Modern.az

Fikirlərim Ermənistanda emosional qarşılanıb - AZƏRBAYCANLI DEPUTATDAN AÇIQLAMA 

Fikirlərim Ermənistanda emosional qarşılanıb - AZƏRBAYCANLI DEPUTATDAN AÇIQLAMA 

Parlament

29 Oktyabr 2025, 11:36

Ötən həftə bir qrup azərbaycanlı ekspert Ermənistana səfər edib. Tədbir Vaşinqtonda 8 avqust 2025-ci ildə qəbul edilən Birgə Bəyanatın ruhuna uyğun olaraq sülh gündəminin irəlilədilməsinə yönəlib və bu formatda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olub.

Bundan sonra deputatların da qarşılıqlı səfərlər etməsi məsələsi gündəmə gəlib. Həmin vaxt məsələ ilə bağlı Modern.az-a danışan deputat Hikmət Babaoğlunun fikirləri Ermənistan mediasında qalmaqala səbəb olub.

"Ermənistanın Amasiya rayonunun hər qarışında mənim xatirələrim var. Mən o xatirələrə yenidən fiziki olaraq toxunmaq istəyirəm. Əcdadlarımızdan bizə miras qalan böyük maddi-mədəniyyət nümayəndələrini yenidən görmək istəyirəm. Buna görə də mən Ermənistana sevə-sevə getmək istəyərəm”, - o bildirib.

Deputatın fikirləri erməni ekspertlər tərəfindən və Ermənistandakı bəzi dairələr tərəfindən yanlış yönlədirilib.

Modern.az-a açıqlamasında Hikmət Babaoğlu fikirlərinin ərazi iddiası kimi qəbul edilməsinin səbəbini anlaşılmazlıqla izah edib:

“Bu da başadüşüləndir. Çünki 30 il davam edən münaqişədən sonra sülh üçün atılan ilkin addımlar bir qədər çətin olacaq. Ancaq ictimai müstəvidə belə addım atıldı və bir qrup azərbaycanlı ekspert artıq Ermənistana səfər etdi. Mən mediaya açıqlamamda bunu alqışladım və təqdir etdim. “Ermənistana getmək istəyərdinizmi” sualına cavabımda da səmimiydim. Dorğudan da, Ermənistan həm də mənim vətənimdir. Mən o torpaqlarda dünyaya gəlmişəm və bu gerçəyi heç kəs dəyişə bilməz. Sülhün gətirəcəyi ən böyük hadisələrdən biri onun ictimai müstəvidə dəstəklənməsi olacaq. Bu isə qarşılıqlı etimad, əməkdaşlıq və inteqrasiya mühiti formalaşdıracaq. Ona görə də qarşılıqlı səfərlərin davamlı olması vacibdir. Mən Ermənistan mənim vətənimdir deyərkən, qonşu ölkənin rəsmi adını çəkmişəm. Burada heç bir anti-sülh mövqe yoxdur. Görünür, tarixi məsələlərə toxunarkən istifadə etdiyim leksika Ermənistanda xoş qarşılanmayıb”.

Parlamentari vurğulayıb ki, bu gün daha çox sülhə fokuslanmalıyıq:

“Toponimlər məsələsi isə mənim üçün bir qədər qaranlıq qaldı. Ermənistanın yeni inzibati bölgüsündə Şirak vilayəti var. Ancaq vilayətin tərkibində Amasiya, Qukasyan və sair kimi inzibati bölgülərin necə olması barədə məlumatlı deyiləm. Ona görə də mən Amasiya deyərkən də inzibati bölgünü bilərəkdən təhrif etməmişəm. Sovet dövründən mövcud olan rəsmi inzibati ərazinin adını çəkmişəm. Ona görə də belə epizodik anlaşılmazlıqlar bir qədər Ermənistan mediasında emosional qarşılanıb. İnanıram ki, biz bu mərhələni arxaya qoyub sülhə doğru qətiyyətli addımlar ata biləcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq