Milli Məclisin bəzi deputatları Nazirlər Kabinetindən ilk dəfə əmək fəaliyyətinə başlayanlara sağlamlıq arayışının rüsum ödənilmədən – pulsuz verilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş ediblər.
Deputatlar bu təklifi ilk dəfə əmək fəaliyyətinə başlayan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə irəli sürüblər.
Modern.az xəbər verir ki, hökumət təklifi qəbul etməyib. Bu barədə Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyətinə dair hesabatda bildirilib.
Hökumətin deputatlara verdiyi cavabda qeyd edilib ki, işə qəbul zamanı tələb olunan sağlamlıq haqqında arayış icbari tibbi sığorta təminatına daxil olmadığına görə ödənişlidir:
“Bu arayışlar üçün tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib”, - deyə cavabda qeyd olunub
Sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq, dermatoveneroloq, stamatoloqun ixtisaslı həkim müayinəsi, flüoqrafiya və qanın ümumi analizi daxildir.
Qeyd edək ki, hazırda polklinikalarda verilən sağlamlıq haqqında arayşın rüsumu 40 manat təşkil edir.