Azərbaycan Respublikası Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il üçün büdcə layihəsinə verdiyi rəyə əsasən, sənəddə bir sıra risklər və qeyri-dəqiqliklər mövcuddur.
Modern.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Rəydə bildirilir ki, gəlirlərin, xüsusilə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozlaşdırılan artım tempi əməkhaqqı fondu və makroiqtisadi göstəricilərlə tam uyğun gəlmir. Belə ki, orta aylıq əmək haqqının artımı 6,3 faiz səviyyəsində nəzərdə tutulduğu halda, sosial sığorta haqları üzrə gəlirlərin artımı təxminən 5,8 faiz səviyyəsində proqnozlaşdırılıb.
Hesablama Palatası qeyd edir ki, Fondun sərbəst vəsaitlərinin idarə olunması və investisiya fəaliyyətindən əldə edilən gəlirlər büdcə layihəsində tam şəkildə əksini tapmayıb.
Rəydə vurğulanır ki, DSMF gəlirlərinin strukturunda qeyri-büdcə sektorundan daxil olan vəsaitlərin payı artmaqdadır. Bu meyil sosial sığorta sisteminin sabitliyinə potensial risk kimi qiymətləndirilir. Çünki qeyri-büdcə sektorunda əmək münasibətlərinin qeyri-formal xarakter daşıması və ödəniş intizamının zəif olması gəlir mənbələrinin davamlılığını sual altına alır.
Hesablama Palatası gəlirlərin və xərclərin hüquqi tənzimlənməsi ilə bağlı bəzi qeyri-dəqiqliklərə də diqqət çəkir. Belə ki, dövlət icbari şəxsi sığorta üzrə vəsaitlərin gəlir və xərclərdə tam şəkildə açıq göstərilməməsi hüquqi baxımdan natamamlıq yaradır. Bundan əlavə, izahat sənədində sığortaolunanların və müavinət alanların say göstəriciləri növlər üzrə təqdim edilməyib. Bu, proqnozların reallığının qiymətləndirilməsini və sığorta ödənişlərinin məqsədyönlülüyünü izləməyi çətinləşdirir.
Büdcə layihəsində dövlət büdcəsindən transfertlərin payının artması müşahidə olunur. Bu isə DSMF-in gəlir strukturunda dövlət dəstəyinə artan asılılığı göstərir. Hesablama Palatası bu vəziyyəti pensiya sisteminin uzunmüddətli maliyyə dayanıqlığı baxımından risk amili kimi qiymətləndirir.