günü səhər tezdən İsmixan Əhmədağanın maşınının sükanı arxasında yerini rahatladı. Onunla yanaşı-öndə də Əhmədağa əyləşdi. Yola düşdülər. Xülasə, gəlib yetişdilər Bakı şəhərinə. Əhmədağanın xahişinə əsasən əvvəlcə maşını yönəltdilər onun bacısı yaşayan evə sarı.

Bacısı hər ikisini mehriban üzlə qarşıladı. Az keçmiş onlar üçün çay dəstgahı hazırlandı. Əhmədağa pürrəngi çaydan içə-içə:

-Bilirsən, İsmixan müəllim, nə demək istəyirəm?-dedi.

- Mənim Əhmədli tərəfdə, səndən yaxşı olmasın, yaxşı bir dostum yaşayır. Mümkün olsa, nahardan sonra ona da bir baş çəkərik. Özü də bu gün iş günü deyil, mütləq evdə olmalıdı. 

Bacısı söhbətə müdaxilə elədi:

-Onda avtobusla getsəniz, daha yaxşıdır. Yoxsa avtomobil müfəttişləri heç yerdən sizi ilişdirəcəklər. Özləri də ki, rayon maşınlarına yaman qənimdirlər.

-Sən nə danışırsan, ay bacıı, deyirsən, hazır şəxsi maşın ola-ola avtobus dayanacaqlarında ayaq döyək? Qaldı ki, avtomobil müfəttişlərinə, onlarla da dil taparıq. Sənədlərimiz düz olandan sonra onların bizimlə nə haqq-hesabı ola bilər?

-Ay qardaş, sən onları hələ yaxşı tanımırsan. Neynək, yaxan keçər əllərinə, onda tanıyıb bilərsən…

Söhbət bununla da bitdi. Daha heç kəs bu barədə kəlmə kəsmədi. 

…Payız günəşinin həzin şüaları altında ağ bir «Jiquli» şəhərin küçələri ilə Əhmədliyə doğru şütüyürdü… Qəflətən fit səsi eşidildi. Sükan arxasında əyləşən İsmixan da, yanaşı oturacaqda yerini rahatlayan Əhmədağa da eyni vaxtda səs gələn tərəfə baxdılar.

Bəli, bu yolun sol hissəsində dayanmış motosikletdəki avtomobil müfəttişinin «saxla» işarəsi demək idi. İsmixan cəld maşını sağ səmtə çəkib saxladı. Hər ikisi «Jiquli»dən düşüb müfəttişə yanaşdı. Əhmədağa ucadan: -Salam, yoldaş müfəttiş! Hər vaxtınız xeyir!-dedi.

-Starşina Məcidov!-orta yaşlı avtomobil müfəttişi özünü təqdim etdi.

-Eloğlu, mənim vaxtımın xeyir olub-olmamağı isə sizdən asılıdı. Görürəm, rayondan gəlmisiniz. Əhmədağa sözdən bir şey anlamadı: -Hə, qonaq gəlmişik,-dedi. Gərək qonağa da hörmət eləyisiniz. Daha yolundan etməyəsiniz. 

-Amma bu hörmət, öz aramızdır, qarşılıqlı olmalıdır. Yəni hörmət hörmətə bağlıdır. Başa düşdün? Yoxsa ki, xeyirsiz qonaqdan olmasa yaxşıdır!-müfəttiş üz-gözünü turşutdu- axı nəyimə gərəkdi elə qonaq?

Əhmədağa ilə İsmixan mat-məəttəl durub baxırdılar müfəttişin üzünə. Elə bu anda müfəttiş yüksək sürətlə gedən «Volqa»nı əylətdi. Sürücü maşından düşüb, salamsız-kəlamsız ona yaxınlaşdı, əlindəki vəsiqəni irəli uzatdı.

Məcidov vəsiqəni alıb vərəqlədi, arasındakı onluğu peşəkarcasına sürüşdürüb cibinə qoydu.

Vəsiqəni qaytardı «Volqa»nın sürücüsünə: 

-Get yolun sağı ilə!-dedi.-Sənə yaxşı yol! Bir az fikirləşəndən sonra üzünü İsmixanla Əhmədağaya tərəf tutub:

-Görürəm, siz qanan adamlardan deyilsiniz,-dedi.

- Elə isə verin bura dokumentlərinizi. Əhmədağa maşının ona mənsub olması haqqındakı sənədi göstərdi. -Bəs, sürücülük vəsiqəsi?

-Hələ almamışam, maşını bu oğlan idarə edir-əli ilə İsmixanı göstərdi.

-Elə isə, cavan oğlan, sürücülük vəsiqəsini bəri elə-yol müfəttişi istehzalı şəkildə gülümsündü. İsmixanın indi yadına düşdü ki, vəsiqəni pencəyin cibində, Əhmədağanın bacısıgildə unudub. Qaldı, necə deyərlər, kor-peşiman. Bunu müfəttişə də dedi, amma nə faydası?! -De görüm harda işləyirsən, cavan oğlan?

-Rayon qəzetinin redaksiyasında.

-Deməli, belə… Ancaq mən sizə xeyir məsələsini deməkdə zarafat eləyirdim. Bizim vəzifəmiz qanunla işləməkdi. Qanun, vəssalam! Ona görə də maşını qoymalısınız cərimə meydançasına. Sürücülük vəsiqəsini gətirəndən sonra apararsınız…

İki saat keçməmişdi ki, vəsiqəni götürüb gəldilər. Amma müfəttiş onlara yaxın düşmədi ki, düşmədi.

–Gedin böyüklərlə danışın,-dedi-rəisimizlə. Ondan sonra verərəm maşınınızı! İsmixan redaksiyada mühasib işləyirdi. Hardan biləydi ki, «redaksiyada işləyirəm» söyləməsi işləri belə çətinləşdirəcəkdi.

… Dörd gündən sonra Əhmədağa ilə İsmixan «Jiquli»ni geri alıb rayona qayıda bildilər. Amma «qanunpərəst» müfəttişin rəisinə Əhmədağanın verdiyi dörd yüz manat “xeyir”dən sonra…

  Tallinn şəhəri, 08.10.1988.   

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?