Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində sürüşmə zonasında tikinti işlərinin aparılmasına hazırlıqla bağlı məlumatlar yayılıb. İşlərin Gəncə prospektində aparıldığı, tikinti işlərinə hazırlıq məqsədilə sürüşmə zonasını əhatə edən ərazinin dəmir hasara alındığı bildirilir.
Hətta bununla bağlı sosial şəbəkələrdə paylaşımlar da edilib, ərazidə yaşayan sakinlərin Xəzər dairəi adlanan əraziyə gedişini asanlaşdıran çoxillik pilləkənlərin söküldüyü videoya alınıb.
Modern.az məsələni dəqiqləşdirmək üçün Xətai İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyətindən bildirdilər ki, məsələ ilə bağlı detallı məlumata Dövlət Şəhərsalma və Arxitektura Komitəsi malikdir.
Komitədən saytımızın sorğusuna cavab olaraq isə bildirilib ki, sözügedən ərazi şəhərinin təsdiq olunmuş Baş planına əsasən, yaşayış zonası statusuna malikdir, amma bununla belə ərazidə tikinti işləri həyata keçirmək üçün heç bir icazə sənədi verilməyib.
"Bununla belə, bildiririk ki, hazırda qeyd olunan ünvan üzrə hər hansı tikinti işlərinin həyata keçirilməsi üçün heç bir icazə sənədi verilməyib. Tikintiyə icazə üçün müraciət edilən zaman bir qayda olaraq mövcud qanunvericiliyin tələblərinə əsasən bütün aidiyyəti qurumların rəsmi rəyləri, o cümlədən ərazinin geoloji vəziyyəti kimi amillər nəzərə alınaraq qərar qəbul edilir", - qurumdan bildirilib.