Modern.az

İqlim və təhlükəsizlik bir-birindən ayrılmazdır

İqlim və təhlükəsizlik bir-birindən ayrılmazdır

Parlament

29 Oktyabr 2025, 16:04

Azay Quliyev Vyanada Xəzər dənizinin dayazlaşması və Cənubi Qafqazda formalaşan yeni siyasi reallıq barədə çıxış edib.  

Modern.az xəbər verir ki, ATƏT-in “Fəlakətlərə qarşı dayanıqlılığın və cavab tədbirlərinin gücləndirilməsində ATƏT-in rolunun artırılması” mövzusunda keçirilən Ətraf Mühit və İqtisadiyyat Ölçüsü üzrə 2025-ci il İcra İclasında çıxış edən ATƏT Parlament Assambleyasının İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin Sədri, millət vəkili Azay Quliyev çağırış xarakterli nitqində iqlim dəyişikliyi, münaqişələr və korrupsiyanın qarşılıqlı təsirlərinə diqqət çəkərək, bu problemlərin birgə şəkildə həllinin ATƏT-in təhlükəsizliyə dair hərtərəfli yanaşmasının mərkəzində dayanmalı olduğunu bildirib.

Quliyev çıxışına Finlandiya Sədrliyinə və ATƏT-in İqtisadi və Ətraf Mühit üzrə Fəaliyyətlər Koordinatoru səfir Bakıt Cüsupova təşəkkür etməklə başlayıb və ATƏT PA-nın bu istiqamətdə gördüyü işləri təqdim edib:
“ATƏT Parlament Assambleyası 323 milli parlament nümayəndəsini birləşdirərək təhlükəsizlik, iqtisadi sabitlik və ekoloji dayanıqlılıq sahəsində siyasi iradənin formalaşdırılmasına xidmət edir. Bizim vəzifəmiz fəlakətlərə qarşı mübarizədə yalnız öhdəlikləri deyil, real nəticələri təmin etməkdir”.

İqlim dəyişikliyi və qlobal təhlükəsizlik

Millət vəkili vurğulayıb ki, iqlim dəyişikliyi nəticəsində baş verən təbii fəlakətlərin artması artıq təkcə ekoloji deyil, həm də geosiyasi və sosial sabitlik problemi halını alıb:

“Ekstremal hava hadisələri, resursların tükənməsi və enerji sistemlərinin kövrəkləşməsi ekosistemləri, sülhü və sosial həmrəyliyi ciddi sınaq qarşısında qoyur. 2023-cü ildən bəri üç il ardıcıl rekord isti hava şəraiti ilə yadda qaldı, lakin cavab tədbirlərimiz hələ də yetərli deyil. Biz həm zərərin azaldılmasına, həm də uyğunlaşmaya paralel diqqət yetirməli, ən əsası – maliyyələşmə mexanizmlərini təmin etməliyik”.

Bu kontekstdə Quliyev 2025-ci ilin Porto Bəyannaməsində iqlim və təhlükəsizlik əlaqəsinin ön plana çəkildiyini xatırladıb və ATƏT-in bu istiqamətdə praktiki fəaliyyətini gücləndirməyə çağırıb.

Münaqişələr və onların ekoloji təsirləri

Azay Quliyev çıxışında Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzkar müharibəsini qətiyyətlə pisləyərək, onun yalnız humanitar deyil, həm də ekoloji fəlakətlərə yol açdığını bildirib:

“Bu müharibə istixana qazı emissiyalarının artmasına, su hövzələrinin çirklənməsinə, meşələrin məhv edilməsinə və bioloji müxtəlifliyin itirilməsinə səbəb olub. Ukraynanın bu şəraitdə nümayiş etdirdiyi dözümlülük bizim birgə fəaliyyətimiz üçün nümunədir”.

O, həmçinin ATƏT PA-nın Ukraynaya Dəstək Komandasının (PSTU) fəaliyyətindən danışaraq, parlament diplomatiyasının müharibədən sonrakı bərpa və enerji təhlükəsizliyi proseslərində rolunu vurğulayıb.

Qəzzada vəziyyət və humanitar fəlakət

Quliyev Qəzzadakı müharibənin də ağır humanitar və ekoloji nəticələrə gətirib çıxardığını diqqətə çatdırıb və atəşkəsin əldə olunmasını, girovların azad edilməsini və humanitar yardımın çatdırılmasını müsbət inkişaf kimi dəyərləndirib:

“İnsan təhlükəsizliyinin bərpası gələcək sülh danışıqları üçün əsas ilkin şərtdir. Dayanıqlılıq yalnız siyasi deyil, həm də humanitar məsuliyyət tələb edir”.

Azərbaycan və Cənubi Qafqazda yeni mərhələ

Nitqinin ən mühüm hissəsində Azay Quliyev Azərbaycan və Ermənistan arasında sülh sazişinin 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanmasını və ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulmasını Cənubi Qafqazda yeni siyasi reallığın yaranması kimi dəyərləndirib:

“Azərbaycanın müharibədən sonra atdığı cəsarətli addımlar, o cümlədən işğal zamanı Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin tam aradan qaldırılması  regionda sülh, təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün tarixi fürsət yaradır. Bu, həm də iqlim və iqtisadi çağırışların birgə həlli üçün yeni imkanların qapısını açır”.

Korrupsiya və dayanıqlılıq: təhlükəli dövran

Millət vəkili korrupsiyanın dayanıqlılığa vurduğu zərbəni xüsusi vurğulayaraq, onu “ekoloji və institusional sabitliyi dağıdan zəhərli dövran” adlandırıb:

“Ekoloji tənəzzül korrupsiyanı, korrupsiya isə ictimai inamı və dövlətlərin fəlakətlərə qarşı cavab vermə qabiliyyətini sarsıdır. Bu zərərli dövranı qırmaq ATƏT-in prioritet vəzifələrindən biri olmalıdır.”
Tövsiyə olunan prioritet istiqamətlər

Azay Quliyev fəlakət risklərinin azaldılması və hazırlığın gücləndirilməsi üçün dörd əsas istiqamətdə əməkdaşlığı genişləndirməyi təklif edib:

1.    Ümumi erkən xəbərdarlıq sistemlərinin yaradılması;
2.    Risk xəritələşdirmə və məlumat mübadiləsinin artırılması;
3.    Fövqəladə hallara hazırlıq və cavab mexanizmlərinin təkmilləşdirilməsi;
4.    İqlimlə bağlı təbii fəlakətlər üçün fövqəladə maliyyə fondlarının yaradılması.

O əlavə edib ki, süni intellekt və kvant texnologiyaları risklərin proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemlərində inqilabi rol oynaya bilər.

Xəzər dənizinin dayazlaşması: regional çağırış

Azay Quliyev Xəzər dənizinin su səviyyəsinin azalması problemini “təkcə ekoloji deyil, həm də sosial və iqtisadi təhlükə” kimi xarakterizə edib:

“Suyun azalması milyonlarla insanın dolanışığına, bioloji müxtəlifliyə və sahil infrastrukturlarına birbaşa təsir edir. İqlim dəyişikliyi ilə yanaşı, suyun qeyri-effektiv istifadəsi və koordinasiyanın çatışmazlığı vəziyyəti daha da ağırlaşdırır. Buna görə də, Xəzəryanı dövlətlər arasında koordinasiyanın gücləndirilməsi həyati əhəmiyyət daşıyır”.

COP 29-da qəbul olunan tarixi qərarlar

Quliyev xatırladıb ki, rəhbərlik etdiyi Komitə 2024-cü ildə Dublində və 2025-ci ildə Vyanada keçirilən sessiyalarda iqlimlə bağlı miqrasiya və ekoloji təhlükəsizlik mövzularına xüsusi diqqət ayırıb.
O, həmçinin COP29-un Bakıda uğurla keçirilməsini və 300 milyard ABŞ dolları illik iqlim maliyyəsi hədəfinin qəbulunu “tarixi nailiyyət” adlandırıb:

“İndi əsas məsələ COP29 qərarlarını konkret addımlara çevirməkdir. Qlobal Dayanıqlılıq Çərçivəsi və karbon bazarlarının tənzimlənməsi kimi qərarlar iqlim təhlükəsizliyinin yeni arxitekturasını müəyyənləşdirəcək.”
Sonda Quliyev parlamentlərin roluna toxunaraq bildirib:

“İctimai dəstək olmadan hökumətlərin səyləri davamlı nəticə verə bilməz. Parlamentlər bu dəstəyin təminatçısı, xalqla dövlət arasında körpü rolunu oynayır. ATƏT PA hökumətlərlə çiyin-çiyinə işləməyə hazırdır – planetimiz, xalqlarımız və gələcəyimiz naminə!”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq