Modern.az

Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR

Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR

Ölkə

30 Yanvar 2026, 12:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maria K.Papakonstantinusu qəbul edib.

Modern.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə COP29 çərçivəsində ölkəmizdə, ötən ilin sentyabrında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, həmçinin digər beynəlxalq tədbirlər çərçivəsində görüşlərini məmnunluqla xatırladı, həmin görüşlər əsnasında ikitərəfli əlaqələrimizin müxtəlif aspektləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını vurğuladı, bu dialoqun münasibətlərimizin inkişafı üçün çox önəmli olduğunu dedi.

Ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən bu gün qlobal təhlükəsizlikdə mühüm amil olan enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etdiklərini deyən Azərbaycan Prezidenti gələcəkdə biznes nümayəndələri arasında daha çox təmasların olacağına, qarşılıqlı investisiya qoyuluşunun həyata keçiriləcəyinə, tərəfdaşlığımızın inkişaf etdirilməsində hər iki ölkənin səfirlərinin vacib rol oynayacaqlarına ümidvarlığını bildirdi.

Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.

Maria K.Papakonstantinus ölkəmizə səfir təyin olunmasından şərəf hissi keçirdiyini bildirərək, yaşıl enerji, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi. Səfir ölkələrimiz arasında birbaşa hava əlaqəsinin olmasının önəminə toxundu.

Söhbət zamanı siyasət, iqtisadiyyat, energetika, investisiyalar, nəqliyyat, mədəniyyət, incəsənət, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulandı, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helmini qəbul edib.

Modern.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı İndoneziya Prezidenti ilə Davosda və Şarm Əl-Şeyxdə təmaslarını xatırladı, onu ölkəmizə rəsmi səfərə dəvət etdiyini bildirdi.

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) bu qurumun təsis edilməsindən sonra üzv qəbul edilən ilk ölkə olmasının bizim üçün böyük şərəf olduğunu deyən Prezident İlham Əliyev bu məsələdə təşkilata üzv bütün dövlətlərə, o cümlədən İndoneziyaya minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı bunu Azərbaycana olan hörmətin və qardaşlığın təcəssümü kimi qiymətləndirdi.

Ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev siyasət, iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu, biznes təmasları sahələrində əməkdaşlığı daha da möhkəmləndirməyin önəmini qeyd etdi.

Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzuladı.

Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Berlian Helmi fəaliyyəti dövründə dövlətlərimiz və xalqlarımız arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi üçün səylə çalışacağını dedi.

Söhbət zamanı Azərbaycan-İndoneziya ikitərəfli əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andreas Qaarderi qəbul edib.

Modern.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı ölkəmizlə Norveç Krallığı arasında ikitərəfli əlaqələrin inkişafının önəminə toxunub. Əməkdaşlığımızın enerji sahəsi ilə başladığını deyən Azərbaycan Prezidenti mövcud münasibətlərin genişləndirilməsi baxımından yaxşı imkanların olduğunu vurğulayıb.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycana səfir təyin olunmasından və dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu ifadə edən Andreas Qaarder diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyini vurğulayıb.

Səfir Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edib.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirirək, Azərbaycanın sülhün gücləndirilməsi üçün səylərini bundan sonra da davam etdirəcəyini deyib.

Andreas Qaarder ölkəsinin Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını bildirib.

Görüşdə həm Azərbaycanın, həm də Norveçin Avropa İttifaqının enerji təchizatçısı olduqları vurğulanaraq, bu xüsusda enerji təhlükəsizliyi məsəsələri müzakirə edilib.

Söhbət zamanı ikitərəfli gündəliyimiz, o cümlədən iqtisadiyyat, ticarət, enerji, həmçinin bərpaolunan enerji, sərmayələr, biznes ələqalərinin qurulması istiqamətlərində əməkdaşlıq, regionda nəqliyyat bağlantılarının qurulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb, COP30 çərçivəsində səmərəli tərəfdaşlıq yüksək qiymətləndirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Salli-Ann Vinsentin etimadnaməsini qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır