“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun layihəsinin 25-ci maddəsinin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunda məhkəmə hakimlərinin, prokurorluq və xüsusi rütbə daşıyan digər orqanların müvafiq əməkdaşlarına tətbiq olunan güzəştli normalar vəkillərə şamil edilmir. Buna səbəb kimi deyilə bilər ki, vəkillik fəaliyyəti müstəqil peşədir, dövlət qulluğu deyil, gəlir gətirən fəaliyyətlə məşğuldu, əmək şəraiti baxımından güzəştli pensiya kateqoriyasına daxil deyil və buna görə də onlar bu imtiyazlardan faydalana bilməzlər.
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Azay Quliyev bildirib.
"Vəkillik institutu müstəqil olsa da, ictimai əhəmiyyətinə və daşıdığı məsuliyyətə görə hakimlik və prokurorluq fəaliyyəti kimi sosial və ictimai dəyərə malikdir, vəkillik fəaliyyəti də məhkəmə hüquq sisteminin, ədalət mühakiməsinin tərkib hissəsidir.
Onlar da çox vaxt təhlükəsizlik riski altında fəaliyyət göstərirlər, ictimai təzyiqlərlə qarşılaşır, istintaq və məhkəmə proseslərinin bütün mərhələlərində iştirak edirlər.
Digər tərəfdən vəkilin gəliri müqavilə üzrə qonorar və az miqdarda da olsa dövlət hesabına göstərilən hüquqi yardım hesabına formalaşdığından, bu gəlirlər qeyri-stabil və dəyişkəndir".
Deputat qeyd edib ki, belə şəraitdə vəkillərin pensiyasının yalnız fərdi hesabda yığılan kapitala görə təyin olunması onalrın layiqli pensiya səviyyəsinin formalaşmasına çətinlik yaradır.
"Bir çox Avropa ölkəsində vəkillər xüsusi sosial təminat fondlarına qoşulur və uzunmüddətli fəaliyyətinə görə dövlət tərəfindən əlavə pensiya dəstəyi alır (məsələn, Fransa, İtaliya, Polşa). Ona görə təklif edirəm ki, “Əmək pensiyaları haqqında” Qanuna müvafiq dəyişiklik edilsin və ən azı 35 il vəkillik fəaliyyəti göstərmiş Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlərinə yaşa görə əmək pensiyası hüququ verilsin. Yəni, digər kateqoriyalarda bu hüquq 20-25 il stajdan sonra yaranırsa, vəkillərdə belə bir hüquq heç olmasa, 30-35 il stajdan sonra nəzərdə tutulsun.
Bu isə faktiki olaraq çox az sayda vəkili əhatə edəcək və dövlət büdcəsinə ciddi maliyyə yükü yaratmayacaq.
Əksinə, bu addım vəkillik fəaliyyətini maddi və mənəvi baxımdan daha da stimullaşdıracaq".