
Azərbaycan Ordusunun aprelin 2-də həyata keçirdiyi əks həmlələr, iki kəndin, 1 yüksəkliyin azad olunması, düşmənin canlə qüvvə və texnika sarıdan tələfat verməsi qarşı tərəfdəkilərin kürkünə birə salıb. Modern.az saytının məlumatına görə, son hadisədən sonra ermənilərə məxsus sosial şəbəkələrdə istifadəçilər Ermənistanda və Dağlıq Qarabağda yaranmış pessimizm əhval-ruhiyədən bəhs edirlər. Ermənilərin təşvişə düşdükləri açıq-aşkar hiss olunmaqdadır.
Hərbi mənbələrdən verilən məlumata görə, müşahidələr Xankəndi istiqamətində yerləşən yaşayış məntəqələrinin erməni sakinlərinin panika yaşadığını deməyə əsas verir.
Bəzi erməni internet resurslarında yayılan məlumatlara görə, işğal altındakı Dağlıq Qarabağda hərbi xidmət keçən ermənistanlı əsgər və zabitlərin narazılığı artıb. Onlar Ermənistan gənclərinin Qarabağa nə üçün gətirildiklərini, niyə Azərbaycanda ölüb-yaralandıqlarını sual etməyə başlayıblar. Bu məsələyə görə hətta hərbi hissələrdəki Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında mübahisələrin yaşandığı, ikincilərin kritik məqamlarda çıxıb gedə biləcəklərini söylədikləri barədə xəbərlər var. O da bildirilir ki, Qarabağdakı silahlı qüvvələrdə yaranmış bu vəziyyət işğalçı orduya rəhbərlik edənləri əl-ayağa düşməyə məcbur edib.
Azərbaycan Müdafiə Nazirliyi isə bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə son sutka ərzində atəşkəs rejimini ümumilikdə 130 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı kəndində, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Çaylı, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 137 dəfə atəş zərbəsi endirib.
Modern.az