Kopenhagen, Qəbələ, Düşənbə zirvələri və Yaxın Şərq sülh sammiti fonunda yalnız son 3 həftənin siyasi trafiki deməyə əsas verir ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan artıq hesablaşılan qlobal gücə çevrilib.
Moderen.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.
O qeyd edib ki, artıq Vaşinqtion da, Tehran da, Paris, Moskva da Bakının hərbi-siyasi zəfərləri ilə yaratdığı yeni reallıqları qəbul edir və bu ölkələrlə münasibətlərimiz arzuolunan məcraya qədəb qoyub: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xristianlığın ürəyi – Vatikana rəsmi səfəri həm də sivilizasiyalar arası dialoqda Azərbaycanın hərəkətverici rol üstləndiyini göstərir.
Bütün bunların fonunda ölkədə ictimai rəyin bəzən milli məqsədləri aşması suallar doğurur. Məsələn, son günlər diqqətin Ramiz Mehdiyevin barəsində cinayət təqibinə fokuslanması başa düşülən olsa da bu situasiyanın dövlətçilik əleyhinə qaralama cəhdlərinə çevrilməsi qəbuledilməzdir. Burada söhbət Mehdiyevə bir zamanlar xoş söz demiş hansısa fərdin müdafiəsindən getmir, söhbət dövlətin imicindən gedir.
Bu gün Azərbaycanın bütövlüyünü istəyən, sabitliyi, dayanıqlı inkişafı arzulayan, qalib kimi yaşamaq istəyən sağlam düşüncəli hər bir vətəndaş üçün yalnız bir qütb var – cənab İlham Əliyev.
Nə Mehdiyev, nə onun radikal müxalifətdəki balaları yaxud mitinq kuklaları Azərbaycan xalqının gözündə cənab İlham Əliyevə alternativ olmayıb, olması da mümkün deyil.".
Deputat bildirib ki, Mehdiyev barəsində cinayət təqibi üzrə təkzibedilməz sübutların olduğunu demək üçün ciddi əsaslar mövcuddur və onun əməllərində hansı xəyanətlər yatır, bunu hüquq mühafizə orqanları müəyyən edəcək:
“Amma dəyişməyən bir reallıqlar var ki, neobolşevik təfəkkürü ilə, ayrı-ayrı şəxsləri bir vaxtlar hakimiyyət iyerarxiyasında yüksək mövqe tutmuş şəxs barəsində deyilən sözlərə, protokol xarakterli yazılara görə linç etdirmək heç də Mehdiyevin ehtimal olunan xəyanətləri ilə mübarizə deyil. Əksinə bu xəyanət qədər təhlükəlidir və ölkədə dövlətin nüfuzunu zədələməyə, idarəçilik sistemini gözdən salmağa hesablanan, qəsdən Mehdiyevin böyük sosial dayaqlara malik olduğu effektini formalaşdırmaq üçün süni formada təşkil edilən kampaniyadır.
Heç bir sosial bazisi olmayan Mehdiyev kimi cılız adam barədə nə vaxtsa tərif demək qorxulu deyil, qorxulu olan bir vaxtlar Ulu Öndər Heydər Əliyev və cənab İlham Əliyev barədə hədyanlar söyləyib bu gün isə maskalanaraq məqam gözləyənlərə görməzdən gəlməkdir.
Bəli, Mehdiyev bir zamanlar ictimai-siyasi kəsim üzərində söz sahibi olub, amma onun heç vaxt sosial dayağı olmayıb. Sadəcə antimilli ünsürlərin köməyi ilə zaman-zaman özünün əvəzedilməz obrazını formalaşdırmağa çalışıb. Xatırlayırsızsa onun administrasiya rəhbəri olduğu dövrdə 3-5 aydan bir radikallar tökülürdü küçələrə, aidiyyatı strukturlar səfərbər edilirdi və Mehdiyev də olurdu önəmli adam. Ona görə də diqqət daha çox məhz həmin o radikal ünsürlərin, antimilli Şura funksionerlərinin Mehdiyevlə gizli əlaqələrinə yönəlməlidir və hər kəs də əmin olsun ki, istinaq çox mətləbləri üzə çıxaracaq”.