Müəyyən dövrlərdə Avropa İttifaqı Azərbaycan reallıqlarını, sülh, əminamanlıq mübarizəsini, Ermənistanın ölkəmizə qarşı təcavüzkar əməllərini düzgün qiymətləndirib dövlətimizin haqlı mövqeyini dəstəkləməsə də Prezidentimiz cənab İlham Əliyev daimi Avropa İttifaqı və ölkələri ilə münasibətləri yaxşılaşdırmağa, əməkdaşlığı gücləndirməyə çalışmışdır. Qarşılıqlı dialoq, görüşlər bir çox hallarda öz müsbət nəticələrini vermiş və bu günkü sağlam münasibətlərə zəmin yaratmışdır.
Avropa Komissiyasının üzvlərinin bir neçə dəfə Bakıya səfərləri, eləcə də ölkəmizin rəhbərinin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşləri işgüzar münasibətləri genişləndirmiş, ölkələri bir-birinə yaxınlaşdırmışdır. Bu baxımda Antonio Koştanın ölkəmizə hazırkı səfəri əməkdaşlığın daha da yaxşılaşdırılmasına xidmət edir və yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.
Cənab İlham Əliyev mətbuata bəyanatında da bunu bir daha ifadə etmiş və bildirmişdir ki, bu səfər xüsusən də indiki dövrdə çox uğurlu inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oynayacaq.
Əlaqələrin inkişaf etdirilməsinin nəticəsidir ki, Avropa İttifaqı bu gün Azərbaycanda baş verən yenilikləri, dövlətimizin sülh, əməkdaşlıq, əminamanlıq yolunda uğurlu addımlarını, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsindəki rolunu yüksək qiymətləndirir və dövlətimizi etibarlı tərəfdaş kimi qəbul edir.
Bu səbəbsiz deyildir. Çünki bu gün Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsinə qaz ixrac edir və ölkəmizin ticarət dövriyyəsinin 50 faizi İttifaqla bağlıdır. Enerji sahəsində əməkdaşlığımız genişlənir. Azərbaycan böyük külək, günəş və su elektrik enerjisi potensialına malikdir və Avropa ölkələrinin bu potensialdan faydalanmaq imkanları vardır.
Orta Dəhlizin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, alternativ yolların müəyyən edilməsi əlbəttə ki, Avropa ölkələrinin gələcək inkişafı üçün əhəmiyyətlidir və bu əlaqələrin daha da möhkəmlənməsinə dəstək verir.
Azərbaycan uzun illər təcavüzə məruz qalmış bir dövlət kimi bu gün öz təhlükəsizliyinin təminatına daha ciddi diqqət yetirməkdədir. Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşlərdə, mətbuata bəyanatda bu məsələlərə - sülhə, əminamanlığa, əməkdaşlığa önəm verilməsi Azərbaycanın bəşəri dəyərlərə, insan hüquqlarına, beynəlxalq normalara sadiqliyinin, bu yolda əzmkarlığının ifadəsidir və təqdirəlayiqdir.
Tahir Rzayev,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri