25 oktyabr Azərbaycan dövlətçiliyi tarixində xüsusi yerə malik gündür. Bu gün Vətən müharibəsinin gedişində mühüm strateji dönüş nöqtəsini təşkil edən Qubadlının işğaldan azad edilməsinin ildönümüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun igidliyi və fədakarlığı nəticəsində Qubadlı şəhəri 2020-ci ilin 25 oktyabrında düşmən işğalından azad edildi. Dövlət başçısının sözləri ilə desək: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.
Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Ərazisi 802 kvadrat kilometr, torpaq fondu isə 79.812 hektardır. Rayonun səthi əsasən dağlıq olub, kəndlərin böyük hissəsi Həkəri və Bərgüşad çaylarının vadilərində yerləşir. Təbii şəraiti və münbit torpaqları ilə fərqlənən Qubadlıda işğala qədər əkinçilik və heyvandarlıq əsas təsərrüfat sahələri idi. Burada taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, eyni zamanda maldarlıq və arıçılıq inkişaf etdirilirdi. Qubadlının “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan əraziləri xüsusilə məhsuldar torpaqları ilə seçilirdi.
Lakin bu gözəl diyar 1988-ci ildən başlayaraq Ermənistanın hərbi təcavüzünə məruz qaldı. Qubadlı həm Ermənistanla, həm də keçmiş Dağlıq Qarabağla sərhəddə yerləşdiyindən, işğal planlarında mühüm yer tuturdu. 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri Qubadlı rayonunu tam işğal etdi. İşğal nəticəsində 30 minə yaxın əhali öz doğma yurd-yuvasından didərgin düşdü. 94 yaşayış məntəqəsi, minlərlə ev və sosial obyekt dağıdıldı, 7 məscid, 16 körpü, 1080 kənd təsərrüfatı obyekti, 4830 km elektrik və 165 km qaz xətləri məhv edildi. Rəsmi İrəvan burada beynəlxalq hüquqa zidd olaraq qanunsuz məskunlaşma siyasəti həyata keçirdi, xaricdən gətirilən erməniləri Qubadlının kəndlərində yerləşdirdi. Bu, Cenevrə konvensiyalarının açıq şəkildə pozulması idi.
Mehriban Vəliyevanın sözlərinə görə Azərbaycan Ordusunun 2020-ci ilin payızında həyata keçirdiyi 44 günlük Vətən müharibəsində Qubadlının azad olunması əməliyyatı mühüm əhəmiyyət kəsb edirdi. Oktyabr ayının ortalarından etibarən Qubadlı istiqamətində ağır döyüşlər gedirdi. Şəhərin ətrafındakı yüksəkliklərdə düşmən güclü istehkamlar qurmuşdu. Ordumuzun məqsədi əvvəlcə həmin strateji yüksəklikləri ələ keçirmək idi. Qəhrəman hərbçilərimizin şücaəti sayəsində Xanlıq, Padar, Sarıyataq kimi kəndlər azad olundu, ardınca şəhər istiqamətində irəliləyiş başladı. 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini düşməndən tam azad etdi və bununla da müharibənin son mərhələsində həlledici üstünlüyü təmin etdi. Qubadlının azad edilməsi münasibətilə Prezident İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. 15 mindən çox hərbi qulluqçu bu medalla təltif edildi. Bu addım həm qəhrəman əsgər və zabitlərimizin şücaətinə verilən yüksək qiymət, həm də xalqın Vətən müharibəsində qazandığı Zəfərin simvolik ifadəsi idi. Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda tarixi qələbə günlərini əbədiləşdirmək məqsədilə mühüm qərar qəbul etdi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə azad edilmiş şəhərlərin “şəhər günləri” təsis edildi. Həmin sərəncama əsasən, 25 oktyabr Qubadlı şəhəri günü kimi qeyd olunur. Bu, Qubadlının azadlıq tarixinin dövlət səviyyəsində rəsmiləşdirilməsi, milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat bildiri ki, azadlıqdan sonra Qubadlı rayonunda yeni inkişaf mərhələsi başlanıb. 27 oktyabr 2021-ci ildə Cənub Ərazi Baş Gömrük İdarəsinin tərkibində “Qubadlı” gömrük postu yaradıldı. Bu post regionda gömrük nəzarətinin təmin olunması, qaçaqmalçılıqla mübarizə və iqtisadi təhlükəsizliyin qorunması baxımından mühüm rol oynayır. Bərpa və quruculuq işləri çərçivəsində Qubadlının enerji təminatı və rabitə infrastrukturu da tamamilə yenilənir. 2021-ci ilin 25 oktyabrında 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışı oldu. Yeni enerji xətləri, fiberoptik rabitə kabelləri çəkilərək Qubadlı Azərbaycanın ümumi enerji və informasiya sisteminə qoşuldu. 2025-ci il 9 sentyabr tarixində isə Nazirlər Kabineti “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan”ı təsdiqlədi. Bu plan rayonun gələcək sosial-iqtisadi, sənaye və enerji potensialını müəyyən edir.Hazırda Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti və bərpa işləri sürətlə aparılır. Mahruzlu kəndində birinci mərhələdə 190 evin inşası planlaşdırılıb və burada 836 nəfərin məskunlaşması nəzərdə tutulur. Zilanlı kəndində isə 159 evin tikintisi ilə 772 nəfərin yerləşdirilməsi planlaşdırılıb. Hər iki yaşayış məntəqəsi “ağıllı kənd” konsepsiyasına uyğun olaraq müasir standartlarla salınır. Qubadlı rayonunun bərpası çərçivəsində mühüm nəqliyyat layihələri də icra edilir. Prezident İlham Əliyevin tapşırığı ilə 28,5 kilometr uzunluğunda Qubadlı–Eyvazlı avtomobil yolunun tikintisi aparılır. Bundan başqa, dövlət başçısının 5 sentyabr 2023-cü il tarixli sərəncamı ilə “Yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” qərar qəbul edilmişdir. Bu yolun inşası üçün Prezidentin Ehtiyat Fondundan 20 milyon manat vəsait ayrılıb.
M.Vəliyeva qeyd etdi ki, sözügedən layihələr Qubadlının həm Laçın, həm də digər azad edilmiş ərazilərlə nəqliyyat əlaqəsini təmin etməklə yanaşı, iqtisadi inkişafına güclü təkan verəcək. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş Qubadlıya dəfələrlə səfər edib. 2020-ci ilin dekabrında Qubadlıda Azərbaycan bayrağını ucaldan dövlət başçısı 2021-ci ildə “Qubadlı” yarımstansiyasının və Xanlıq–Qubadlı yolunun təməlini qoydu, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında iştirak etdi. 2022 və 2023-cü illərdə Qubadlıda su anbarlarının, məktəb, xəstəxana, inzibati bina və yaşayış məhəllələrinin təməlqoyma mərasimlərində iştirak edən Prezident İlham Əliyev azad edilmiş torpaqların bərpasına xüsusi diqqət göstərdiyini bir daha nümayiş etdirdi. Bu gün Qubadlıda yeni həyat başlanır. Azadlıqdan sonra torpağına qayıdan insanlar üçün müasir infrastruktur qurulur, sosial obyektlər inşa edilir, kəndlər yenidən salınır. Qubadlı həm azadlığın, həm dirçəlişin, həm də milli iradənin rəmzinə çevrilib. 25 oktyabr Qubadlının və bütövlükdə Azərbaycanın müzəffər tarixi, xalqımızın qəhrəmanlıq ruhunun və dövlətimizin gücünün parlaq təcəssümüdür.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı