Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması qaydalarında dəyişiklik edilir.
Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.
Qanun layihəsində yuxarıda sözügedən istisnanın aradan qaldırılması təklif edilir.
191.5-ci maddədə bildirilib ki, bu Məcəllə ilə müəyyən edilən aksizli mallara tətbiq edilən aksiz dərəcələrinin “Tibbi sığorta haqqında” Qanunla müəyyən edilmiş hissəsi icbari tibbi sığorta fonduna ödənilir.