Modern.az

15 Oktyabr – Azərbaycanın taleyini dəyişən Gün!

15 Oktyabr – Azərbaycanın taleyini dəyişən Gün!

Parlament

15 Oktyabr 2025, 15:57

Tarixdə elə günlər var ki, o günlər bir xalqın və bir dövlətin gələcəyini, ölüm-qalım məsələsini müəyyən edir. 15 oktyabr 2003-cü il məhz Azərbaycan xalqı və dövləti üçün belə bir məsuliyyətli gün idi. Dahi şəxsiyyət, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin milli maraqlara söykənən strateji inkişaf kursunun davam etməsini istəyən xalqla, ölkəmizin anarxiyaya, xaosa və başqa ölkələrin vassalına çevrilməsi kimi təhlükəli planın həyata keçməsini hazırlayanlar və bu planın alətinə çevrilmiş bir qrup azğınlaşmış radikal dəstə arasında həlledici savaşın baş verdiyi gün.

Xalqımız özünün qətiyyətli seçimini edərək 15 oktyabrda Prezident seçkilərində İlham Əliyevi çox böyük səs üstünlüyü ilə Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyevin siyasi kursunun davamçısı seçdi və etdiyi tarixi seçimi sona qədər qorumağı bacardı. Belə ki, 15 və 16 oktyabr 2003-cü il tarixlərində Azərbaycan dövlətinin və xalqının gücü ilə dövlətçiliyimizi sarsıtmaq və müstəqil dövlət kursunu dəyişmək istəyən xarici və daxili qüvvələrə həlledici zərbə vuruldu və ölkəmiz strateji islahat və inkişaf mərhələsinə qədəm qoydu.
Keçən 22 ildə o qədər hadisələr baş verdi ki, onları bir yazıda əhatə etmək mümkün deyil.

Lakin onların bəzilərinin özətini vermək istərdim: Prezidentliyinin ilk illərində İlham Əliyev nə qədər hazırlıqlı, peşəkar və qətiyyətli Lider olduğunu hamıya nümayiş etdirərək dövlət çevrilişi xəyalına qapılan, hökumət daxilində mərkəzdənqaçma və separatizm meyllərinə yol verən bəzi yüksək ranqlı məmurları ciddi şəkildə cəzalandırdı, 2005-ci ilin noyabrında planlaşdırılan, Qərb tərəfindən Gürcüstanda və Ukraynada uğurla tətbiq olunan və Azərbaycanı həmin ölkələrin hazırda düşdüyü rəzil vəziyyətə salmağı hədəfləyən “narıncı inqilab”ın qarşısını qətiyyətlə aldı.

Dövlətimiz bu təhlükəni bərtərəf etdikdən sonra sıçrayışlı inkişaf mərhələsinə qədəm qoydu. Həyatın bütün sahələrində inqilabi dəyişikliklər oldu, iqtisadiyyatımız on dəfələrlə böyüdü, Bakı və rayonlarımız tanınmaz dərəcədə gözəlləşdi və inkişaf etdi, əhalinin sosial təminatı dəfələrlə yaxşılaşdı, ordumuz NATO standartlarına uyğun yenidən quruldu, dövlətimizin beynəlxalq nüfuzu və etibarı görünməmiş dərəcədə artdı. Bir sözlə, ölkəmizin siması müsbətə doğru büsbütün dəyişdi.

Ən vacibi isə Prezident İlham Əliyev elə bir qüdrətli dövlət qurdu ki, bu dövlət qarşıda duran bütün milli vəzifələrin icrasını təmin etdi:

1. 21-ci yüzildə dünyanın heç bir ölkəsinin edə bilmədiyini etdi,  torpaqlarını 30 illik erməni işğalından azad etdi, dünya erməniliyini və onun havadarlarını döyüş və diplomatiya meydanında əzici məğlubiyyətə uğratdı.
2. Azərbaycanda erməni separatizminin kökünü bir daha baş qaldırmamaq şərtilə birdəfəlik kəsdi. Xalqımıza 200 il müddətində rahatlıq verməyən, olmazın faciələrini yaşadan, qlobal güc mərkəzlərinin dəstəklədiyi təhdid və təhlükə mənbəyi olan erməni daşnakları ölkəmizdən süpürülüb atıldı.
3. Azərbaycan xalqına qarşı soyqırımı və müharibə cinayətləri törədənlər ədalət mühakiməsinə cəlb edildi.
4. Ermənistanın ölkəmizə qarşı ərazi iddialarına rəsmən son qoyan, ərazi bütövlüyümüzü və suverenliyimizi birmənalı tanıyan sülh sazişinin mətninin qəbuluna və paraflanmasına Ermənistanı məcbur etdi.
5. Azərbaycanı Naxçıvanla, 100 ildən sonra Türk dünyasını bir-birilə birləşdirən Zəngəzur dəhlizinin milli maraqlarımıza və planlarımıza uyğun olaraq fəaliyyət göstərməsi haqqında ABŞ-da tarixi razılaşmaya imza atdı və bu razılaşmanın qarantı kimi ABŞ Prezidentinin iştirakına nail oldu.

6.Azərbaycanı dünyanın ən hörmətli və nüfuzlu dövlətlərindən olan “orta güc”ə və  dünya siyasətinin qlobal oyunçularından birinə çevirdi. Dünyanın super gücü olan ABŞ Prezidenti Trampın  lham Əliyevi Vaşinqtonda “böyük Lider” adlandırması, Misirdə isə İlham Əliyevə  “müasir dünyanın ən nüfuzlu və güclü Liderlərindən biri kimi xitab etməsi” dediklərimə ən yaxşı sübutdur.

7. Azərbaycan xalqının milli heysiyyətini və şərəfini dirçəltdi, xalqımızın dünya tərəfindən qəhrəman, istedadlı və döyüşkən xalq kimi tanınmasına nail oldu.

Əlbəttə, bu siyahını davam etdirmək də olar. Lakin hesab edirəm ki, elə bu faktları sadalamaqla 15 oktyabr 2003-cü ildə xalqımızın İlham Əliyevi Prezident seçməklə, sonrakı illərdə bu seçimi dönə-dönə təkrar etməklə nə qədər doğru və müdrik qərar verdiyini əmin olmağa kifayət edir.

Bu yazını yazarkən bir daha əmin olursan ki, Azərbaycan xalqı çox şanslı xalqdır. Çünki onun Ulu Öndər Heydər Əliyevin yolunu peşəkarlıq və əzmlə davam etdirən, ata nəsihətini və xalqına verdiyi bütün vədləri qüsursuz yerinə yetirən, 50 milyonluq azərbaycanlının fəxr etdiyi, hər birimizin başını uca edən İlham Əliyev kimi qətiyyətli və müdrik Prezidenti var.

Elə bir Prezident ki, dünyanın heç bir dövlətinin təzyiqinə boyun əymədən öz milli maraqları uğrunda sona qədər mücadilə apararaq qalib gəlməyi bacarır. Nə ABŞ-ın Prezidenti Bayden, nə Fransanın Prezidenti Makron, nə də Rusiyanın Prezidenti Putin İlham Əliyevin iradəsinin üzərindən keçə bildi. Sonda Bayden hakimiyyətdən getdi, yerinə gələn Tramp İlham Əliyevin əsl gücünü və bacarığını düzgün qiymətləndirərək yuxarıda qeyd etdiyim kimi, Onu böyük lider və dünyanın ən güclü prezidentlərindən biri adlandırdı və Azərbaycanla strateji müttəfiqlik münasibətləri qurmağa başladı.

Fransa Prezidenti Makron qərəzli mövqeyindən İlham Əliyevin möhkəm duruşunun və adekvat siyasətinin təsiri ilə imtina etməyə və bizimlə münasibəti normallaşdırmağa məcbur oldu. 10 aylıq gərginlikdən sonra Rusiya Prezidenti Putin təyyarə qəzası ilə bağlı İlham Əliyevin tələblərinin hamısını qəbul etdi. Azərbaycanı bir neçə il əvvəl təhdid edən və səfirliyimizə qarşı terror aktını törədən İran nəhayət, ölkəmizə qarşı münasibətini müsbətə doğru dəyişməyə, cinayətkarı edam etməyə məcbur oldu.

Bax, bu, 21-ci əsrin əsl Liderinin siyasi obrazını ifadə edən əsas faktorlardır! 
Əminəm ki, Prezident İlham Əliyevin güclü Liderliyi ilə Azərbaycan bundan sonra da uzun illər boyunca yeni zirvələr fəth etməkdə davam edəcək!

Azay Quliyev
Milli Məclisin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı