Modern.az

Tələbələr ayda nə qədər pul xərcləyirlər?

Tələbələr ayda nə qədər pul xərcləyirlər?

25 Dekabr 2009, 16:01

MODERN.AZ-IN SORĞUSU

 

Tələbəlik həyatını yaşayan hər kəsə bəllidir ki, əlavə maddi dəstək olmadan ötüşmək çox çətindir. Ya valideynlərin köməyinə arxalanmalısan, ya da tələbəliklə yanaşı, haradasa işləyib özünü dolandırmalısan. Təkcə tələbə təqaüdünün ümidinə qalsan, gərək ali məktəbi atasan. Azərbaycanda tələbələrin böyük əkdəriyyəti maddi sıxıntıdan əziyyət çəkir.   Xatırladaq ki, 

Azərbaycan Respublikasının dövlət təhsil müəssisələrində təhsil alan aspirantların, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələ və şagirdlərinin təqaüdləri

sonuncu dəfə

ölkə başçısı

nın 2008-ci ilin sentyabrında imzaladığı sərəncam əsasında artırılıb. Həmin sərəncama əsasən, 2008-ci il sentyabrın 1-dən etibarən aspirantların və ali məktəblərdə adlı təqaüd alan tələbələrin aylıq təqüdləri 90 manat olub. Magistr pilləsi üzrə əla qiymətlərlə oxuyan tələbələrin təqaüdləri 75, yaxşı qiymətlərlə oxuyan tələbələrinki 60, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrinki isə 40 manata çatdırılıb. Bakalavr pilləsi üzrə əla qiymətlərlə oxuyan tələbələrə 70, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 55, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə 35 manat manat təqaüd verilir. Orta ixtisas məktəblərində əla qiymətlərlə oxuyan tələbələrə 35, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 30, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə 25 manat təqaüd müəyyənləşdirilib.

Peşə məktəbləri və peşə liseylərinin şagirdlərinin aldığı aylıq təqüdləri 25 manatdır.

 

Modern.az ayrı-ayrı ali məktəblərin tələbələri arasında sorğu keçirib, onların maddi problemləri necə ötüşdürdüyünü öyrənib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin 2-ci kurs tələbəsi Turanə Alışanova ehtiyaclarını tam ödəyə bilmədiyini deyir: “Orta hesabla ayda 200 manat xərcləyirəm. Ancaq tələbatlarımın hamısını ödəyə bilmirəm. Qrup yoldaşlarım məndən daha yaxşı geyinəndə, istər-istəməz sıxılıram”.

BDU-nun Tarix fakultəsinin 3-cü kurs tələbəsi Kəmalə Orucova da eyni fikirdədir: “Ayda 300 manata yaxın pulum çıxır. İşləməyə də imkan yoxdur. Çünki dərs saatı çox olur. İndi tələbələr üçün daha çətindir”.

Azərbaycan İctimai-Siyasi Universitetinin Jurnalistika fakultəsinin 5-ci kurs tələbəsi Vüsalə Seyidova qiyabi oxuduğu üçün xərcinin az çıxdığını deyir: “İşlədiyim yerdən 100 manat maaş alıram. Onun 30 manatını yol puluna xərcləyirəm. Ailədə kömək olmasa, çətin olar. İndi kitabın birini 20-30 manata alırıq. Başqa şeylərə xərclədiklərimi də nəzərə alsam, aya 300-350 manat sərf edirəm”.

Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsinin 3-cü kurs tələbəsi Turan Əhmədova təhsil aldığı müəssisədə güzəştin çox az olduğunu deyir: “Ayda xərclədiyim pul 350-400 manatdır. Bura yolpulu yemək xərci, paltar, kosmetikaya sərf etdiyim vəsait daxildir. Bufetimizdə qiymətlər bahadır. Bəzən olur ki, biz nahar etmirik. Yorğun dərsdən çıxıb, ac halda digər dərsə giririk. Heç olmasa yeməkxanada tələbəyə güzəşt etsələr yaxşı olar”.

Azərbaycan Tibb Universitetinin 2-ci kurs tələbəsi Cəmilə Quliyeva indiki dövrdə tələbəlik həyatının mənasız olduğunu düşünür: “İndi tələbələr üçün heç bir güzəşt yoxdur. 300 manat kirayə haqqı verirəm. Tələbələr daha çox metrodan istifadə edirdi, onu da bahalaşdırdılar. Mənimçün tələbəlik həyatı çox maraqsız keçir. Kinoteatr nədir, biz tələbələr bilmirik. Bileti 10 manata satırlar. Onu alsaq, başqa ehtiyaclarımızı nə ilə ödəyərik?”.

Azərbaycan Dillər Universitetinin 1-ci kurs tələbəsi Zülfiyyə Yaqubova təqaüdün az olmasından narazıdır: “Təqaüdüm 30 manatdır. Aldığım təqaüd heç kirayə haqqını ödəmir. Tələbənin işləməyə nə vaxtı, nə də imkanı var”.

Lənkəran Dövlət Universitetinin İqtisadiyya fakultəsinin 2-ci kurs tələbəsi Rəhman Rəhmanov da şikayət edir: “Mən sevinirəm ki, əyani oxumuram, çünki 1-ci  kursu 2 ayın imtahanları ilə birlikdə 400 manata başa vurdum”.

Sumqayıt Dövlət Universitetinin Tarix fakultəsinin 3-cü kurs tələbəsi Sahil Quliyev ehtiyaclarını ödəmək üçün həm də işləyir: “Günorta dərsə gedirəm, gecələr isə işləyirəm. Ayda 200 manat kirayə haqqı verirəm. Bundan başqa imtahanları vermək üçündə pul qazanmaq lazımdır”.

Müəllimlər İnstitunun 2-ci kurs  tələbəsi Günel Məmmədova da narazıdır:Mən kirayə qaldığım üçün xərcim daha çox çıxır. 250 manat kirayə puludur, geyim, ərzaq və başqa şeylər üçün xərclər tələb olunurs. Bir sözlə, indi oxumaq üçün pul lazımdır. Amma ümid edirəm ki, universiteti bitirib yaxşı iş tapa biləcəm”.

Azərbaycan İqtisadiyyat Universitetinin 3-cü kurs tələbəsi Elşən İskəndərov ayda 400 manat xərcləyir: “Demək olar ki, ailədə daha çox xərcləyən mənəm. Çünki həm kitabların, həm də nəqliyyatın qiyməti bahadır. Məncə tələbə üçün gediş haqqını ucuzlaşdırsalar, yaxşı olar. Elə tələbə var ki, gün ərzində 2 manat yol puluna sərf edir. Əks halda bu yazıq tələbə necə yaşasın?”.

Bakı Qızlar Universitetinin 1-ci kurs tələbəsi Günel Rəsulova: “Ödənişli əsasla təhsil alıram.Evdən hər zaman pul istəməyə adamın üzü gəlmir. Məcbur olub istəklərini təxirə salmalı olursan”.

Azərbaycan Beynəlxalq Universitetinin 4-cü kurs tələbəsi Rahil Məmmədov da tələbə həmkarlarının fikri ilə razıdır: “Özəl universitetdə oxumaq daha çətindir. Çünki oxudun-oxumadın pul verməlisən”.

Bakı Slavyan Universitetinin 2-ci kurs tələbəsi Əli Əhmədov ödənişli əsaslarla oxuduğu üçün işləyir: “Azərbaycanda tələbəyə heç bir güzəşt edilmir. Xaricdə elə universitetlər var ki, tələbə üçün müəyən güzəştlər tətbiq edir. Gündəlik xərclərimi ödəmək üçün oxuya-oxuya işləyirəm”.

Bakı Slavyan Universitetinin digər tələbəsi Aynur Ramazanova xərclərini çox çıxdığını desə də, tələbəliyin maraqlı keçdiyini bildirir: “Ayda təxminən 500 manat xərcləyirəm. Amma yenə də məmnunam. Çünki tələbə adını qazanmaq üçün 3 il sərf etmişəm”.

Memarlıq və İnşaat Universitetinin 2-ci kurs tələbəsi Elvin Cavadov üçün də çətindir: “Paytaxtda evlər ildən-ilə bahalaşır. Kirayə qalmaq üçün 300-400 manat pul lazımdır. Gündəlik qida və tədris materiallarını da üstünə gəlsək, tələbə üçün çox ağırdır”.

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi Günay Zeynallı  imkansızlıqdan şikayətlənir: “Ən böyük problem təqaüd almaqla bağlıdır. Həmişə gec verirlər. Təqaüdüm 40 manata yaxındır. Ancaq artırsalar yaxşı olar. Azərbaycan dilində olan dərsliklərin əksəriyyətinin də qiyməti çox bahadır. Almağa imkan olmur”.

Türkiyənin Sakarya Üniversitetinin Strateji İdarəetmə fakültəsində təhsil alan azərbaycanlı tələbə Fariz Əhmədov  xaricdə təhsil almağın maddiyyat baxımından çətin olduğunu deyir: “Mən ildə 1500 dollar təhsilhaqqı verirəm. Özüm üçün xərclədiyim pulları da hesablasam çox çıxır. Amma orta bir tələbənin keçinməsi üçün aylıq 700-1000 dollarla yaşamaq olar”. İnternet vasitəsilə rəyini öyrəndiyimiz tələbələr sosial vəziyyətinə görə bir-birindən fərqlənən müxtəlif ailələrin övladlarıdır. Deməli internetə də pul xərcləyə bilirlər. Amma ayda tələbəlik həyatını 100-150 manatla keçirən, internetə daxil olmağa imkanı çatmayan tələbələrimiz çoxdur, lap çox... Azərbaycanda maddi problemlər üzündən həm də tələbə adından məhrum olan gənclər də var. Bəziləri təhsili könüllü yarımçıq qoyur, kimisi təhsilhaqqını ödəyə bilmədiyindən qovulur, eləsi də var ki, tələbə adından başqa cür məhrum olur. Bu yay ali məktəbin ödənişli ixtisasına qəbul olunduğunu eşidib özünü asan salyanlı gən qız kimi...

Günay MUSAYEVA

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə