Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında Bakıda keçirilən görüş və səsləndirilən bəyanatlar tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı kimi, hazırda Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələr qarşılıqlı etimad üzərində qurulub və strateji mahiyyət daşıyır.
Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biri beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və nüfuzlu beynəlxalq qurumlarla münasibətlərin möhkəmləndirilməsidir. Bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlıq ölkəmizin xarici siyasət strategiyasında vacib yer tutur. Qarşılıqlı maraqlara əsaslanan bu münasibətlər yalnız siyasi və iqtisadi sahələri əhatə etmir, həm də regional sabitliyin möhkəmləndirilməsi və dayanıqlı inkişaf baxımından xüsusi əhəmiyyət kəsb edir.
Statistik göstəricilər də bu əməkdaşlığın real nəticələrini göstərir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və ölkəmizin xarici ticarət dövriyyəsində Avropa bazarlarının xüsusi çəkisi var. Bu, tərəflər arasında möhkəm etimadın və iqtisadi əməkdaşlığın davamlı inkişaf etdiyini göstərir.
Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığının əsas istiqamətlərindən biri enerji sahəsi ilə bağlıdır. 2022-ci ildə Azərbaycanla Avropa Komissiyası arasında imzalanmış Strateji Enerji Tərəfdaşlığı sənədi Avropanın enerji təhlükəsizliyi və mənbələrin şaxələndirilməsi baxımından önəmli addım oldu. Bu gün Azərbaycan qazı Avropanın 16 dövlətinə çatdırılır və Azərbaycan qazından istifadə edən 10 ölkə Avropa Birliyinin üzvüdür. Bu da ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu gücləndirir.
Enerji əməkdaşlığı yalnız mövcud resursların ixracı ilə məhdudlaşmır. Yeni qaz yataqlarının istismara verilməsi və hasilatın artırılması planları Azərbaycanın qlobal enerji xəritəsində daha önəmli rol oynamasına şərait yaradır. Eyni zamanda, bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr ölkəmizin bu istiqamətdə böyük potensiala malik olduğunu ortaya qoyur. İldə 300-dən çox günəşli gün və zəngin külək resursları alternativ enerji istehsalını artırmaq üçün əlverişli şərait yaradır. Məqsəd yaxın illərdə 6-8 giqavat gücündə bərpaolunan enerji potensialını formalaşdırmaqdır ki, bu da Azərbaycanın Avropaya yaşıl enerji ixrac etmək perspektivini gücləndirir.
Azərbaycanın Avropa üçün strateji rolu yalnız enerji ilə məhdudlaşmır. Qlobal geosiyasi proseslər fonunda ölkəmizin nəqliyyat və logistika imkanları da önəmli əhəmiyyət daşıyır. Xüsusilə Orta Dəhliz layihəsi Avropa ilə Asiya arasında ticarət əlaqələrinin sürətlənməsinə və yükdaşımaların müddətinin qısalmasına xidmət edir. Son illərdə yaradılmış müasir nəqliyyat infrastrukturu Azərbaycanın Avrasiya məkanında logistika və tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirib, Avropa ilə Mərkəzi Asiya və Çin arasında ticarət əlaqələrini inkişaf etdirir.
Avropa İttifaqının “Qlobal Qapı” təşəbbüsü bu əməkdaşlığı daha da dərinləşdirir. Layihələr çərçivəsində nəqliyyat, enerji və rəqəmsal infrastruktur sahələrinə yönələn sərmayələr regionda iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gündəliyində regional sabitlik və təhlükəsizlik məsələləri də mühüm yer tutur. Ermənistanla əldə olunmuş sülh razılaşması Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradır. Uzun illər davam edən münaqişədən sonra formalaşan bu günkü vəziyyət regional əməkdaşlıq və iqtisadi inteqrasiyanı dərinləşdirir. Bu proseslərdə Azərbaycan konstruktiv mövqeyi ilə sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.
Bütün bunlar göstərir ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində, Avrasiya miqyasında nəqliyyat əlaqələrinin genişlənməsində və regionda stabilliyin möhkəmlənməsində etibarlı tərəfdaş kimi çıxış edir və bu strateji xətt gələcəkdə də davam etdiriləcək.
Cavanşir Feyziyev, Milli Məclisin deputatı