Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Balakən Rayon İcra Hakimiyyətində korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.
Modern.az bununla əlaqədar 110 saylı Balakən seçki dairəsinin deputatı Nəsib Məhəmməliyevlə əlaqə saxlayıb.
Deputat saxlanılan icra başçısı ilə şəxsi münasibətinin normal olduğunu vurğulayıb:
“Mən də hadisə ilə bağlı informasiyanı saytlardan oxudum. Əgər Dövlət Təhlükəsizliyi Xidməti belə bir əməliyyat keçiribsə, demək ki, bunun üçün ciddi əsasları olub. Ancaq icra başçısı ilə mənim münasibətim normal olub”.
N.Məhəmməliyev onu da qeyd edib ki, rayon camaatı icra başçısı ilə bağlı müəyyən problemləri zaman-zaman ona bildiriblər:
“Seçicilərlə görüş zamanı İcra hakimiyyəti tərəfindən müraciəti təmin olunmayan, gecikmə kimi müəyyən şikayətlər mənə bildirilib. İcra başçısı ilə bağlı mənə deyilən şikayətlər çox da ciddi olmayıb, əsasən, məişət, hansısa torpaq məsələləri ilə bağlı idi. Mən də ünvanlı şəkildə icra başçısına müraciət edirdim, nələrsə bundan sonra həllini tapırdı.
Mən 10 ildir Balakən rayonunun deputatıyam, amma desək ki, hər şey yüksək səviyyədə olub, - bu mümkün deyil".
"Əməliyyat bu gün səhər aparıldığından mənim informasiyam olduqca məhduddur. Əməliyyatın detalları ilə bağlı hansısa məlumatım yoxdur. İndidən mənim fikir söyləməyim doğru olmaz. Məsələni istintaq müəyyənləşdirdikdən sonra həmin vəzifəli şəxslərin əməlinə hüquqi qiymət veriləcək” – deyə deputat sonda bildirib.