Qanun layihəsinin 15-ci maddəsində göstərimiş icmal büdcənin xərclərinin yuxarı həddi ilə bağlı hesablamalarımızda uyğunsuzluqlar var.
Belə ki, icmal büdcənin tərkibindəki bəzi qrup daxili əməliyyatlar icmal büdcədə nəzərə alınmalı olduğu qənaətinə gəlmişik.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
“Dövlət büdcəsinin xərcələri ilə bağlı əlavələrdə strategiya tədbirlərinin həyata keçirilməsi üçün vəsaitlər yalnız əsas icraçılar üçün nəzərdə tutulmuş, digər icraçılar üçün xərclər ayrıca qeyd edilməmişdir. Strategiyada müəyyən edilmiş bəzi hədəflər də 2026-cı ilin sonuna proqnozlaşdırılan göstəricilər arasında uyğunsuzluqla izlənilmişdir. Vəsait ayrılması nəzərdə tutulan tədbirlər arasında icra müddəti bitmiş tədbirlərə də rast gəlinir. Strategiyanın əksər tədbirləri üzrə qeyri-maliyyə xarakterli məlumatlar təqdim edilməyib ki, bu da hədəflərə nail olmaq imkanlarının qiymətləndirilmısində bizdə çətinlik yaradır”.
Əsas məqamları bildirən V, Gülməmmədov qeyd edib ki, qanun layihəsinə əsasən növbəti ildə gəlirlər cari ilin eyni göstəricisindən 253 milyon manat çox olması planlaşdırılır.
"Lakin Dövlət Neft Fondundan transferin əhəmiyyətli azaldılması fonunda artımın tamamilə vergi daxilolmaları hesabına təmin ediləcəyini ifadə edir. Qeyd edim ki, növbəti ildə Dövlət Neft Fondundan transferlər cari ilin proqnozları ilə müqayisədə 1,6 milyard manat azalması nəzərdə tutulur. Növbəti ilin dövlət büdcəsində vergi gəlirləri 21,4 milyard manat təşkil etməklə cari ilin proqnozu ilə müqayisədə 8,9 faiz çox proqnazlaşdırılır. Onun ümumi gəlirlərdə payının cari ilin proqnoz göstərici ilə müqayisədə 4,2 faiz çox olmaqla 55,4 faizə bərabər olacağı gözlənilir. Dövlət vergi xətti ilə qeyd edildiyi kimi, 2026-cı ildə təminedilməli daxilolmalar 16,9 milyard manat proqnozlaşdırılır. Apardığımız təhlillər göstərir ki, növbəti ildə dövlət vergi xətti ilə daxilolmalar üzrə proqnozlaşdırılan gəlirlərin reallaşmasında ciddi risklər yaranmayacaq".