Modern.az

Ramiz Mehdiyev təcili YAP-dan qovulmalıdır! - YAP-çı DEPUTATLAR

Ramiz Mehdiyev təcili YAP-dan qovulmalıdır! - YAP-çı DEPUTATLAR

Ölkə

12 Fevral 2026, 17:40

Dövlət Təhlükəsizlik Xidməti (DTX) “Ramiz Mehdiyev” işi ilə bağlı məlumat yayıb. Bu məlumatda Ramiz Mehdiyevin baş nazirini sabiq 1-ci müavini Abbas Abbasov, AXCP sədri Əli Kərim və qeyrilərilə işbirliyi çərçivəsində hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərindən bəhs olunub.

Qeyd edək ki, Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, daha sonra AMEA-nın prezidenti olub. O, hazırda hakim Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvüdür.

Milli Məclisin YAP-dan olan deputatları Modern.az-a açıqlamalarında DTX-nin “Ramiz Mehdiyev” işi ilə bağlı məlumatına reaksiya veriblər.

Aydın Mirzəzadə bildirib ki, DTX-nin yaydığı məlumatlarla, səs yazıları ilə tanış olub və hazırda gördüklərinin, eşitdiklərinin təsiri altındadır:

“Uzun illər dövlət vəzifəsi icra edən adamın məqsədi sən demə, vətəni satmaq imiş. Gör, necə də yalvarıcı səs tonu ilə kiməsə müraciətlər göndərir, çirkin planlarını müzakirə edir. Mən söz tapa bilmirəm, nə deyim... xalqına belə düşmənçilikmi etmək olar? Əksinə, tarixə şərəfli bir ad yazmaqdansa, nümunə göstərməkdənsə, belə yaramaz işlərlə məşğul olub. Əlbəttə ki, Azərbaycanı içindən parçalamaq istəyən müəyyən xarici qüvvələr olacaq. Bu qüvvələr iki yüz il Azərbaycanın müstəqilliyini əlindən aldılar, onu müstəqillikdən kənar saxladılar. Daha sonra yenidən bizi ya müstəmləkə, ya da təsir altına almağa çalışdılar və Ramiz Mehdiyevlər, Əli Kərimlilər, Abbas Abbasovlar tapdılar. Ancaq görünən ondan ibarətdir ki, dövlətimiz güclüdür. Ulu öndər Heydər Əliyevin qurduğu, cənab Prezidentimizin daha da güclü etdiyi dövlətimiz bugün müstəqilliyini heç nəyə qurban verməyəcək. Heç bir Mehdiyevlər Azərbaycanın müstəqilliyini puç edə bilməyəcəklər”.

A.Mirzəzadə qeyd edib ki, təcili surətdə iclas keçirilməli və Ramiz Mehdiyev YAP-dan çıxarılmalıdır:

“Hesab edirəm ki, təcili surətdə iclas keçirilməli və Ramiz Mehdiyev partiyadan xaric edilməlidir. Təcili sürətdə! Artıq onun partiya sıralarında qalması qeyri-mümkündür. İnanıram ki, partiyanın müvafiq strukturları yaxın zamanlarda bunu edəcəklər”.

Ceyhun Məmmədov söyləyib ki, bu məlumatlar, aşkarlanan faktlar bir daha Azərbaycan təhlükəsizlik orqanlarının sözügedən cinayətlərin araşdırılması üçün səylə çalışdığını göstərir:

“Hər kəs bilməlidir ki, dövlət əleyhinə törədilən bütün cinayətlər, atılan bütün addımlar ciddi formada araşdırılır. Milli Məclisin, Dövlət Televizyasının ələ keçirilməsi ilə bağlı edilən çağırışlar bir daha məsələnin nə dərəcədə ciddi olduğunu sübut edir”.

Deputat vurğulayıb ki,  Ramiz Mehdiyevin istər Yeni Azərbaycan Partiyasında, istərsə də digər qurumlarda təmsil olunması qeyri-mümkündür:

"Yəni artıq kifayət qədər faktlar mövcuddur. Ramiz Mehdiyevin YAP-dan çıxarılması ilə bağlı məsələ gerçəkləşən kimi ictimaiyyətə məlumat veriləcək. Hesab edirəm ki, əsas diqqət bu cinayətlərin araşdırlmasına yönəlməlidir.

Yəni bu cinayətdə iştirak edən hər kəs məsuliyyət daşıyır və onların hər biri ilə bağlı müvafiq qərarlar qəbul ediləcək. Ona görə də cəmiyyət narahat olmasın. Aidiyyəti qurumlar hər bir məsələni xüsusi diqqətdə saxlayır".

Vüqar İskəndərov Ramiz Mehdiyevin hərəkətlərini açıq-aşkar xəyanət adlandırıb:


"Azərbaycan dövlətçiliyinə, cənab Prezident İlham Əliyevin çox böyük qətiyyəti, biliyi, zəkası, gücü və Azərbaycan xalqının birliyi sayəsində qurulan bir ölkənin suverenliyinə, müstəqilliyinə əl uzatmaq xəyanətdir.

Ramiz Mehdiyev, Əli Kərimli, Fuad Qəhrəmanlı, Qənimət Zahid və digərləri, mütləq surətdə hüquq qarşısında layiqli cəzalarını almalıdırlar. Bu dövlət qanla qurulub və bu gün özünün ən qürurlu, ən güclü dövrünü yaşayır. Xalqımız ölkə başçısının yürütdüyü uğurlu siyasət sayəsində dünyanın güclü dövlətləri sırasında layiqli yer tutması ilə qürur duyur. Belə bir zamanda bu cür cinayətlər araşdırılmalı, ifşa edilməli və dövlətimizi sarsıtmağa cəhd edən, qruplar, şəxslər mütləq şəkildə cəzalarını almalıdırlar. Onlar cəmiyyətdən təcrid olunmalıdırlar. Xalqımız, cəmiyyətimiz bu cür şəxslərdən təmizlənməlidir. 
Ramiz Mehdiyev və onun digər əlaltılarının aşkarlanması və layiqi cəzalarını alması birmənalı təmin olunmalıdır".

Hikmət Babaoğlu vurğulayıb ki, Dövlət Təhlükəsizlik Xidmətinin ictimailəşdirdiyi son məlumatlardan sonra  Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və onların ətrafında olan komandanın fəaliyyətinin vaxtında ifşa edilməsi Azərbaycan dövlətçiliyinin xilas olunmasıdır: 

"Əgər bu cinayətkar qrupun fəaliyyəti vaxtında ifşa edilməsəydi, çox güman ki, biz bu gün, sabit, qalib bir ölkədə yaşaya bilməzdik.

Ona görə də mənə elə gəlir ki, dövlət strukturlarının peşəkarlığı, dərin intellektual zəkaya sahib olan siyasi liderlik institutu Azərbaycan dövlətini xilas edibdir. Bu bir ibrət dərsidir. Dünənə qədər özlərini demokrat kimi təqdim edən radikal müxalifət qruplaşmaları əslində nə imiş, bu prosesdə bəlli oldu.

Sən demə, Azərbaycan dövlətinin süqutu üçün əllərindən gələni edənlər dövlətçiliyimizə qarşı təşkilatlanmış bir cinayətkar qrup imiş. Mənəviyyat baxımından bu qrup ən xırda maliyyə qarşılığında belə öz vətənini satmağa hazır olan vətən möhtəkirləri imiş. Ramiz Mehdiyev isə vətənə xəyanətin ən rəzil nümunəsini yaradan bir adam imiş.

O, özünü uzun illər Azərbaycan ictimaiyyətinə dövləti qoruyan, dövləti xilas edən, "dərin dövlət" funksiyasını yerinə yetirən bir adam kimi təqdim edib. Əslində isə bir insanın nə qədər xəyanətkar, Azərbaycan dövlətinə düşmən olması ortaya çıxdı. Bütün bunlar mənə elə gəlir ki, milli yaddaşımızın süzgəcindən keçirilərək analiz edilməlidir. Bu ibrət dərsini biz yadımızda yaxşı saxlamalıyıq".


H.Babaoğlu qeyd edib ki, hazırda bu işlə əlaqəli şəxslərdən xaricdə olanlar da ölkəyə gətiriləcəklər: 

"Bəlli oldu ki, dövlət içində gizlənib vətənə xəyanət edən Ramiz Mehdiyev ən müxtəlif vasitələrdən istifadə edib. Radikal müxalifətlə, ermənilərlə əməkdaşlıq edənlərlə işləyib. Azərbaycan dövlətçiliyi qədər əhəmiyyətli olan mənəvi, əxlaqi dəyərlərimizi deqradasiyaya uğratmaq üçün xüsusi söyüş müxalifəti yaradıb, onları xaricdə maliyyələşdirib.

Əlbəttə ki, özünü müxalifət kimi təqdim etməyə çalışan Əli Kərimli, vaxtilə Azərbaycanın var-dövlətini talamış Abbas Abbasov, Ramiz Mehdiyev və onların ideoloji ruporları layiqli cəzalarını alacaqlar.
Azərbaycana xəyanət edən, söyüşü adiləşdirib Azərbaycan xalqının dəyərlərini dəyərsizləşdirən informasiya terrorçuları da mütləq Azərbaycana gətiriləcək".

Whatsapp
Bizə yazın!
Keçid et
DTX Mehdiyevlə bağlı sirləri açdı - Kimlər HƏBS OLUNACAQ?