“Mənim vəzifədən getməyimə əsas səbəb Eldar Mahmudov (keçmiş milli təhlükəsizlik naziri-red.) olub”.
Bunu Modern.az-a müsahibəsində keçmiş maliyyə naziri Əvəz Ələkbərov deyib.
“Eldar Mahmudov daim mənə, ailəmə təzyiq göstərməyə çalışıb. Deyirdi, yaxşı edirəm. Heç Azərbaycan dilində yaxşı bilmirdi, amma böyük iştah sahib idi. Başlayırdı ki, sənin başına oyun açacağam. Devalvasiyanın səbəbkarlarından biri də o idi”, - Ə.Ələkbərov əlavə edib.
Keçmiş nazirin sözlərinə görə, yalnız Azərbaycanı tərk edib Türkiyəyə gedəndən sonra Eldar Mahmudov ondan əl çəkib.
“Mən 3 illiyə Türkiyəyə getdim, ölkədə az oldum, onda sakitləşdi. Qayıtdım, nazir Mikayıl Cabbarov məni rektor Ədalət Muradova tövsiyə etdi. İstəmirdim, amma Ədalət müəllim çox israr etdi. Cənab Prezident İlham Əliyevin xeyir-duası ilə mən də gəldim. Cəmiyyətdə olmaq yaxşıdır. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və audit kafedrasının müdiri vəzifəsində çalışıram. Bildiklərimi gələcək nəslə ötürmək lazımdır. Rektorla işgüzar, yaxşı münasibətlərim var”.

Ə.Ələkbərovun sözlərinə görə, Eldar Mahmudovun Ramiz Mehdiyevlə əlaqələri yaxşı idi:
“İlk növbədə, naxçıvanlı olduqlarına, ikincisi bir çox qərarlar Ramiz Mehdiyevdən keçdiyinə görə əlaqələri yaxşı olub…
… Mənim Ramiz Mehdiyevlə münasibətim ümumən pis deyildi. İki dəfə aramızda ziddiyət olub. Amma məni qapıda gözlətməyib, iclaslarda hörmətlə yanaşıb. Ramiz Mehdiyev talantlı, liderlik qabiliyyətinə, yaxşı nitqə sahibi deyildi. Akademikliyə də layiq adam olmayıb. Onun bütün elmi işlərini deyilənə görə başqaları yazıb. Dövlət adamı olan bir ağsaqqal dostum var, o deyir ki, Ramiz Mehdiyev hansısa bir zavodda kadrlar şöbəsinin müdiri vəzifəsində çalışa biləcək insandır, vəssalam, səviyyəsi ondan artıq deyil.
İşdən ayrılandan sonra cəmi bir dəfə gördüm. Elmlər Akademiyası binasının qarşısında maşından düşdü. Mən də aşağıdakı parkdan gəlirdim. Soruşdu ki, necəsən, buradasanmı? Yəni universitetdə. Dedim ki, hə. Ondan sonra nə danışdıq, nə də görüşdük. Amma mənə elmlər doktoru elmi dərəcəsi almağa mane olmuşdu ki, niyə ondan icazə istəməmişəm? 15 aydan sonra cənab Prezidentə müraciət etdim, nəhayət, diplomumu ala bildim. O, heç nə edə bilmədi”.
Qeyd edək ki,
Akademik Ramiz Mehdiyev 7 fevral 1995-ci ildən – 23 oktyabr 2019-cu ilədək Prezident Administrasiyasının rəhbəri olub.
O, Azərbaycan Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Eldar Mahmudov 23 iyul 2004-cü ildən 17 oktyabr 2015-ci ilə kimi Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib. Məhz onun dövründə keçmiş Milli Təhlükəsizlik Nazirliyi ölkədə səs-küylü cinayət əməllərilə məşğul olub, iş adamlarına qarşı qanunsuzluqlar edilib. "MTN işi"lə bağlı xeyli general həbs edilib. E.Mahmudovun özü isə məsuliyyətdən kənarda qalıb.