Modern.az

Ümummilli Liderin irsi müasir Azərbaycanın dayağıdır 

Ümummilli Liderin irsi müasir Azərbaycanın dayağıdır 

Parlament

11 Dekabr 2025, 19:13

Ulu Öndər, dahi şəxsiyyət, Ümummilli liderimiz Heydər Əliyevi vəfatının 22-ci ildönümündə hörmətlə anırıq. Heydər Əliyev, Azərbaycanın müstəqillik qazanmasından sonra ölkənin inkişafı istiqamətində atdığı addımlarla böyük bir irs qoymuşdur.

 

Sovet dövründə — 1969–1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında respublikada geniş sənaye və infrastruktur layihələri həyata keçirilmiş, neft sektorundan başqa sahələrdə — kənd təsərrüfatı, sənaye istehsalı, tikinti və sair sahələrin inkişafı sürətlənmişdir. Onun dövründə Azərbaycanda sənaye müəssisələrinin sayı artmış, iqtisadiyyat modernləşmiş, əmək məhsuldarlığı və gəlirlər yüksəlmişdir. Bu, yalnız sovet dövrünün deyil, müstəqillik dövrünün iqtisadi əsaslarının formalaşması üçün də zəmin yaratmışdır.

 

Müstəqillik illərində Heydər Əliyevin rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə müasir Azərbaycanın ilk Konstitusiyası qəbul edilmişdir. Bu, ölkənin hüquqi-siyasi əsaslarının möhkəmlənməsi baxımından çox önəmli idi. Eyni zamanda, plüralist siyasi sistemin formalaşması, mətbuatın, milli, müstəqil medianın təşəkkülü istiqamətində addımlar atılmış, söz və informasiya azadlığına önəm verilmişdir. Bu siyasi islahatlar sayəsində Azərbaycan dövləti yalnız adətən formalaşmış yox, həm də hüquqi, institusional bazaya malik olmuşdur.

 

Heydər Əliyev “Azərbaycançılıq” ideyasını milli kimlik, milli ruh, tarixi yaddaş və mədəni dəyərlərin bərpası və qorunması prizmasından önə çəkmişdir. Onun təşəbbüsü ilə tarixi memarlıq və mədəni irs abidələrinin qorunması üçün addımlar atılmışdır. Eyni zamanda, Ulu Öndər təhsil, elm və mədəniyyət sahələrinin inkişafına böyük önəm vermişdir.

 

Heydər Əliyev sosial rifah, vətəndaşların sağlamlıq, sosial müdafiə və mənafeyinin təminatı kimi məsələləri prioritetə çevirərək, “sosial dövlət” modelinin əsaslarını qoymuşdur. Bu modelin təməli onun dövründə formalaşmış və müstəqillik illərindən hal-hazırki dövrə kimi davam etdirilmişdir.

 

Ümummilli Liderin dövründə və sonrakı illərdə Azərbaycanın beynəlxalq aləmdə mövqeyi güclənmiş, ölkəmizin strateji mövqeyi nəzərə alınaraq balanslı və müstəqil xarici siyasət xətti formalaşdırılmışdır. Bu siyasət müasir dövrdə Azərbaycanın regionda və beynəlxalq arenada nüfuzlu aktor kimi tanınmasına imkan yaratmışdır. Onun siyasəti nəticəsində yaradılmış sosial, iqtisadi, mədəni, hüquqi və institusional baza müasir Azərbaycanın dayanıqlı və inkişaf edə bilən dövlətə çevrilməsində əsas rol oynamışdır.

 

“Azərbaycançılıq” ideologiyası və milli kimlik, milli ruhun bərpası prosesləri xalq arasında böyük özünüdərkin yaranmasına, milli mənlik şüurunun bərpa edilməsinə xidmət etmiş, yeni nəsillərin formalaşmasına şərait yaratmışdır. Ulu Öndərin Elm, təhsil və mədəniyyətə verdiyi önəm sayəsində Azərbaycanın intellektual potensialı artmış, gənc kadrların formalaşdırılması həyata keçirilmiş, cəmiyyətin maariflənməsi istiqamətində mühüm addımlar atılmışdır. Onun ideyaları, siyasi kursu və dövlətçilik modeli bu gün müstəqil Azərbaycanda uğurla davam etdirilir.

 

Beləliklə, Heydər Əliyevin irsi nəinki onun dövründə xalqımıza və dövlətimizə xidmət etdi, həm də gələcək nəsillərə, müasir, müstəqil, milli dövlət ideyaları ilə yaşamağı seçmiş ölkəyə miras qaldı.

 

Ulu Öndərin ruhu şaddır. Çünki bu gün, müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu hərbi-siyasi rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın işğal altında olan beynəlxalq səviyyədə tanınmış torpaqlarımızı işğaldan azad etmiş, Ulu Öndərin arzusunu reallaşdırmışdır.

 

Heydər Əliyev Azərbaycanın müasir tarixinin ən mühüm şəxsiyyətlərindən biri olaraq, xalqın yaddaşında və qəlbində əbədi olaraq yaşayacaqdır.

 

Allah rəhmət eləsin!

 

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?