“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Samux Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart Soyqırımının 108-ci ildönümü münasibətilə “Soyqırımın acı xatirələri” mövzusunda dəyirmi masa keçirilib.
Modern.az xəbər verir ki, tədbir başlamazdan əvvəl müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin, 31 mart soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, 1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yaranmışdır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə bu hadisələrə siyasi-hüquqi qiymət verilməsi, aparılan tədqiqatlara və həqiqətlərin üzə çıxarılması istiqamətində görülən işlərə güclü təkan vermişdir.
Tədbirdə iştirak edən Samux Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, eləcə də digər natiqlər – Səlminə Məmmədova, Elvar Səfərov, Dilarə Əsgərova və Səbuhi Namazov çıxış edərək bildiriblər ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığı və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Ermənilər əllərinə düşən fürsətdən istifadə edərək uşaq, qadın və qoca demədən dinc əhalini kütləvi şəkildə qətlə yetirmiş, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Bu soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdir.
Qeyd olunub ki, bu gün hər bir azərbaycanlı bəşər tarixinin ən ağır cinayətlərindən biri olan 31 Mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edir. Eyni zamanda, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin qürurunu yaşayır.