Bu gün rəsmi məlumat verilib ki, Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin yenidən qurulması üzrə layihələndirmə başa çatıb və ilk tikinti işləri Ermənistanla sərhəddə, Ordubad rayonunun Salamməlik stansiyası ərazisində başlayıb.
Azərbaycan Dəmir Yolları (ADY) Naxçıvan daxilində xəttin yenilənməsi üçün 188 kilometrlik genişmiqyaslı layihəni icra edir. Tikinti işləri başa çatdıqdan sonra yolun illik yükötürmə qabiliyyətinin 15 milyon tona çatacağı bildirilir.
Naxçıvan MR-də dəmir yollarının yenidən qurulmasının sosial, iqtisadi və turizm, eləcə də MR-in nəqliyyat imkanlarının artırması baxımından əhəmiyyətinin böyük olacağı proqnozlaşdırılır.
Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Naxçıvan Muxtar Respublikasının dəmir yollarının yenidənqurulmasının şübhəsiz ki, sosial, iqtisadi və digər çox vacib aspektləri mövcuddur:
“Çünki istənilən dəmir yolunun qurulması iqtisadiyyatın ayrı-ayrı seqmentləri, o cümlədən turizm sektorunun da bir çox aspektlərini əhatə edə biləcək layihədir. Naxçıvan MR-də dəmir yolunun yenidən layihələndirilməsi və istifadəyə verilməsi bu iki seqmentdə özünü qabarıq şəkildə büruzə vermiş olur. Naxçıvan MR-in dəmiryolunun inşa olması Azərbaycan Respublikasının əsas hissəsi ilə əlaqələrin dəmir yolu üzərindən qurulması baxımından olduqca əhəmiyyətlidir. Avtomobil yolları ilə müqayisədə, dəmir yolu ilə yük və sərnişinlərin daşınması iqtisadi cəhətdən daha səmərəli hesab olunur. Belə infrastrukturun istifadəyə verilməsi bir çox göstəricilər üzrə çox ciddi nəticələrin əldə olunmasına gətirib çıxaracaq. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında dəmiryolu üzərindən nəqliyyat rabitəsi Muxtar Respublikaya yeni nəfəs gətirmiş olacaq”.

Deputatın sözlərinə görə, bu dəmir yolunun fəaliyyətə başlaması uzun müddət Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti zamanı Naxçıvanın düşdüyü blokada vəziyyətindən xilas olmasına gətirib çıxaracaq:
“Muxtar Respublikaya dəmir yolu çəkilməsi və onun beynəlxalq dəmir yolu arteryalarına qoşulması mövcud blokadadan çıxış deməkdir. Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra kommunikasiyanın böyük yük aşırma qabiliyyətinə malik olacağı bəllidir. Hətta bu yaxınlarda verilən rəsmi açıqlamada Zəngəzur dəhlizi vasitəsilə ildə 15 milyon yükün daşınmasının mümkün olacağı qeyd edilib. Bu həm də Naxçıvan üçün iqtisadi cəhətdən çox səmərəli layihə olacaq. Çünki o həm də əlavə gəlir, fayda deməkdir. Naxçıvan ərazisində layihələndiriləcək dəmir yolu gələcəkdə Türkiyə üzərindən hazırda çəkilməkdə olan dəmir yoluna qoşulacaq. Beləliklə də, Naxçıvanın özünün iştirakı və Naxçıvan üzərindən beynəlxalq yüklərin dünya bazarlarına çıxışı təmin oluna biləcək. Bu da eyni zamanda Naxçıvanda xarici ticarət və digər aspektlər üzrə böyük gəlirlərin əldə olunması deməkdir. Bu səbəbdən də təbii ki, bu xəbəri çox müsbət qəbul edirəm. Ümid edirəm ki, tez bir vaxtda Naxçıvan Muxtar Respublikasında dəmir yolunun inşa olunması, Zəngəzur dəhlizinin açılması vətəndaşlarımızın Naxçıvana dəmir yolu üzərindən səyahət etmək imkanı yaradacaq ki, bu vətəndaş olaraq hər birimizin marağına cavab verəcək. Mən özüm də çox maraqlıyam ki, tez bir zamanda dəmir yolu istifadəyə verilsin və bu yolla Naxçıvana səyahət edə bilək”.
Deputat Arzuxan Əlizadə Naxçıvanda həmin dəmir yolu xəttinin yenidən istifadəyə verilməsinin göslənilən olduğunu qeyd edib:
“Zəngəzur dəhlizinin açılması ilə buradan keçən dəmir yolu xətti Naxçıvanın Ordubad hissəsindən keçməklə Türkiyəyə doğru istiqamətlənəcək. Bu baxımdan Zəngəzur dəhlizi adlandırdığımız kommunikasiya qovşağının Naxçıvandan keçən hissəsində də quruculuq işləri görülməlidir ki, bu prosesə artıq başlanılıb. Təxminən 1 il ərzində, yəni 2026-cı ilin sonuna kimi işlərin yekunlaşacağı ilə bağlı proqnozlar da mövcuddur. Ermənistandan da ilin əvvəlindən Zəngəzur dəhlizi formatında işlərin görülməsi ilə bağlı ABŞ şirkəti ilə müqavilə imzalanıb, investisya qoyulması planlaşdırılır. Təbii ki, kommunikasiya qovşağının açılması ilə təkcə Zəngəzur istiqamətindən Ermənistan ərazisindən keçməklə Naxçıvana gediş-gəliş MR-in iqtisadi vəziyyətinə kifayət qədər müsbət təsir göstərəcək. Çünki Naxçıvan tranzit əraziyə çevriləcək. Kommunikasiya qovşağının keçdiyi ərazi faktiki olaraq, əlavə iqtisadi imkanlar açmış olacaq. O baxımdan layihə nə qədər tez reallaşsa bir o qədər Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan üçün müsbət iqtisadi dvidentlər gətirəcək”.

Deputat vurğulayıb ki, təbii olaraq, Naxçıvanın nəqliyyat imkanları da genişlənəcək:
“Yük daşıma imkanları da bir qədər genişlənmiş olacaq. Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, Şimal-Cənub, Şərq-Qərb, eləcə də Orta dəhliz açılacağı təqdirdə Azərbaycanın tranzit və iqtisadi imkanları genişlənir. Və tranzit xəttindən istifadə edən ölkələrin Azərbaycana əlavə investisya qoyma ehtimallarını artırır. Yük daşımalar da iqtisadi imkanların genişlənməsinə səbəb olur”.
Milli Məclisin Naxçıvandan olan deputatı Ülviyyə Həmzəyeva vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin yenidən qurulması üzrə layihələndirmənin tamamlanması və Salamməlik stansiyası ərazisində tikintiyə başlanması regionun sosial-iqtisadi inkişafında yeni mərhələnin başlandığını göstərir:
“Bu proses təkcə infrastrukturun yenilənməsi deyil, Naxçıvanın uzun illərdən sonra geniş nəqliyyat şəbəkəsinə inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır.
Bu yeni mərhələnin əsasını isə Prezident İlham Əliyevin son illərdə nəqliyyat və logistika sahəsində həyata keçirdiyi sistemli siyasət təşkil edir. Dövlət başçısının rəhbərliyi altında Azərbaycan təkcə regionun deyil, daha geniş coğrafiyanın mühüm nəqliyyat qovşaqlarından birinə çevrilmişdir. Bakı–Tbilisi–Qars dəmir yolunun istismara verilməsi, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin formalaşdırılması, liman, avtomobil və dəmir yolu infrastrukturunun müasir standartlara uyğun yenilənməsi ölkənin tranzit imkanlarını misilsiz şəkildə genişləndirib.
Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi istiqamətlərdən biri isə Naxçıvan Muxtar Respublikasının davamlı nəqliyyat əlaqələrinin bərpası olmuşdur. Naxçıvanın kommunikasiya blokadasından çıxarılması və Muxtar Respublikanın ölkə ilə birbaşa və dayanıqlı bağlantısının qurulması dövlət başçısının strateji xəttində hər zaman prioritet yer tutub. Zəngəzur dəhlizinin reallaşdırılması, yeni nəqliyyat marşrutlarının formalaşdırılması və regionun tranzit xəritəsinə reinteqrasiyası üzrə aparılan ardıcıl işlər Naxçıvanın uzunmüddətli inkişafına xidmət edən tarixi addımlardır.
Məhz bu siyasətin nəticəsi olaraq Naxçıvanda dəmir yolunun yenidən qurulmasına başlanması yalnız lokal infrastruktur layihəsi kimi deyil, dövlətin strateji nəqliyyat konsepsiyasının mühüm tərkib hissəsi kimi dəyərləndirilir. Yenilənmiş dəmir yolu xətti Muxtar Respublikanın iqtisadi aktivliyini artıracaq, sənaye və kənd təsərrüfatı məhsullarının daşınmasını sürətləndirəcək, logistika xərclərini azaldacaq və regionun investisiya cəlbediciliyini artıracaq”.

Deputat qeyd edib ki, bununla yanaşı, layihənin sosial və turizm yönümlü təsirləri də böyükdür:
“Yeni nəqliyyat bağlantıları Naxçıvana gediş-gəlişi asanlaşdıracaq, turizm axınını gücləndirəcək, xidmət sektorunu canlandıracaq və əhalinin həyat keyfiyyətinə müsbət təsir göstərəcək. Naxçıvanın Azərbaycanın ümumi nəqliyyat sisteminə sıx inteqrasiyası isə ölkənin tranzit xəritəsində rolunu daha da möhkəmləndirəcək.
Naxçıvan dəmir yolunun yenidən qurulması Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü və gələcəyə hesablanmış nəqliyyat siyasətinin məntiqi davamıdır. Bu layihə Muxtar Respublikada iqtisadi dirçəlişi sürətləndirəcək, regionun strateji əhəmiyyətini artıracaq və Azərbaycanın beynəlxalq nəqliyyat məkanında mövqelərini daha da gücləndirəcək”.