Azərbaycanda siyasi partiyalar müvafiq qanuna uyğun olarsa, yaradılması mümkündür.
Bunu Modern.az-a Milli Məclisin üzvü Azər Badamov deyib.
O qeyd edib ki, Azərbaycanda kommunist ideologiyasına xidmət edən partiya mövcud deyil:
“Partiyaların qeydiyyatdan keçməsi üçün müəyyən tələblər var və bu tələblər çərçivəsində partiya yaratmaq mümkündür. Ancaq Azərbaycanda “kommunist partiyası” deyilən rəsmi bir partiya yoxdur, fəaliyyət göstərmir. Nə Milli Məclisdə, nə də Milli Məclisdən kənarda müxalifətdə belə bir partiya mövcud deyil.
"Siyasi partiyalar" haqqında qanun var. Həmin qanunda partiyaların təsis olunması üçün tələblər müəyyən edilib. O tələblərə uyğun olaraq müvafiq prosedurlardan keçən təşkilatlar siyasi fəaliyyət göstərə bilər. Yəni hər hansı qrup öz siyasi fikirlərini ifadə etmək üçün partiya yaratmaq istəyirsə, siyasi partiyalar haqqında qanunun tələblərinə əməl etməlidir. Ölkəmizdə insanların hüquq və azadlıqları konstitusiya ilə qorunur. Kimin hansı siyasəti dəstəkləməsi onun şəxsi seçimidir. Amma mən düşünürəm ki, sosializm dövrü Azərbaycana müsbət heç nə vermədi. Azərbaycanın müstəqilliyini əlindən aldı. Bizim taleyimizə özümüzün hökm vermək imkanlarımızı məhdudlaşdırdı. Milli sərvətlərimizə sahib olmamızın qarşısını aldı. Bu baxımdan mən sosializmi dəstəkləmirəm”.
Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.
DİN tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.
İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub.
Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.
Cavid Zahidoğlu