Ən çox vurğulanan məsələ səhiyyə xərcləri oldu.İlk növbədə qeyd etmək istəyirəm ki, bu gün təqdim olunan büdcə zərfində səhiyyə xərcləri tarixi rekord səviyyəyə çatıb. Bu, Azərbaycanın indiyədək planlaşdırdığı ən yüksək səhiyyə büdcəsidir - rəqəm 3,7 milyard manatdır.
Modern.az xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev deputatların suallarına cavab olaraq bir neçə komitənin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Bu daha çox ola bilərmi? Əlbəttə, ola bilər. Daha az ola bilərmi? Bu da mümkündür. Lakin gəlin bir dinamikaya baxaq: 2024-cü illə müqayisədə bu xərclər 1,1 milyard manat, yəni 40% artıb. Bu, sadəcə 2 illik bir dövrdə səhiyyə xərclərinin bu qədər yüksəlməsi deməkdir. Son 5 ilin göstəricilərinə baxsaq, səhiyyə xərclərində artım artıq 160%-ə çatıb. Bu, çox ciddi bir göstəricidir”.
“Qeyd olundu ki, ÜDM-də səhiyyə xərclərinin payı 1,7%-dən 2,5%-ə qədərdir. Bu, əksər inkişaf etməkdə olan ölkələr üçün tipik göstəricidir. Bəli, Avropa ölkələrində bu rəqəmlər daha yüksək ola bilər, lakin bu, onların tətbiq etdiyi icbari tibbi sığorta haqlarının dərəcələri ilə də sıx bağlıdır” – deyə nazir bildirib..
“Sual yaranır: biz hazırıqmı icbari tibbi sığorta haqlarını artırmaqla özəl sektorun üzərinə əlavə yük qoymağa? Düşünürük ki, hələlik buna ehtiyac yoxdur. Azərbaycanda sosial və iqtisadi inkişafın davamlılığı üçün balanslaşdırılmış bir fiskal siyasət həyata keçirilir. Bu siyasət çərçivəsində həm vergi, həm də fiskal yüklər çox diqqətlə və tarazlı şəkildə idarə olunur.
Bu səbəbdən hesab edirik ki, təqdim olunan səhiyyə xərcləri həm artım dinamikasına, həm də beynəlxalq müqayisələrə əsasən kifayət qədər güclü və dayanıqlı göstəricilərdir”.
Nazir onkologiya sahəsində xərclərlə bağlı fikirlərə də münasibət bildrib: “Məlumat üçün bildirim ki, 2026-cı ilin büdcəsində bu istiqamət üzrə müxtəlif tədbirlərə 118 milyon manat vəsait ayrılıb. Bu da 2025-ci illə müqayisədə 10%-lik artım deməkdir.
Hazırda biz icbari tibbi sığorta zərfinin daha da genişləndirilməsi istiqamətində ciddi işlər aparırıq. Hal-hazırda bu zərfə 8 yeni xidmət istiqaməti əlavə edilir”.