Modern.az

Rusiya tərəfi Azərbaycanın tələbini yerinə yetirdi 

Rusiya tərəfi Azərbaycanın tələbini yerinə yetirdi 

Parlament

10 Oktyabr 2025, 12:45

Bir neçə gün bundan öncə Türk dövlətlərinin rəhbərləri Qəbələ şəhərində növbəti dəfə bir araya gəldilər. Artıq bu cür mötəbər görüşlərin ölkəmizdə keçirilməsi ənənə halını alıb.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov bildirib.

“Budəfəki tədbirin əhəmiyyətini artıran məsələlərdən biri də sammitdə bütün Türk respublikalarının rəhbərlərinin iştirakı idi. Artıq bir neçə dəfədir bu tədbirlərdə Türkmənistan və Şimali Kipr prezidentləri də iştirak edirlər. Bu da öz növbəsində tədbirin əhəmiyyətini daha da artıraraq Türk dövlətləri arasında birlik və həmrəyliyin güclənməsinə mühüm töhfələr verir”, - C.Məmmədov deyib.

Millət vəkili qeyd edib ki, Qəbələdəki tədbirdə də Prezident İlham Əliyev Türk dövlətlərinin gələcəyi ilə bağlı çox önəmli mesajlar verdi:

“Bu gün çox qürurvericidir ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatı, sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Bu prosesə ən çox töhfə verən ölkələrdən biri də məhz Azərbaycandır.

Prezident İlham Əliyev çıxışında ortaq tarix və etnik köklərin və dillərin türk dünyasını ailə kimi birləşdirdiyini vurğulayaraq, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Bu məsələ gələcəkdə türk dövlətlərinin ordularının döyüş qabiliyyətinin artırılması və təhlükəsizliyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir”.  

C.Məmmədov deyib ki, PPrezidentin çıxışında önəmli məqamlardan biri də birinci Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsi ilə bağlı idi:

“Bu məsələdə də Prezident İlham Əliyev təşəbbüsü ələ alaraq həmin qurultayın 100 illiyinin keçirilməsini təklif etdi. Bu sadəcə bir qurultay deyil, eyni zamanda mühüm tarixi hadisələrin gənc nəslin yaddaşına həkk olunmasıdır”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin digər mühüm görüşü dünən Tacikistanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə olub.

“Azərbaycan – Rusiya münasibətləri hər zaman yüksək olub. Münasibətlərin pisləşməsinə görə məsuliyyəti məhz Rusiya tərəfi daşıyırdı.

Beləliklə Prezident İlham Əliyevin ötən dövrdə apardığı məhz prinsipial və qətiyyətli siyasət nəticəsində Azərbaycan daha bir məqsədinə nail oldu. Rusiya tərəfi Azərbaycanın tələbini yerinə yetirdi. Bu həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti böyük uğurudur”, - C.Məmməov vurğulayıb

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Paşinyanla mübahisə etdi