Modern.az

Azərbaycandan Rusiyaya növbəti səfər: Badamov olayından sonra nə dəyişdi?

Azərbaycandan Rusiyaya növbəti səfər: Badamov olayından sonra nə dəyişdi?

Parlament

11 Dekabr 2025, 13:28

Azərbaycandan Rusiyaya səfərlər fonunda deputatlara fərqli yanaşmalar son dövrün diqqətçəkən siyasi mövzularından birinə çevrilib. Bir neçə ay öncə Milli Məclisin deputatı Azər Badamovun Rusiya ərazisinə buraxılmaması Bakının narazılığına səbəb olmuşdu.

Dekabrın 2-si azərbaycanlı deputatların Rusiyaya növbəti səfəri baş tutub. Belə ki, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Eyvaz Qurbanov və Razi Nurullayev Moskva və Sankt-Peterburqda MDB formatında keçirilən beynəlxalq tədbirlərdə iştirak ediblər.

Son səfər, xüsusilə də Badamov hadisəsindən sonra, Rusiya tərəfindən azərbaycanlı deputatlara münasibətin dəyişib-dəyişməməsi ilə bağlı suallar doğururdu. 

Modern.az-a açıqlamasında deputat Razi Nurullayev qeyd edib ki, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi Moskva və Sankt-Peterburqa səfəri sosial mediada müəyyən müzakirələrə səbəb olsa da, o nəticələri müsbət qiymətləndirib.

"Bir məsələni xüsusi vurğulamaq istəyirəm: Azərbaycan-Rusiya münasibətləri son dövrlərdə nəzərəçarpacaq dərəcədə yaxşılaşıb və davamlı dialoqa əsaslanır. İki ölkə arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Biz parlament nümayəndələri olaraq dövlətimizin apardığı kursa, ölkəmizin və xalqımızın maraqlarına uyğun şəkildə fəaliyyət göstəririk".

Deputat qeyd edib ki, onlara olan yanaşma pozitiv olub:

"Səfər zamanı həm Moskva, həm də Sankt-Peterburqda bizə olan yanaşma çox pozitiv idi. Həm rəsmi qurumlar, həm də parlament nümayəndələri tərəfindən hörmət, diqqət və əməkdaşlıq ruhu açıq şəkildə hiss olunurdu. Qarşı tərəfin dialoqa marağı və konstruktiv münasibəti əməkdaşlığın real olaraq irəlilədiyini göstərirdi".

"Ümumilikdə, səfər həm parlamentlərarası münasibətlərin inkişafı, həm də iki ölkə arasında qarşılıqlı etimad mühitinin möhkəmlənməsi baxımından faydalı oldu. Biz də öz növbəmizdə Azərbaycanın milli maraqlarını qorumaq və dövlətimizin həyata keçirdiyi siyasətin parlament səviyyəsində icrasını təmin etmək üçün üzərimizə düşən işi gördük"- R. Nurullayev qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?