Dünyada diplomatiyanın xeyli yazılmayan qanunları var. Bunlardan biri də avtomobillə bağlıdır.
Diplomatik nümayəndəliklər öz ölkələrinin istehsal etdiyi avtomobillərə üstünlük verir. Burada əsas məqsəd ölkənin istehsal etdiyi brendi nümayiş etdirməkdir.
Məsələn, Britaniyanın Bakıdakı səfiri “Range Rover”, Almaniya səfiri bu ölkənin avtomobil sənayesinin simvolu hesab edilən BMW, İtaliya səfiri “Alfa Romeo” markalı maşında gəzirlər.
Belə nümunələr çoxdur və bu qayda təkcə Bakı üçün keçərli deyil. Diplomatlar öz istehsal brendlərini təyin olunduqları ölkədə nümayiş etdirməyi özlərinə borc bilirlər.
Bizim səfirlərə baxanda isə vəziyyət bir az fərqlidir. Onlar əsasən bahalı xarici avtomobillərlə hərəkət edirlər.
Xaricdəki Azərbaycan səfirliklərinin önündə bahalı ən son model “Mercedes”lər, BMW-lər, “Range Rover”lər görmək olar. Olsun, dövlətimizin pulu var, alırıq.
Kim nə deyə bilər? Amma gəlin məsələyə yerli istehsalın pəncərəsindən baxaq.
2025-ci ilin yanvar–oktyabr aylarında ölkədə cəmi 3280 minik avtomobili istehsal olunub. Bu, keçən ildən 1153 ədəd azdır. Yəni istehsal azalır, böyümür. “Naz Lifan” xətti demək olar dayanıb. Vaxtilə əlillərə bu model verilirdi.

Bir müddət öncə Modern.az-a rəsmi açıqlamada bildirilib ki, əlillərə “Xəzər” maşınları verilir. Bu avtomobillər İran müəssisəsi ilə birgə yığılır.
Bu maşınlar tam istehsal deyil, xaricdən hissələr gəlir, burada yığılır. Biz hələ öz mühərrikimizi, öz ötürücülər qutumuzu, öz dizayn mərkəzimizi yaratmamışıq. Ona görə də ortaya çıxan avtomobil hələ diplomatik səviyyəyə qalxmayıb.
Səfirlər niyə “Xəzər” sürmür? Bu sualın cavabı çox sadədir: çünki “Xəzər” hələ səfirin sürdüyü maşın olmaq gücündə deyil. Dünya praktikasında səfirin sürdüyü avtomobil ölkənin imicidir. Britaniyanın səfiri “Range Rover” sürməklə yalnız rahatlıq (komfort) axtarmır, həm də ölkənin texnoloji yeniliyini reklam edir. Yaponiyanın səfiri “Lexus” sürəndə yüksək səslə “bəli, milli istehsaldır” deyə qürurla danışa bilir.
Azərbaycanın səfiri hansı mesajı versin? “Bizdə maşın var, amma mən sürmək istəmirəm?”
Yəni məsələ patriotluqda deyil. Məsələ odur ki, səfirə veriləcək avtomobil elə olmalıdır ki, ölkəni təmsil etməyə utanmasın.
Hələlik biz belə bir model ortaya qoya bilməmişik. Bunun səbəblərini araşdırmaqda fayda var. Bəlkə xalqımızın potensialı buna kifayət etmir? Biz belə düşünmürük.
Dövlətimiz potensialını bütün dünyaya sübut edib.
Yerdə qalır kiçik problemlər… Bir gün biz doğrudan da öz brendimizi yarada bilsək, o brendin ilk istifadəçilərindən biri diplomatlarımız olacaq. Çünki səfirlik dünyanın gözü qarşısındakı ən yaxşı vitrindir. İnanmaq istərdik ki, bu vitrinimiz çox yaxın zamanda dolacaq.
Elnur ƏMİROV