 
                                “Gələn həftə Şanlı Zəfərimizin 5 ili tamam olacaq. 22 il öncə ilk dəfə Prezident seçilən zamanı dövlət başçımızın müəyyənləşdirdiyi hədəflər artıq reallaşıb: Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Zəfərimizə aparan yol həmçinin Azərbaycan iqtisadiyyatının güclənməsindən və eləcə də ordumuzun maddi-texniki bazasının güclənməsindən keçdi”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat  Vüqar Bayramov bildirib.
“Zəfərimizi həzm edə bilməyən daxili marjinal siyasi qruplar son zamanlar Azərbaycanda həyata keçirilən islahatlara kölgə salmağa uğursuz cəhdlər edir və əsaslandırılmamış fikirlərini sosial şəbəkələr vasitəsi ilə yaymağa çalışırlar”.
V. Bayramovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının keçirdiyi dövrü 3 mərhələyə bölmək mümkündür. Müstəqilliyin ilk illərindəki hakimiyyətlərin yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan iqtisadiyyatı ciddi tənəzzülə qədəm qoydu.
“AXC-Musavat qrupunun iqtidarı dövründə iqtisadiyyat ciddi böhran mərhələsində qədən qoydu və sənaye və kənd təsərrüfatı istehsalı 2.7 dəfə azaldı. 1993-2003-cü illərdə Milli Liderin yeni hakmiyyətdə olduğu dövrdə tənəzzülün qarşısı alındı və iqtisadiyyat inkişaf mərhələsinə qədəm qoydu. 1995-ci ildən başlayaraq Azərbaycanda əvvəlki hakimiyyətlərin dövründə dərinləşən tənəzzül inkişaf ilə əvəz olundu. 1996-2002-ci illərdə ÜDM 71 faiz artdı. Bu müddətdə kənd təsərrüfatında 40.3 faiz, nəqliyyat və rabitədə 4,2 dəfə olmuş, tikintidə 5 dəfə və ticarətdə isə 1,9 dəfə artıb qeydə alındı. Bu o deməkdir ki, indiki toksit müxalifətin iqtidarda olduğu dövrdə yarıtmaz idarəetmə nəticəsində toksitləşdirdiyi iqtisadiyyat məhz Milli Liderimizin rəhbərliyi sağlamlaşdırıldı və yeni inkişaf mərhələsinə qədəm qoydu”.
“İlham Əliyevin 22 illik Prezidentliyi dövründə isə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb. Son 22 ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 dəfə, xərcləri isə 18 dəfə artıb. Bu müddətdə dövlət büdcəsinin gəlirləri 30 dəfə artıb. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 80 milyard dollara çatıb. Əldə edilən uğurlar yeni dövrdə iqtisadi islahatların dərinləşməsi ilə daha da möhkəmlənməkdədir” – deyə deputat vurğulayıb.
Vüqar Bayramov sonda vurğulayıb ki, yeni dövrün yeni hədəfləri Azərbaycan iqtisadiyyatı üçün vacib imkanlar deməkdir.
“Yeni hədəflər kontekstində Azərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi, o cümlədən rəqabətin gücləndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, gizli iqtisadiyyatın aradan qaldırılması kimi strateji tədbirləri müşahidə edəcəyik. Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycan yeni uğurlara imza ataraq inkişaf dinamikasını daha da gücləndirəcək”.