Qarabağ və Şərqi Zəngəzurda rezidentin xüsusi nümayəndəliklər, həmçinin Naxçıvanda fəaliyyət göstərən səlahiyyətli nümayəndəlik regionun bərpası, reinteqrasiyası və idarəetmə proseslərinin koordinasiyasında əsas icra strukturları kimi çıxış edir. Lakin bu qurumların fəaliyyətində ictimai iştirakçılığın institusional formaya salınması məsələsi açıq qalır. Ölkədə nazirliklər və digər dövlət qurumları yanında İctimai Şuralar mövcud olduğu halda, xüsusi nümayəndəliklərin strukturunda bu mexanizmin yaradılmaması qərarların qəbulunda ictimai rəyin sistemli şəkildə nəzərə alınmaması, yerli icmalarla kommunikasiya boşluğu və idarəetmədə legitimlik məsələləri kimi problemləri gündəmə gətirir.
Bölgələrdə məskunlaşma prosesinin sürətlənməsi, sosial-iqtisadi layihələrin genişlənməsi və əhalinin narahatlıqlarının operativ şəkildə çatdırılması ehtiyacı bu mexanizmin olmamasını daha da aktuallaşdırır.
Məsələ ilə bağlı "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında bu nümayəndəliklər yanında İctimai şura yaradılmasını nəinki mümkün, həm də çox zəruri hesab edir.
O deyir ki, xüsusi səlahiyyətli nümayəndəliklər yeni idarəetmə modelinin əsas elementləridir. Bu qurumlar bərpa, inteqrasiya və sosial iqtisadi inkişaf proseslərini vahid mərkəzdən koordinasiya edir.
“Belə geniş səlahiyyət spektrına malik idarəetmə institutlarında ictimai rəyin sistemli şəkildə qərarvermə prosesinə daxil olması çox vacibdir. Bu baxımdan İctimai Şura həm qərarların legitimliyini artırır, həm də idarəetmədə şəffaflıq və ictimai nəzarət mexanizmlərində yeni dinamika yaradır”.
“Nəzərə alsaq ki, bu ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurda artıq 60 minə yaxın insan məskunlaşıb, bu da yeni imkanlar yaradır. Xüsusi nümayəndəliklərdə ictimai şuralarnın yaradılması qərarların qəbul edilməsi, həmin əhalinin maraq və narahatlıqlarının nəzərə alınmasına, reinteqrasiya və yerli idarəetmənin keyfiyyətini artırılmasına yeni imkanlar yarada bilər” - deyə hüquqşünas vurğulayıb.

Hüquqi baxımdan İctimai Şuranın yaradılmasını tam mümkün hesab edən Əliməmməd Nuriyev prosesin hüquqi baxımdan da tənzimləndiyini vurğulayıb:
“Konstitusiyanın bir neçə maddəsi ictimai iştirakçılığın hüquqi bazasını təmin edir. Belə ki, Konstitusiyanın 1-ci maddəsində bildirilir ki, hakimiyyətin mənbəyi xalqdır. 54-cü maddədə vətəndaşların dövlət idarəçiliyində iştirak hüququ təsbit olunur. Prezidentin 109-cu maddəyə əsasən, idarəetmə strukturları, o cümlədən nümayəndəliklər yarada bilməsi göstərilib. “İctimai iştirakçılıq haqqında” Qanuna görə, bütün dövlət orqanlarının yanında İctimai Şura yaradıla bilər. Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən xüsusi nümayəndəliklər, Naxçıvanda fəaliyyət göstərən səlahiyyətli nümayəndəlik Prezident Administrasiyasının struktur bölmələridir, yəni dövlət orqanıdır və bu qanun birbaşa burada tətbiq olunmasını müəyyən edir”.
Əsasnamələrdə nümayəndəliklərin yanında İctimai Şuranın yaradılması haqqında xüsusi qeydin olmamasını mane hesab etməyən Fond prezidenti bu məsələyə də aydınlıq gətirib:
“Həm 2021-ci il xüsusi nümayəndəlik haqqında Əsasnamə, həm də 2022-ci il Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamədə açıq şəkildə göstərilib ki, bu qurumlar fəaliyyətlərini Konstitusiya və ölkə qanunvericiliklərinə uyğun olaraq həyata keçirirlər. Əsasnamələrdə İctimai Şuranın fəaliyyəti ilə bağlı hansısa qadağa yoxdur, əksinə, hər iki sənəddə nümayəndəliklərdə təhlil aparmaq, rəy və təkliflər hazırlamaq, sosial-iqtisadi proseslərə nəzarət etmək, əhalinin probelmlərini öyrənmək kimi funksiyaları var ki, bunlar İctimai Şuraların fəaliyyəti ilə üst-üstə düşür.
İctimai şuranın fəaliyyəti üç əsas istiqamətdə fayda verə bilər:
1. Legitimlik və ictimai etimad - reinteqrasiya və bərpa prosesləri çoxhissəli və həssas məsələlərdir. İctimai Şura qərarların qəbulunda cəmiyyətin səsini təmsil edir və bu da icra mədəniyyətini gücləndirir, narazılıqların qarşısını alır. Eyni zamanda məskunlaşmanın daimi olmasını təmin edəcək.
2. Erkən xəbərdarlıq sistemi - İctimai Şura sosial risklər, uyğunsuzluqlar, məlumat boşluqları və icra prosesindəki gecikmələri vaxtında aşkara çıxarmağa imkan verir.
3. Dövlət-cəmiyyət dialoqunun institusional qurulması – yerli icmaların prosesə real qoşulması, həm də dövlətin qərarlarının sosial təməlinin möhkəmləndirməyə imkan verir. İctimai Şura bu bölgələrdə dövlət və cəmiyyət tərəfdaşlığının yeni mərhələsini formalaşdırır. Bu zaman da qərarın keyfiyyəti və tez mənimsənilməsi, doğru-düzgün icra edilməsinə kömək edir. Bu da dövlət orqanlarına etimadı gücləndirir.
Dövlət orqanı, icra strukturu olduğu üçün buradakı İctimai Şurada müəyyən fərqlərin vacib olduğunu bildirib. O qeyd edib ki, xüsusi nümayəndəliklərin yanında İctimai Şuranın tərkibi fərqli seçilməlidir.
1. Müsabiqə yolu ilə seçilmə, İctimai Şura üçün namizədlər açıq elan əsasında seçilməlidir. Həm paytaxt, həm Qarabağ və Şərqi Zəngəzur, həm də Naxçıvan bölgələrində vətəndaş cəmiyyəti təmsilçiləri burada iştirak etməlidir.
2. Peşəkar balansın gözlənilməsi, İctimai Şuranın tərkibində yalnız QHT nümayəndələrindən ibarət olmamalıdır.
Bu bölgələrdə yeni şəhərsalma məsələsi olduğu üçün urbanistlər, regionun iqtisadi inkişafı vacib məsələlərdən olduğu üçün iqtisadçılar, ekologiya üzrə mütəxəssislər bu isə özlüyündə iki istiqamətdə olmalıdır: həm ekologiya üzrə vətəndaş cəmiyyəti, həm də ekologiya üzrə mütəxəssislər. Çünki Qarabağ və Şərqi Zəngəzur uzun müddət işğal altında olduğu üçün ekoloji çirklənmələr baş verilib, həmçinin böyük infrastrukturlar qurulan zaman ekoloqların nəzarəti, ekosistemin və biomüxtəlifliklərin qorunmasında xidmətləri vacibdir. Həmçinin qanunsuz ov, təbii sərvətlərin qorunması və ancaq gəlir əldə etməyi əsas tutaraq işlərin görülməsi çox ciddi problemlər yarada bilər.
Mədəni irs üzrə mütəxəssislər, sosial işçilər, sahibkar və müvafiq digər sahələrin nümayəndələri, hüquq-mühafizə orqanlarının təmsilçiləri də olmalıdır. Bu, qərarların inklüzivliyini və obyektivliyini təmin edəcək.
3. İctimai etimada və peşəkar təcrübə, siyasi neytrallıq - Maraq toqquşmasının qarşısını almaq üçün şura üzvləri ictimai etimada və peşəkar təcrübəyə əsasən seçilməlidir. Üzvlərin ictimai etibarı, təcrübəsi və siyasi neytrallığı qorunmalıdır. Elə olmamalıdır ki, İctimai şuraya yaxın qurumlar, şirkətlərin nümayəndələri gətirilsin”.
“Əgər bu model tətbiq olunarsa, reinteqrasiya və inkişaf prosesi daha şəffaf, çevik və sosial əsaslı olacaqdır. İctimai Şura xüsusi nümayəndəliklərin işinə legitimlik, analitik dərinlik və ictimai dəstək, daha güclü nəzarət mexanizmi gətirəcək. Reinteqrasiya idarəçiliyinin keyfiyyəti artacaq, Prezidentin qarşıya qoyduğu məqsədlərə çatmaqda real dəstək təmin olunacaq. Həm idarəetmə məntiqi, həm reinteqrasiya prosesinin mahiyyətinə əsasən, həm də hüquqi baxımdan xüsusi və səlahiyyətli nümayəndəliklər yanında İctimai Şuranın yaradılması tam əsaslı, legitim və məqsədə uyğundur. Nəticədə bu bölgələrin inkişafında dövlət-cəmiyyət tərəfdaşlığının yeni mərhələsi formalaşacaq” - deyə hüquqşünas sonda qeyd edib.