Modern.az

Prezidentin Slovakiya səfərinin siyasi və iqtisadi mesajları

Prezidentin Slovakiya səfərinin siyasi və iqtisadi mesajları

Ölkə

11 Dekabr 2025, 09:46

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqının starateji tərəfdaşımız olan üzv ölkələrindən birinə-dost Slovakiyaya 8 dekabr tarixdə uğurlu rəsmi səfəri həyata keçirildi. Səfər zamanı mətbuat üçün səsləndirilən bəyanatlar iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi.

Son illərdə Bakı ilə Bratislava arasında qurulan siyasi etimad, iqtisadi dinamika və enerji əməkdaşlığı ikitərəfli əlaqələrin dayanıqlı xarakter aldığını göstərir. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu prosesin təməl sənədi olmaqla münasibətləri ən yüksək səviyyəyə yüksəltmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sənədin qəbulundan sonra artıq bütün sahələr üzrə ortaq layihələrin həcmi və intensivliyi nəzərəçarpacaq dərəcədə artıb, müştərək komandalar koordinasiyalı şəkildə fəaliyyət göstərir və iqtisadi işçi qrupunun işi daha geniş miqyas alıb.

Enerji sektoru əməkdaşlığın strateji sütunlarından biri olaraq xüsusilə ön plana çıxır. İlk dəfə olaraq ötən il Azərbaycan qazının Slovakiyaya çatdırılması reallaşmış və bu proses ölkənin ehtiyacları çərçivəsində davamlı mexanizmə çevrilə bilər. Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir və boru kəmərləri vasitəsilə qaz tədarük edən dövlətlər arasında   ixrac olunan ölkələrin sayına görə lider mövqeyini qoruyur. Yeni yataqların işlənməsi isə gələcək illərdə əlavə həcmlərin bazara çıxarılmasına imkan verəcək. Bu isə həm Slovakiyanın, həm də regionda yerləşən qonşu dövlətlərin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək.

Ümumi qaz ixracının hazırda 25 milyard kubmetr olması və bu həcmin təqribən yarısının Avropa bazarına yönəldilməsi Azərbaycanın qitə üçün nə qədər etibarlı tərəfdaş olduğunu bir daha sübut edir. Hazırda Avropa İttifaqının səkkiz üzv dövləti Azərbaycan qazının stabil alıcılarıdır. Bu reallıq Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın həm regional, həm də qlobal miqyasda əvəzolunmaz ölkə olduğunu təsdiqləyir. Balanslaşdırılmış xarici və daxili siyasət kursu, resursların səmərəli idarə edilməsi və proqnozlaşdırılan enerji siyasəti Azərbaycanın etibarlılığını daha da artırır.

Prezident İlham Əliyevin Slovakiyaya səfəri çərçivəsində sənaye və texnoloji əməkdaşlığın genişləndirilməsi də müzakirələrin əsas istiqamətlərindən biri olub. Slovakiya ilə gələcəkdə qarşlılıqlı maraq doğuran istiqamətlər üzrə birgə istehsal layihələrinin gerçəkləşdirilməsi dünya bazarlarına rəqabətqabiliyyətli məhsullar çıxarmağa imkan verə bilər. Bu ölkənin texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə sintezi yeni sənaye sahələrinin yaradılmasına və texnoloji tərəqqiyə töhfə verməsi mümkündür və artıq bir sıra konkret layihələr üzərində intensiv iş aparılır.

Xüsusilə qeyd edilməlidir ki, Zəfər Günümüzün beşinci ildönümündə Slovakiyanın yüksək səviyyəli nümayəndə heyətinin ölkəmizə səfər gəlməsi iki dövlət arasındakı dostluğun real göstəricisi kimi qiymətləndirilməlidir. Bu jest Slovakiyanın Azərbaycana verdiyi siyasi dəstəyin, eyni zamanda qarşılıqlı hörmətin təzahürüdür.

Slovakiya ilə münasibətlərin dərinləşməsinə təsir edən mühüm amillərdən biri də bu ölkənin sabitlik və iqtisadi dinamizm nümayiş etdirməsidir. Slovakiya güclü sənaye potensialına sahibdir və ən başlıcası - müstəqil xarici siyasət yürüdür. Slovakiyanın prinsipial mövqe nümayiş etdirməsi, hətta Avropa Birliyi çərçivəsində belə ciddi təzyiqlərlə üzləşməsinə baxmayaraq, öz siyasi xəttindən yayınmamasının rəğbət doğuran məqamlardandır.

Səfərin çərçivəsində əməkdaşlıq istiqamətlərinin müzakirəsi zamanı Azərbaycanın Orta Dəhlizdə açar ölkə olmasının diqqətdə saxlanılması xüsusi önəm kəsb edir. Belə ki, Azərbaycanın son illərdə Şərq və Qərb arasında strateji körpü rolunu daha da möhkəmləndirməsi, infrastruktura, nəqliyyat şəbəkələrinə və regional bağlantılara sərmayələr yatılrması Orta Dəhlizin aparıcı ölkəsinə çevrilməyimizə şərait yaradıb. Orta Asiyanı Avropa ilə birləşdirən ən təhlükəsiz və ən etibarlı marşrutun məhz Azərbaycan ərazisindən keçməsi bu rolun əhəmiyyətini artırır. Bu amil təkcə nəqliyyat deyil, həm də geosiyasi və iqtisadi əməkdaşlıq baxımından Slovakiya-Azərbaycan tərəfdaşlığını daha perspektivli edir.

Prezident İlham Əliyevin Slovakiyaya səfəri iki ölkə arasındakı strateji münasibətlərin davamlı xarakter daşıdığını, əməkdaşlığın isə təkcə enerji və iqtisadiyyatla məhdudlaşmadığını nümayiş etdirdi. Siyasi dialoq, sənaye tərəfdaşlığı, nəqliyyat-logistika inteqrasiyası və qarşılıqlı hörmət üzərində qurulan bu əlaqələr həm regional sabitliyə, həm də Avropa məkanında təhlükəsizliyə mühüm töhfə verir. Bu əməkdaşlıq modeli Azərbaycan-Slovakiya münasibətlərinin yaxın illərdə daha da genişlənəcəyinin anonsu kimi qiymətləndirilə bilər.

Zaur Şükürov
Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -