Oktyabrın 21-də Parlamentlərarası İttifaqın 151-ci assambleyası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüşün baş tutacağı gözlənilir.
Qeyd edək ki, tərəflər sonuncu dəfə 2025-ci ilin aprelində Sankt-Peterburqda görüşüblər.
Budəfəki görüş zamanı hansı məsələlərin müzakirə ediləcəyi, eləcə də 8 avqust Vaşinqton sammitində paraflanan sülh sənədinin ratifikasiyası ilə bağlı məsələnin də gündəm olub-olmayacağı maraq doğurur.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Modern.az-a bildirib ki, spikerlərin görüşü sülh prosesinə dinamizm verir:
“Azərərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin spikeri Alen Simonyan Cenevrədə görüşəcəklər. Heç şübhəsiz, parlament sədrləri səviyyəsində təmaslar sülh prosesinə dinamiz verir və onun daha da irəliyə aparılması mənafeyinə xidmət edir. 8 avqustda ABŞ-nin paytaxtı Vaşinqtonda prezident Donald Trampın iştirakı və şahidliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişini paraflayıblar. Eyni zamanda Azərbaycan və Ermənistan dövlət başçıları ABŞ liderinin iştirakı ilə birgə bəyanat da qəbul ediblər. Bu o deməkdir sülh prosesi xeyli irəliləyib. Və sülh gündəliyinin irəli aparılması istiqamətində çox mühüm addımlar atılır”.
Onun fikrincə, 2026-cı ilin Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanacağı il olacağı istisna deyil:
“Bu baxımdan Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşləri də eyni mənafeyə xidmət edir. Elə etməliyik sülh prosesi geridönməz prosesə çevrilsin və atılan hər növbəti addım sülh gündəliyinin daha da zəngilənşməsinə və nəhayət bu prosesi məntiqi nəticə ilə yekunlaşmasına səbəb olsun. 2026-cı ilin 7 iyulunda Ermənistanda parlament seçkisi keçiriləcək və bunun ardınca referendumun təşkili gözlənilir. Azərbaycana qarşı ərazi iddialarının konstitusiyadan çıxarılacaqğı istisna deyil”.
Sülh sənədinin ratifikasiyası ilə bağlı E.Nəsirov deyib:
“Sülh müqaviləsi imzalanarsa, təbii ki, sülh müqaviləsinin uzunömürlülüyünü və möhkəmliyini təmin etmək üçün hər iki dövlətin parlamentində ratifikasiya zərurətə çevrilə bilər. Çünki saziş ratifikasiya olunduqda sənədin möhkəmlik əmsalı güclənir və daha ciddi mahiyyət kəsb edir. Deputatları xalq seçir. Ona görə də bu, həm də xalqın iradəsinin göstəricisidir. Məhz buna görə də hesab edirəm ki, bəli, sülh müqaviləsinin imzalanmasından sonra sənədin hər iki parlamentdə ratifikasiyası zərurətə çevriləcək”.
Milli Məclisin Beynəlxalq münsibətlər və parlamentlərarası əlaqələr komitəsinin digər üzvü Fariz İsmayılzadə vurğulayıb ki, müasir dövrdə parlament diplomatiyasının rolu çox böyükdür:
“İkitərəfli əməkdaşlığın qurulmasında, genişlənməsində və dərinləşməsində spikerlərin görüşləri də çox mühüm rol oynayır. Nəzərə alsaq ki, sülh gündəliyi çərçivəsində Azərbaycan və Ermənistan rəsmiləri tez-tez görüşür, ikitərəfli münasibətlər güclənir və etibar yaranır, onda deyə bilərik ki, bu prosesə spikerlərin görüşləri də çox böyük töhfə verə bilər. Vaşinqtonda imzalanan sənədlərdən və gələn il Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra bizim gözlədiyimiz referendum baş tutarsa, düşünürəm ki, spikerlərin görüşü buna çox böyük töhfə verəcək. Burada qarşılıqlı etimadın yaradılması, dialoqun qurulması əməkdaşlğın müzakirə olunmasına böyük təkan veriləcək”.
F.İsmayılzadə paraflanmış sülh sənədinin hər iki ölkənin parlamentində ratifikasiyası məsələsi ilə bağlı bunları deyib:
“Yox, ümumiyyətlə, parlamentdə növbədənkənar iclas zamanı Vaşinqton məsələlərinin hamısı müzakirə olunmuşdu. Deputatlar da öz rəylərini bildirmişdilər və cənab Prezidentin xarici siyasətinə, ümumiyyətlə, sülh gündəliyinə tam dəstək vermişdilər”.