Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Google” şirkəti bəyan edir ki, “Gemini” süni intellekt modeli artıq rəsmi olaraq Azərbaycan dilində istifadəyə verilib. Belə ki Strateji genişlənmə çərçivəsində əlavə edilən 23 yeni dildən biri kimi Azərbaycan dili seçilib. Bu, azərbaycanlı istifadəçilərə “Gemini”nin imkanlarından əsas qlobal dillərlə yanaşı, ana dilində də faydalanmağa imkan yaradır.
Bu prosesin həm Azərbaycan iqtisadiyyatına, həm də ana dilində mənbələrin əlçatanlığı və dilin qrammatik və semantik strukturu rəqəmsal dünyada daha yaxşı analiz olunmasına şərait yaradacağı gözlənilir.
Məsələnin mahiyyətini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili və Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova Modern.az-a bildirib.

Deputat Tahir Mirkişili bildirib ki, “Google”un rəsmi süni intellekt proqramı olan Gemininin Azərbaycan dilini dəstəkləməyə başlaması ilk baxışda texniki xəbər kimi görünə bilər, amma əslində ölkəmizdə xüsusilə yerli biznes və KOB-lar üçün çox real imkanlar açır. Çünki süni intellekt artıq dil baryeri aradan qalxanda mütəxəssislərin aləti olmaqdan çıxır və gündəlik işin bir parçasına çevrilir.
“Birinci növbədə, bu müştəri ilə ünsiyyəti xeyli rahatlaşdırır. Kiçik və orta bizneslərin böyük qismi satış və dəstək suallarına vaxtında cavab verə bilmir, operator xərci isə əlavə yük yaradır. Azərbaycan dilində işləyən Sİ alətləri sayəsində şirkətlər “WhatsApp”, sosial şəbəkə və sayt üzərindən gələn suallara daha sürətli cavab verə, tez-tez verilən sualları avtomatlaşdırıb əməkdaşların yükünü azalda bilər. Bu, həm xidmət keyfiyyətini artırır, həm də xərci optimallaşdırır”.
T. Mirkişili bunun həmçinin satış və marketinq sahələrinə də müsbət təsir edəcəyini bildirib.
“KOB-ların çoxunun ayrıca böyük marketinq komandası olmur. Sİ isə Azərbaycan dilində reklam mətnləri, sosial media postları, kampaniya ideyaları, məhsul təsvirləri və təqdimatlar hazırlamaqda real kömək edir. Bu o deməkdir ki, biznes daha az resursla daha çox iş görə bilir, kampaniyalar daha tez hazırlanır və satış prosesləri sürətlənir”.

Onun sözlərinə görə, yerli bazara çıxan proqram və tətbiqlərdə süni intellektdən istifadə iqtisadi baxımdan vaxt və pul qazandırır. Şirkətlər bir çox prosesləri süni intellektlə daha səmərəli qura bilir. Nəticədə məhsul bazara daha tez çıxır, istifadəçi məmnuniyyəti artır, şirkətin inkişaf sürəti yüksəlir.
“Bu imkanlar yalnız daxili bazarla məhdudlaşmır. Biznes Azərbaycan dilində kontent hazırlayıb onu daha asan şəkildə digər dillərə uyğunlaşdıraraq xarici bazara çıxışını da genişləndirə bilər. Xüsusən İT xidmətləri, e-commerce, turizm və xidmət sektorunda bu, çox praktik üstünlük yaradır.
Əlbəttə, burada iki vacib şərt var: birincisi, şirkətlər müştəri məlumatlarının məxfiliyinə diqqət etməlidir. İkincisi, süni intellekt səhv də edə bilər, ona görə hüquqi, maliyyə kimi həssas mətnlərdə son yoxlama mütləq insan tərəfindən aparılmalıdır. Yəni Sİ son qərar verən deyil, düzgün istifadə olunanda güclü köməkçidir”.
“Ümumilikdə, “Gemini”nin Azərbaycan dilini dəstəkləməsi ölkəmizdə süni intellektdən istifadənin kütləviləşməsi üçün yaxşı fürsətdir. Bu, KOB-lara daha sürətli işləmək, xərcləri azaltmaq, satış və xidmət keyfiyyətini artırmaq, rəqəmsal məhsulları daha tez bazara çıxarmaq və uzun müddətdə daha rəqabətli olmaq imkanı verir. Bizim hədəfimiz də məhz budur: süni intellektdən real iqtisadi fayda yaratmağa və bunu hər bir sahibkarın gündəlik işində hiss etdirməyə nail olmaq lazımdır” - deyə millət vəkili sonda qeyd edib.

Ədəbiyyatşünas, deputat Elnarə Akimova isə qeyd edib ki, 21-ci əsrdə dil süni intellekt sistemlərində nə dərəcədə təmsil olunursa, o dərəcədə qlobal informasiya dövriyyəsinə daxil olur. Azərbaycan dövlətinin rəqəmsal arxitektura quruculuğunu prioritet elan etməsi və eyni zamanda qlobal texnoloji platformalarda Azərbaycan dilinin dəstəklənməsi paralel proseslər kimi bir-birini tamamlayır. Bu, həm milli kimliyin qorunması, həm də rəqəmsal iqtisadiyyatda rəqabət qabiliyyətinin artırılması baxımından mühüm mərhələdir.
“Bildiniz kimi, fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə ölkənin inkişaf strategiyasında yeni mərhələnin başlandığını göstərdi. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi və data əsaslı idarəetmə artıq alternativ deyil, zərurətdir. Qlobal miqyasda iqtisadi və texnoloji rəqabətin dərinləşdiyi bir dövrdə Azərbaycan da bu transformasiyanı sistemli şəkildə həyata keçirmək niyyətini ortaya qoyur”.
Deputat vurğulayıb ki, belə bir mərhələdə “Google”un rəsmi süni intellekt platforması olan “Gemini”nin Azərbaycan dilini dəstəkləməyə başlaması təsadüfi hadisə sayılmır, bu, qlobal texnoloji proseslərin milli müstəvidə təzahürüdür.
“Dilin süni intellekt sistemləri tərəfindən tanınması və emal olunması həm də dilin rəqəmsal mühitdə yaşaması, inkişaf etməsi və gələcək nəsillərə uyğunlaşması baxımından strateji əhəmiyyət daşıyır. Dünyada aparılan tədqiqatlar göstərir ki, böyük dil modelləri müəyyən dili nə qədər çox emal edir və istifadə edirsə, həmin dilin qrammatik strukturu, semantik əlaqələri və terminoloji bazası bir o qədər sistemli şəkildə formalaşır və standartlaşır”.

O qeyd edib ki, Azərbaycan dili uzun illər əsasən humanitar və məişət müstəvisində dominant olub. Lakin süni intellekt platformalarında aktiv istifadə elmi, texniki və rəqəmsal terminologiyanın formalaşmasını sürətləndirə bilər.
“Süni intellekt modelləri minlərlə mətn nümunəsi əsasında sintaktik quruluşları, söz birləşmələrini və kontekstual məna əlaqələrini təhlil edir. Bu isə yeni anlayışların Azərbaycan dilinə uyğunlaşdırılmasında mexaniki tərcümədən daha dərin və məntiqi adaptasiyaya imkan yaradır. Xüsusilə informasiya texnologiyaları, kibertəhlükəsizlik, biotexnologiya və rəqəmsal iqtisadiyyat sahələrində terminlərin düzgün və vahid formada tətbiqi üçün belə platformaların rolu artmaqdadır”.
Elnarə Akimovanın sözlərinə görə, süni intellektin yaradıcı sahələrə təsiri də ayrıca diqqətə layiqdir. Jurnalistika, ədəbiyyat, dizayn, kino və reklam sahələrində AI artıq ideya generasiyası, ilkin mətnlərin hazırlanması, vizual konseptlərin qurulması kimi mərhələlərdə məhsuldarlığı artırır:
“Bu, insan yaradıcılığını əvəz etmir, lakin onu sürətləndirir və genişləndirir. Azərbaycan dilində belə imkanların yaranması yerli kontent istehsalçılarına qlobal rəqabət mühitində daha çevik fəaliyyət göstərmək imkanı verə bilər. Eyni zamanda, dilin rəqəmsal mühitdə intensiv istifadəsi onun leksik və üslubi imkanlarını da zənginləşdirir”.
“Gemini”nin Azərbaycan dilini dəstəkləməsi dilin rəqəmsal gələcəyinə açılan qapıdır. Prezidentin müəyyən etdiyi yeni rəqəmsal inkişaf kursu isə bu qapının arxasında sistemli və davamlı strategiyanın dayandığını göstərir. Azərbaycan artıq rəqəmsal transformasiyanı kənardan izləyən deyil, onu öz inkişaf modelinin əsas dayaqlarından birinə çevirən ölkə kimi çıxış edir” - E. Akimova sonda vurğulayıb.