“Demək olar, həftədə bir dəfə Naxçıvana, Heydər Əliyevlə görüşməyə gedirdim. Kişiyə görə üzümə yaxşı baxırdılar, hörmətlə qarşılayırdılar”.
Modern.az-ın məlumatına görə, bunu 1992-ci ildə YAP-ın qurulmasında iştirak etmiş “91-lər”in üzvü Xeyrəddin Qoca Ümummili liderlə bağlı xatirələrini bölüşərkən bildirib.
“Heydər Əliyevə bütün maraqlandığım sualları verirdim, o da səbrlə hamısını cavablandırırdı. Amma mən öyrəndiklərimi yazmırdım, sadəcə yadda saxlamağa çalışırdım. Ümumiyyətlə, böyük Şəxsiyyət haqqında onlarla məqalə çap etdirmişəm, onların heç biri müsahibə deyil...”, - X.Qoca deyib.
O, bir dəfə Naxçıvanda üzləşdiyi hadisəni də danışıb:
“Bir dəfə Heydər Əliyevlə görüşəndə Naxçıvanın Baş naziri Becan Fərzəliyev və Ümummilli liderin köməkçisi Vasif Talıbov da orada idi. Heydər Əliyev "jurnalist dostumdur, Bakıdan gəlib" deyə, məni Becan Fərzəliyevə təqdim etdi. Becan mənə "xoş gəlmisiniz" də demədi, üzünü çevirib aralandı. Mən təəccüblə Heydər Əliyevə baxdım, o, "gördüm, - dedi və əlavə etdi: "Belələri 2-3 aylıqdır!" Soruşdum ki, "Baş nazir 2-3 aylıqdır?" Heydər Əiyev "belələri az zamanda nəsə bir dövləti səhv edir, ya da əyri işlər görürlər!"
Elə də oldu. Deyilənə görə, Becan Fərzəliyev satmaq üçün İrandan vaqonla saqqız gətirirmiş, elə onun üstündə də ilişib, bizim söhbətimizdən 2 ay sonra işdən uzaqlaşdırılmışdı...”
YAP-ın qurulmasında iştirak etmiş Xeyrəddin Qoca "Yeni Azərbaycan" qəzetinin ilk baş redaktoru olub. O, 1993-1997-ci illərdə qəzetə rəhbərlik edib.

X.Qoca “Yeni Azərbaycan”ın necə yarandığını belə xatırlayır:
“1992-ci ildə Naxçıvanda YAP təsis olunanda ümumilli lider Heydər Əliyev mənə İdarə Heyətinin üzvü olmağı təklif etdi. Mən isə bildirdim ki, jurnalist olduğum üçün tez-tez keçiriləcək iclaslarda iştirak edə bilməyəcəyimdən ehtiyat edirəm. Heydər Əliyev də “onda səni Siyasi Şuranın üzvü seçərik…” deyə bildirdi.
Siyasi Şura yığışdı. Orada bəzi məsələlər müzakirə olundu, o cümlədən, partiyanın qəzetinin yaradılmasının vacibliyi Siyasi Şura üzvlərinin nəzərinə çatdırıldı.
Bəziləri dedi ki, gəlin, qəzetin adını “Yeni Azırbaycan” qoyaq, partiyanın adına uyğundur. Mən isə bildirdim ki, “yeni” sözü ilə çıxan qəzetlər çoxdur, bəlkə başqa ad seçək. Heydər Əliyev “qəzetin adının “Proqress” qoyulması necə olar?”,- deyə soruşdu. Hərə bir fikir söylədi, axırda qəzetin “Yeni Azərbaycan” adı ilə çıxarılması qərara alındı. Sonra üzünü mənə tutub dedi: “Xeyrəddin Qoca, mən bilirəm, sən “Səs” qəzetinin redaktoru olmaqdan imtina etmisən ki, partiyanın qəzeti yaradılacaq… Sən olarsan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru...
…1993-cü il martın 26-da Rafael Allahverdiyevlə məni qəzetin yaradılmasına hazırlıqla əlaqədar Naxçıvana çağırdı. Onda Heydər Əliyev artıq, Naxçıvan MR Ali Məclisinin sədri idi. Söhbət zamanı mənə dedi ki, qəzet aprelin 10-da çıxmalıdır.
Dedim ki, belə az vaxtda qəzeti çıxarmaq çətindir. İş otaqları yox, müxbirlər yox, yazılar yox, heç bir avadanlıq yox! Heydər Əliyev dilləndi: “Bürokrat olma, get, qəzeti çıxart!”
İndi mənim təkbaşına işə necə girişdiyimi təsəvvür edin. Əlbəttə, Heydər Əliyev dediyi gün - aprelin 10-da qəzetin ilk nömrəsini çıxardım”.

Xatırladaq ki, Becan Fərzəliyev 1991 ilin sentyabrından 1993-cü ilə qədər Naxçıvan Muxtar Respublikanın baş naziri olub. Becan Fərzəliyev hazırda Türkiyədə yaşayır.
2005-ci ildə onun baş nazir olduğu dövrdə dövlət vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı cinayət işi açılıb və Fərzəliyev həmin işdə əsas şübhəli şəxs olub.
2006-cı ilin yanvarında cinayət işinə xitam verilib, şübhəlilərin heç birinə qarşı rəsmi ittiham irəli sürülməyib.
A.Qorxmaz