Modern.az

Azərbaycanlı və erməni deputatlarının görüşü hər an baş tuta bilər

Azərbaycanlı və erməni deputatlarının görüşü hər an baş tuta bilər

Parlament

11 Dekabr 2025, 14:42

Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə açıqlamasında İstanbulda keçiriləcək Parlamentlərarası Birliyin konfransı çərçivəsində azərbaycanlı həmkarı ilə görüşün mümkünsüz olmadığını bildirib.

“Hələ konkret danışıq olmasa da, hesab edirəm ki, İstanbuldakı Parlamentlərarası Birliyin konfransı çərçivəsində mənimlə Azərbaycan parlamentinin sədri arasında əlavə görüşlər baş tuta bilər”,-o deyib.

Simonyan həmçinin gələcəkdə parlament üzvləri ilə daha geniş formatlı görüşlər təşkil etmək imkanlarını da müzakirə edəcəklərini və bunun artıq hansısa beynəlxalq kontekstdən asılı olmadığını, öz qərarları ilə mümkün olduğunu söyləyib.

Bu, iki ölkə deputatlarının görüşü məsələsini yenidən gündəmə gətirir. Belə bir görüşün nə vaxt baş tutacağı isə maraq doğurur.

Modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri Zahid Oruc bildirib ki, dövlət başçıları ilə yanaşı, digər bir neçə xətlər üzrə də Ermənistanla təmaslar, kommunikasiyalar davam edir:

“Ölkə rəhbərlərinin bəyan etdiyi kimi, həqiqətən də, sülh erası başlayıb. Gələcək dövrdə daha fərqli kontingentlərin, sosial qrupların, eləcə də deputatların görüşlərini gözləyə bilərik. Bu sülh proseslərinin yalnız dövlətlər arasındakı müqavilələrlə deyil, insanların bilavasitə rəyinə söykəmənsindən irəli gəlir. Parlament rəhbərləri arasında bundan əvvəl bir neçə dəfə görüşlər keçirilib. Öz-özlüyündə bu həm də beynəlxalq praktikada uğurlu təcrübədir. Parlament diplomatiyası uğurlu təsir rıçaqlarından biridir, çünki orada xalqın iradəsini təmsil edən insanlar fəaliyyət aparırlar".

Komitə sədrinin fikrincə, İstanbulda parlament sədrlərinin görüşü əlavə məqamları nəzərə almağı tələb edir:

"Çünki Türkiyə tərəfi maksimum dərəcədə prosesin geridönməz xarakter almasını istəyir. Vətən müharibəsində qələbəmiz Türk dünyasının maraqlarına xidmət etməklə yanaşı, şübhəsiz ki, qardaş ölkənin əleyhinə olan uzun illər başqa güclərin, dövlətlərin vasitəsilə körüklənən siyasətlərin də aradan qalxmasına şərait yaradır. Məsələn,  saxta soyqırımı kampaniyaları Türkiyəyə təzyiqlərin əsas vasitəsiydi. Məhz buna görə də, Ermənistan Türkiyə ilə sərhədləri açmağı, heç bir şərt qoymadan münasibətləri bərpa etməyi, Zəngəzur dəhlizinin açılmasını və bu bölgədə Türkiyə ilə Azərbaycan arasında mövcudluğunu qərarlaşdırıb. Yeri gəlmişkən, bizim üçün hazırda həm də vətəndaş cəmiyyətlərinin görüşünün faydalı olduğunu söyləməliyik. İrəvanda, daha sonra Bakıda keçirilən bu görüşlər pozitiv mesajların açıqlanmasına səbəb oldu. Elə məhz o dönəmlərdə Qazaxıstan taxılının Azərbaycandan keçməklə Ermənistana çatması reallaşdı ki, sülh müqaviləsi imzanmamış atılan bu addın bölgə üçün ən böyük mesajlardan biriydi. Tarixi 8 avqust Vaşinqton zirvəsi qələbəmizin rəsmiləşməsi deməkdir. Ən başlıcası Trampın iştirakı ilə əldə edilən razılaşmaların praktikada reallaşmasıdır. Bizim üçün indiki halda tranzit məhdudiyyətlərin aradan qalxması, Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyanın Doha forumundakı birgə çıxışı, “Euronews” kanalına müsahibə, qlobal çapda bu mesajların səslənməsi demək idi. Və belə şəraitdə neft və neft məhsullarının Gürcüstan üzərindən Ermənistana çatdırılması və Paşinyanın Almaniyada bu məsələni yüksək qiymətləndirməsi o anlama gəlir ki, artıq, həqiqətən, barış prosesi xarici güclərin iradəsindən asılı deyil. Təmaslar artıq bilavasitə yaranıb. Bundan sonrakı dövrdə işğal reallıqları unudula bilməz. Digər tərəfdən, ölkəmizin rəhbəri gələcəyə doğru strategiyanı başladıb və bu prosesin əsas hədəfi Azərbaycanın qələbəsinin coğrafiyasını genişləndirməkdir. Parlamentlərin sədrləri səviyyəsində keçirilən görüşlər də liderlər tərəfindən müəyyənləşən sülh gündəliyinə təkan verən addımlardan biridir".

Milli Məclisin komitə sədri Fazil Mustafa parlament sədrləri və deputatların iştirakı ilə geniştərkibli görüşlərin istənilən vaxt baş tuta biləcəyini vurğulayıb:

"Bu cür görüşlər gözlənilir və istənilən vaxt baş tuta bilər. Çünki münasibətlər bu görüşlər səviyyəsindədir və müəyyən əlaqələrin qurulmasında oynadığı rol vacibdir. Lakin indiki məqamda konkret nəsə demək mümkün deyil".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?