Modern.az

Veteranlara Qarabağda 20 sot torpaq verilsin, 80 manat kəsilsin! - Partiya sədri

Veteranlara Qarabağda 20 sot torpaq verilsin, 80 manat kəsilsin! - Partiya sədri

Ölkə

4 Noyabr 2025, 11:41

Dünya xalqlarının, o cümlədən türklərin ən qədim ənənələrindən biri istənilən müharibədə, savaşda qalib gələn alpın, qazinin, şəhid olmuş əsgər ailə üzvünün qalibiyyətdən pay alması olub. Türklərin qurduğu istənilən dövlətdə bu ənənə, bu törə həmişə olub.

Modern.az xəbər verir ki, bunu iqtisadçı, REAL Partiyasının sədri Natiq Cəfərli bildirib.

O qeyd edib ki, Azərbaycan son onillərdə dünyada ərazi bütövlüyünü, suverenliyini tam və geridönməz şəkildə təmin edən yeganə dövlətdir:

"Dünya xəritəsində ərazisində separatizm bəlası, işğal faktı olan heç bir ölkə son onillərdə buna bənzər qələbəyə, uğura nail olmayıb. Prezident İlham Əliyev də haqlı olaraq bir neçə dəfə öz çıxışlarında bu qələbənin memarının xalq, əsgər olduğunu vurğulayıb, Şəhid və Qazilərimizin qəhramanlığdan danışıb".

Partiya sədri müharibə veteranlarına verilən təqaüdün iki dəfə artırılmasının büdcə üçün böyük yük gətirməyəcəyini deyib:

"2025-ci il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda müharibə veteranlarının sayı 184 574 nəfər olub, onlara ayda 80 manat təqaüd verilir. Bu ödənişin azlığı dəfələrlə müzakirə mövzusu olub, parlamentdə, mediada bu problem dəfələrlə işıqlandırılıb, amma, təəssüf ki, hələ məsələ həllini tapmayıb. 2026-cı ilin büdcəsinin ilkin parametrlərində də bu ödənişin artacağına dair heç bir işarə yoxdur.

Müharibə veteranlarına ayda 14 mln. 765 min 920 manat ödənilir, ilə bu vəsait 177 mln. 191 min təşkil edir. Ödənilən vəsaiti 2 dəfə artırmaq büdcə üçün böyük yük gətirməz, amma, mənim təklifim budur ki, məsələnin həllinə başqa cür yanaşaq.

İşğaldan azad edilən torpaqlarımızda böyük infrastruktur işləri görülür, sürətli olmasa da, köç siyasəti həyata keçirilir, amma, əsas məsələ, həmin torpaqlarda mülkiyyət məsələsi, hələ də həllini tapmayıb. Həmin torpaqlarda özəl mülkiyyətlə bağlı məsələ həllini tapmadıqca, Qarabağ və Şərqi Zəngəzurda orqanik, təbii yolla iqtisadi münasibətlərin formalaşması çətin olacaq.

Təklifim budur ki, 20% torpaqlarımızı düşməndən azad edən müharibə veteranlarının hər birinə azad etdiyimiz ərazilərdə 20 sot torpaq verilsin və onlara həmin paydan istədikləri kimi istifadə etmək hüququ tanınsın. Yəni, istəsələr həmin torpağı sata, ev tikə, icarəyə verə bilərlər, bununla da həddən artıq az olan, qıcıq yaradan 80 manat ödəniş də tam dayandırılsın.

Bu yanaşma həm törəyə, həm də ədalətə söykənən yanaşma, ən vacibi, mülkiyyət məsələsinin həllində irəliyə doğru atılmış ciddi bir addım olardı. Özəl mülkiyyət, onun toxunulmazlığı, sərbəst dövriyyəsi olmadan inkişaf olmur, tariximizdə olan sovet-kolxoz yanaşması bunu sübut edən əsas arqumentdir..."

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Başqırdıstan vuruldu - Dəhşətli partlayışlar, şəhərlər alov içində