Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan XİN-nin açıqlaması ilə bağlı suala cavab olaraq bildirib ki, Moskva öz cavabını diplomatik kanallar vasitəsilə Bakıya çatdıracaq.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Zaxarova bu barədə suala bir müddət əvvəl Azərbaycan tərəfinin Paşinyan-Putin görüşündə Qarabağ məsələsinin müzakirəsi ilə bağlı Rusiyaya etirazını bildirməsinə görə münasibət bildirib.
Bu arada, Zaxarova xatırladıb ki, Rusiya və onun lideri Putin münaqişənin həllində əsas rol oynayıblar.
"Rusiya 1990-cı illərdən bəri davam edən bu həssas məsələnin həlli üçün şərait yaratmağa çalışıb. Son illərdə İrəvan və Bakı vasitəçilər olmadan dialoq aparmaq qərarına gəliblər və bu qərar Rusiyanın da başa düşdüyü bir qərardır. Eyni zamanda, normallaşma prosesini dönməz hala gətirmək üçün hələ çox iş görülməlidir".
O xatırladıb ki, münaqişənin həlli Moskvanın dəstəklədiyi ATƏT-in Minsk Qrupunun ləğvi qərarı ilə rəsmiləşdirilib.