1992-ci il fevralın 14-də Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan bu tarix Hərbi Hava Qüvvələri Günü kimi qeyd edilir.
Bu gün qeyd olunan Hərbi Hava Qüvvələri Günü yalnız bir qoşun növünün bayramı deyil, eyni zamanda bu tarix Vətən səmasında xidmət edən və həmin səmanı qoruyarkən canından keçən pilotlarımızın xatirə günüdür.
Müstəqillik illərində Azərbaycan Hərbi Hava Qüvvələri ölkənin müdafiə sistemində strateji rol oynayıb. Qarabağ münaqişəsinin ilk illərindən başlayaraq 2016-cı ilin Aprel döyüşlərinə, 44 günlük Vətən müharibəsinə və sonrakı hərbi proseslərə qədər hərbi aviasiya həm döyüş əməliyyatlarında, həm də kəşfiyyat və hava dəstəyi missiyalarında fəal iştirak edib.
Müstəqillik dövrü ərzində 29 hərbi pilotumuz şəhidlik zirvəsində yüksəlib.
Modern.az xatırladır ki, II Qarabağ müharibəsində 4 hərbi pilotumuz - Abbas Qasımov, Xalid Gözəlov, Ramiz Qasımov, Zaur Nudirəliyev qəhrəmancasına şəhid olub.
II Qarabağ müharibəsinin ilk günü və başlamasının ilk dəqiqələri Hərbi Hava Qüvvələrinin mayoru, hərbi pilot Abbas Qasımov və DSX-nın baş leytenantı, hərbi pilotu Xalid Gözəlov Qarabağ səmasında şəhid olub.
Qeyd edək ki, Abbas Qasımov 1986-cı il martın 17-də Zəngibasarın Masis rayonunda anadan olub. Ailəsi ilə birgə 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən doğma rayonundan deportasiya edilib.
Xalid Gözəlov 1996-cı ilin 4 noyabrında Biləsuvar rayonun Aşağı Cürəli kəndində anadan olub. 2019-cu ildə baş leytenant rütbəsi alıb.
Canlarını Vətən yolunda fəda edən Abbas Qasımov və Xalid Gözəlov ölümündən sonra "Vətən uğrunda" , medalları və "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunub.
II Qarabağ müharibəsinin daha bir şəhid pilotu Ramiz Vaqif oğlu Qasımovdur. Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin birinci saatlarında "SPAYK" uzun mənzilli raketlərilə silanlanan "Mi-17" hücum vertolyotu ilə cəbhənin Tərtər-Madagiz-Talış istiqamətlərində Ermənistan Ordusunun strateji əhəmiyyətli hədəflərini məhv edən birinci pilotlardan olub.
Hərbi hədəflərin məhv edilməsindən sonra Ramiz Qasımovun idarə etdiyi "Mi-17" hücum vertolyotu geri dönən zaman Tərtər rayonunun Azad Qaraqoyunlu istiqamətində Ermənistan Hərbi Hava Qüvvələri tərəfindən vurulub.
Ramiz Qasımov dərhal bortda olan digər 2 nəfər heyət üzvünə vertolyotdan "atılma" əmrini verib. Özü isə "Mi-17" hücum vertolyotunun yaşayış evlərinə düşməməsi üçün boş sahəyə tərəf istiqamətləndirməyə başlayıb.
Son anda paraşütlə vertolyotdan atılsa da, başından ağır zərbə alıb. Koma vəziyyətində 25 gün qalandan sonra oktyabrın 22-də həlak olub. Qəhrəmanımıza göstərdiyi şücaətə görə şəhid statusu verilib.
Zaur Nudirəliyev də ikincə Vətən müharibəsi şəhididr. Pilotumuza sentyabrın 27-də başlanan Vətən müharibəsində "Su-25" hücum təyyarələrində yeni üsullardan istifadə olunması tapşırığı verilib.
Nudirəliyev nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra edib. Həmçinin "Su-25" hücum təyyarəsindən lazer müşaiyətli bombaların birinci atışını həyata keçirib. 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində hədəfə yaxınlaşan zaman idarə etdiyi "Su-25" hücum təyyarəsinin vurulması nəticəsində həlak olub.
Zaur Nudirəliyev Azərbaycan Hərbi Hava Qüvvələri tarixində şəhid olan yeganə polkovnikdir. Həmçinin o, 1941-ci ildən sonra "Atəş ramı" reallaşdıran birinci pilotdur.
Şəhid hərbi pilotların ümumi siyahısı aşağıdakı kimidir:
Polkovniklər və yüksək rütbəli pilotlar
-Polkovnik Zaur Nudirəliyev
-Polkovnik Fizuli Cavadov
-Polkovnik Emil Nəzirov
-Polkovnik Elçin Nəbiyev
-Polkovnik-leytenantlar
-Polkovnik-leytenant Ramiz Qasımov
-Polkovnik-leytenant Fəxrəddin Əsgərov
-Polkovnik-leytenant Rəşad Atakişiyev-məşhur MiG-29 pilotunun təlim-məşq uçuşu zamanı qəza nəticəsində qəhrəmancasına həlak olub.
-Polkovnik-leytenant Famil Məmmədli
Mayor rütbəli pilotlar
-Mayor Urfan Vəlizadə
-Mayor Təbriz Musazadə
-Mayor Abbas Qasımov
-Mayor Elmir Həsənov
-Mayor Elbrus Əhmədov
-Mayor Emil Mayılov
-Mayor Murad Məmmədov
-Mayor Emil Əliyev
Kapitanlar
-Kapitan Cavid Bayramlı
-Kapitan Xəyyam Əliyev
-Kapitan Teymur Qaraisayev
-Kapitan Əfqan Aslanov
-Kapitan Yaşar Əhmədov
Baş leytenantlar
-Baş leytenant Əbu Bəkir İsmayılov
-Baş leytenant Vaqif Qurbanov
-Baş leytenant Rüstəm Rüstəmov
-Baş leytenant Fərid Nağıyev
-Baş leytenant Xaliq Gözəlov
Leytenantlar
-Leytenant Abdulla Süleymanov
-Leytenant Bəhruz Zeynalov